“Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda tədbir keçirilmişdir.

Çap

Bu gün “8 mart Beynəlxalq Qadınlar Günü” münasibətilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək öncə tədbir iştirakçılarını və muxtar respublika qadınlarını təbrik etmiş, onlara uzun ömür, can sağlığı və gələcək işlərində uğurlar arzu etmişdir. Komitə sədri bildirmişdir ki, Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsipləri ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin dövlət qadın siyasətinin həyata keçirilməsinə dair müəyyən etdiyi strateji xətt Azərbaycan xalqının fundamental dəyərlər sisteminə söykənir. Ümummilli Lider ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahədə öz layiqli yerini tutması, cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirmişdir.

Bu gün ölkəmiz qadın hüquqları sahəsində möhkəm milli hüquqi baza formalaşdırmaqla yanaşı, eynizamanda qadın hüquqlarına dair bir sıra beynəlxalq sənədlərə qoşulmuşdur.

 

Həmçinin ölkəmizin sosial-iqtisadi, elmi-mədəni yüksəlişi Azərbaycan qadınının ictimai mövqeyinin kompleks şəkildə möhkəmlənməsi üçün münbit imkanlar yaradır. Dövlətçilik sisteminin elə bir sahəsi yoxdur ki, qadınlar orada təmsil olunmasın, uğur qazanmasın. Azərbaycan qadını tarixən olduğu kimi, bu gün də milli-mənəvi dəyərlərimizin qorunaraq yaşadılmasında, həmçinin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında təqdirəlayiq töhfələrini verməklə yanaşı, ümumən cəmiyyətin inkişafında aparıcı statusa malikdir. Bütün bunlar bilavasitə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasətinin, qadın amilinə verilən müstəsna dəyərin nəticəsidir.

 

Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən dövlət-qadın siyasəti ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycanda qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirərək demişdir: “Gələcəyini düşünən hər bir ölkə qadına yüksək dəyər verir. Bu gün Azərbaycan qadınları da cəmiyyətin hər bir sahələrində uğurla çalışır. Təhsili, dünyagörüşü və mədəni səviyyəsi ilə seçilir. Eləcə də ölkəmizi beynəlxalq aləmdə təmsil edir. Eyni zamanda bu gün qadınlarımız ailənin aparıcı qüvvəsidir. Çünki ölkəmizin gələcəyi vətənpərvər və təhsilli gənclərdən asılıdır. Vətənpərvər, təhsilli və dünyagörüşlü gənclərin yetişməsində isə anaların böyük əməyi vardır”.

Ramilə Seyidova qeyd etmişdir ki ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyəti ildən-ilə artır. Bunu statistik rəqəmlər də təsdiq edir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 11-i qadındır. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsilçiliyi də sürətlə artmaqdadır. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 24 min 840-ı, yaxud 44 faizi qadındır ki, onların da 104-ü ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 215-ni qadınlar təşkil edib ki, onların da 9-u bələdiyyə sədridir. Eyni zamanda Naxçıvan qadınları muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Belə ki, muxtar respublikada Ombudsman, nazir, komitə sədri, icra başçılarının müavinləri, rektor, hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Həmçinin dövlət qulluğunda işləyənlərin 21, təhsil sahəsində işləyənlərin 68, mədəniyyətsahəsində işləyənlərin 65, səhiyyə və sosial təminat sahəsində işləyənlərin isə 76 faizi qadınlardır. Təhsil, mədəniyyət, səhiyyə və sosial xidmət müəssisələrində 111 qadın rəhbər vəzifələrdə çalışır. Muxtar respublikada qadınlarımızın idmana cəlb edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, 9 mindən artıq qadın idmanın müxtəlif növləri ilə məşğul olur ki, bu da idmanla məşğul olanların 25 faizi deməkdir. Naxçıvan qadınları Azərbaycan elminə mühüm töhfələr verərək elmi dərəcələr almışlar. Belə ki, muxtar respublikada elmlər doktorlarının 4-ü, fəlsəfə doktorlarının isə 100-ü qadındır. Bu da ümumi elmi dərəcəsi olan şəxslərin 35 faizini təşkil edir. 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 48 faizini, yəni 819-nu qızlar təşkil etmişdir ki, bunların içərisində 500-700 intervalında bal toplayanların 172-si, yaxud 61,2 faizi qızlar olmuşdur.

