Ordubad rayonunun Vənənd kəndində tədbir keçirilmişdir

Çap

Ordubad rayonunun Vənənd kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün çalışmalıdır. Həmçinin qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi üçün ailə planlaşdırılması məsələsinə xüsusi diqqət verilməsi, erkən nikahların fəsadları, sağlam uşaqların doğulması üçün qadınların hamiləlik dövründə müvafiq analizlərdən keçirilməsi, nikahdan əvvəl irsi qan xəstəliklərinin, virusların yoxlanılmasının vacibliyi haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Komitə sədri həmçinin qeyd etmişdir ki, aparılan təhlillər zamanı məlum olmuşdur ki, muxtar respublikada ana və uşaqlara göstərilən qayğının və aparılan maarifləndirici tədbirlərin nəticəsində sağlamlıq imkanları məhdud uşaqların sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalmışdır.

Ramilə Seyidova qeyd edib ki, Ordubad rayonu üzrə 17921 uşaq vardır ki, bu uşaqlardan da 143-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu da ümumi uşaqların 0.79 faizini təşkil edir. Muxtar respublika üzrə 1847 sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqların da 7.74 faizi Ordubad rayonunun payına düşür. 143 (54 qız, 89 oğlan) sağlamlıq imkanları məhdud uşaqdan 98-i  (37 qız, 61 oğlan) anadangəlmə, 45-i isə (17 qız, 28 oğlan) sonradan qazanılma xəstəliklər səbəbindən sağlamlığını itirmiş uşaqlardır.

Ordubad rayonunun Vənənd kəndi üzrə 9 (7 oğlan, 2 qız) sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqlardan 7-si (6 oğlan, 1 qız) anadangəlmə, 2-si isə (1 qız, 1 oğlan) sonradan qazanılma xəstəliklər səbəbdən sağlamlıqlarını itirmişlər. Anadangəlmə 3 oğlan, 1 qızda anadangəlmə anomaliyalar, (inkişaf qüsurları), deformasiyalar və xromoson pozğunluqları, 2 oğlanda sinir sisteminin xəstəlikləri, 1 oğlanda perinatal dövrdə meydana çıxan xüsusi hallar aşkar edilmişdir.

“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Ordubad rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, psixi pozğunluqlar və davranış pozğunluqlarının yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.