Əzimkarlığı və əməksevərliyi ilə özündən sonrakı nəsillərə örnək olan ictimai xadim, qəhrəman qadın!

Çap

Əsrlərin yaddaşında qalan izlər qadınlarımızın qəhrəmanlıqla dolu keçmişindən söz açır, onların göstərdikləri fədakarlıqlar, rəşadətlər bugünkü qadınlarımızın ilham qaynağına çevrilmişdir. Şərq dünyasında özünəməxsusluğu ilə seçilən Azərbaycan qadını istər əmək cəbhəsində, istərsə də mədəniyyət, incəsənət, iqtisadiyyat sahəsində yüksək işgüzarlıq, peşəkarlıq, zəhmətsevərlik nümayiş etdirərək nailiyyətlər qazanmışlar. Belə keşməkeşli inkişaf yolu keçmiş Azərbaycan qadınlarından biri də Sosialist Əməyi Qəhrəmanı, öz zəhməti ilə saysız-hesabsız medal və mükafatlara layiq görülmüş, dəfələrlə SSRİ və Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmiş, xalqın elçisi adını qazanmış Bahar xanım Talıbovadır.
Xoş xatirə kimi bu gün yaddaşlarda yaşayan görkəmli əmək qəhrəmanı, şöhrəti dillərdə gəzən torpaq, zəhmət adamı Bahar xanım Talıbovanın adı keçmiş sovetlər birliyində ən uca tribunalarda çəkilən ictimai xadim, qürur, iftixar mənbəyidir. Çünki, əməksevər bu Azərbaycan qadını işi və əməli ilə nəinki öz ölkəsində, hətta ölkəmizin hüdudlarından kənarda da xalqımızın adını uca tutmuşdur. Budur əsl Azərbaycan qadını, budur əsl vətəndaş.