Həmçinin Komitə sədri qeyd etmişdir ki, qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuşdur.

Eyni zamanda qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün də bir sıra tədbirlər görülür, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur.

Muxtar respublikada qadınlar ildən-ilə kiçik və orta sahibkarlıq fəaliyyəti sahəsində geniş imkanlarla əhatə olunaraq müvafiq sahədə təmsil olunmağa başlayıblar. Hazırda muxtar respublikada 940 ailə təsərrüfatı qeydiyyata alınmışdır ki, bunun da 67-si qadınlar tərəfindən idarə olunur. Bununla yanaşı, qadınların istedad, bacarıq və potensiallarının üzə çıxarılması, həmçinin ailə və milli dəyərlərimizi, adət-ənənələrimizi qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə onların rəsm və əl işlərindən ibarət sərgi-satışlar keçirilir.

Bununla yanaşı Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, muxtar respublika qadınlarının 166-sı Azərbaycan Respublikasının, 172-si isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülmüş, 148 qadın orden, medal və nişanlarla təltif olunmuşdur.

Ramilə Seyidova yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə bütün muxtar respublika qadınları adından Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.

Sonra Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək vurğulamışdır ki,  Azərbaycan qadını tarix boyu cəmiyyətin aparıcı qüvvəsi kimi milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın inkişafına oz dəyərli töhfələrini verməklə beynəlxalq qadın hərəkatının fəal iştirakçısına çevrilmişlər. Hələ VIII əsr bundan əvvəl böyük memarımız Əcəmi Naxçıvani möhtəşəm Möminə Xatın türbəsini bina etməklə şərqdə qadın - ana adının nə qədər uca tutulduğunu bütün dünyaya nümayiş etdirmişdir. Həmçinin qeyd etmişdir ki, dövlətin qayğısını daim üzərində hiss qadınlarımız bundan sonra da muxtar respublikamızın inkişafı naminə səylə çalışacaq, gənc nəslin Azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiqlik ruhunda tərbiyə olunmasında səmərəli fəaliyyətlərini davam etdirəcəklər.

Mirsənani Seyidov çıxışının sonunda muxtar respublika qadınlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, onlara can sağlığı arzulamışdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirmişdir ki, Azərbaycan qadını öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə xalqımızın milli mənəvi dəyərlərinin formalaşmasında müstəsna rol oynamışdır. “Kitabi-Dədə Qorqud”un qadın surətləri bu gündə oz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəviyyatı ilə səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri verilmişdir. Xalqımızın mədəniyyətinin və  elminin inkişafında orta əsrlərdən başlayaraq Azərbaycan qadınının fəaliyyəti daim zənginliklərlə ifadə olunmuşdur. Həmçinin vurğulamışdır ki, mədəniyyət sahəsində 2500-ə yaxın qadın çalışır, onların əməyinə daim yüksək qiymət verilmişdir. Belə ki, 14 nəfər Azərbaycan Respublikasının, 29 nəfəri isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına laiq görülmüşlər.

N.Qədimova  bütün sahələr kimi mədəniyyət sahəsində də çalışan qadınların əməyinin yüksək qiymətləndirilərək, qadınlarımıza göstərilən diqqət və qayğıya görə mədəniyyət sahəsində çalışan qadınlar adından Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.

N.Qədimova çıxışının sonunda muxtar respublika qadınlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, onlara can sağlığı arzulamışdır.

Həmçinin tədbirdə Naxçıvan Dövlət Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Günnar Fərəcova da çıxış etmişdir.

Bayram tədbirində  muxtar respublikada ictimai-siyasi fəaliyyəti ilə seçilən 50 qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrı, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Naxçıvan şəhər 11 nömrəli Uşaq Bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, mahnı və rəqs nömrələri ifa olunmuşdur.

Sonda istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət sərgiyə baxış olmuşdur. Sərgidə 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 ailə təsərrüfatı məhsulu nümayiş olunmuşdur.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi , və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir.

Həmçinin bütün tədbir iştirakçılarına hədiyyələr verilmişdir.