Bahar xanım Talıbova 1927-ci il mart ayının 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açmışdır. Böyük vətən Müharibəsi başlananda Bahar Talıbova Şərur rayonundakı Qarxun kənd yeddillik məktəbinin beşinci sinfində oxuyurdu. Atasının müharibədə həlak olması ona böyük təsir etmiş, ailəni dolandırmaq üçün məktəbdən ayrılmadan anası Xədicə xanımla çiyin-çiyinə kolxozda işləmişdir. 1943-cü ildə Şərur rayonunun Qarxun kənd məktəbini bitirdikdən sonra “Zəhmət” kolxozunda əmək fəaliyyətinə başlayan Bahar xanım Talıbovanın 16 yaşında adına ilk əmək kitabçası yazılmış, 1951-ci ildən Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləmiş, öz əzmkarlığı ilə həmişə seçilmiş, əmək cəbhəsində böyük nailiyyətlər qazanmış, müasir dövrdə Azərbaycan qadın qəhrəmanları seriyasının başlanğıcı olmuşdur.
Səmimilik, alicənablıq, əməksevərlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, vətənpərvərlik, xalqına, vətəninə və torpağına, ailəsinə bağlılıq, yüksək əxlaq – bunlar Bahar xanım Talıbovaya xas cəhətlər idi. Bu yüksək mənəvi keyfiyyət gərək insanın bütün həyatının mahiyyətini ifadə etsin. Bahar Talıbovanın həyatında bütün bunlar ehtiva olunmuş, öz bacarığı, işgüzarlığı ilə seçilmiş, gərgin zəhmətlə, fədakar əməklə ən qısa müddətdə qabaqcıl bir təsərrüfatçı kimi tanınmışdır.
Bahar xanım Talıbova həddən artıq nizam-intizamlı, ciddi və özünə qarşı tələbkar idi, başqalarından da bunu umurdu. Mənəvi borc və məsuliyyət duyğuları onu bircə an da tərk etmirdi. Bahar Talıbova sözün ən yüksək mənasında qadın olaraq qalmağı da bacarmışdı. Çünki o, zəhmətkeş, yüksək mədəniyyət sahibi olmaqla yanaşı, həm də bir o qədər əsl Azərbaycan qadınına xas olan incə hissiyyata malik insan idi. Bu lətafətli qadın ömrünün mənasını ən çətin məqamlarda insana kömək əli uzada bilməkdə görürdü.
“Məni torpaq böyütdü, torpaq şöhrətləndirdi. Mən torpağa əyildim, torpaq da mənə güc-qüvvət verdi” – deyən Bahar xanım Talıbova öz zəhməti ilə adilikdən zirvələrə ucalmış, istər öz dövrünün, istərsə də sonrakı dövrlərin adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyi adını qazanmışdır.
Böyük Vətən Müharibəsi dövründə və müharibədən sonrakı illərdə əməyi qiymətləndirilən Bahar Talıbova ilk dəfə 1941-1945-ci illərdə arxa cəbhədə “Rəşadətli əməyə görə” medalı ilə təltif edilmişdir.
Şərur rayonundakı Mehdi Hüseynzadə adına kolxozun manqa başçısı Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının “Pambıq ustası” fəxri adının verilməsi haqqında Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1959-cu il 19 oktyabr tarixli büro qərarında deyilir: “Mehdi Hüseynzadə adına kolxozda Bahar Məhərrəm qızı Talıbovanın başçılıq etdiyi manqanın öhdəsində olan 10 hektar pambıq sahəsində bol məhsul yetişdirməklə dövlətə 300 sentner birinci növ kimi pambıq məhsulu verərək planı 145 faiz yerinə yetirib, əlavə öhdəçilik uğrunda ciddi mübarizə apardığından ona Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının “Pambıq ustası” fəxri adı verilsin”. Bu tövsiyyə əsas götürülərək Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 27 oktyabr tarixli Fərmanı ilə Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının “Pambıq ustası” fəxri adı verilmişdir.
1959-cu ildə manqa başçısı işləyərkən 12 hektar sahənin hər hektarından 60 sentner pambıq götürdüyündən Bahar Talıbovaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-də ən yüksək fəxri ad olan Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, “Azərbaycan SSR-nin qırx illiyi şərəfinə” yubiley medalı, Lenin ordeni və “Oraq və çəkic” qızıl medalı ilə təltif olunmuşdur. O, bu yüksək zirvəni 33 yaşında fəth etmişdir. Qeyd etmək lazımdır ki, Bahar Talıbova o dövrdə Naxçıvan Muxtar Respublikasında bu ada bu yaşda layiq görülən birinci qadın idi.
1964-cü il aprelin 29-da Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi muxtar respublikanın kənd təsərrüfatında çalışan əməkçilərə Azərbaycan SSRİ-nin fəxri adlarının verilməsi haqqında məsələ müzakirə edərək Şərur rayonundakı Mehdi Hüseynzadə adına kolxozun manqa başçısı Bahar Talıbovaya Azərbaycan SSRİ-nin “Əməkdar pambıqçısı” fəxri adının verilməsi barədə qərar qəbul etmişdir.
Həmçinin qazandığı yüksək nailiyyətlər nəzərə alınaraq 1966-cı ildə “Qırmızı Əmək Bayrağı”, 1971-ci ildə “Oktyabr inqilabı” ordenləri və “Əmək igidliyinə görə” medalı ilə təltif edilmişdir.
Bahar Talıbova ilə çiyin-çiyinə işləyənlər deyirdilər: “Nahaq deməyiblər ki, insanı ucaldan əməkdir. El qızı Bahar xanım məhz qabarlı əllərinin zəhməti ilə yüksəlmiş, şan-şöhrət tapmış, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. O, hamı ilə dil tapmağı bacarır, böyüklə böyük, kiçiklə kiçik kimidir, qəhrəmandır.”
Mənalı bir ömür yaşayan Bahar Talıbova yüksək ictimai fəaliyyət göstərmiş V, VI, VII və VIII çağırış SSRİ Ali Sovetinin, IX, X və XI çağırış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Uzun illər fasiləsiz olaraq ali hakimiyyət orqanlarında deputat mandatı daşımış, çalışdığı dövrdə yüksək təşkilatçılıq nümayiş etdirmişdir. Belə ki, Şərur rayonunun sosial-iqtisadi problemlərinin həlli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün əlindən gələni əsirgəməmiş, o cümlədən kolxoz kəndlərinin mütərəqqi inkişafına, mədəni quruculuğuna, abadlıq işlərinin artmasına, kolxozçuların güzəranının yaxşılaşmasına kömək etmişdir. Həmçinin Bahar xanımın təşəbbüsü ilə rayonda neçə-neçə məişət xidməti obyektləri, xəstəxana və feldşer-mama məntəqələri, təhsil ocaqları tikilib istifadəyə verilmişdir. Eyni zamanda Bahar xanım Talıbova rəhbərlik etdiyi kollektivdə qadınlara nümunəvi iş və mədəni məişət şəraiti yaratmışdır. Belə ki, “Şərq qapısı” qəzetinin 1966-cı il 23 iyun tarixli sayında dərc olunan “Pambıqçı qadınlara nümunəvi iş şəraiti yaradaq” başlıqlı yazıda qeyd olunur: “İndi bütün təsərrüfatlarda, həm də təsərrüfatın mühüm sahələrində qadınlar böyük qüvvəyə çevrilmişlər. Qadın ana olmaq etibarilə onun əməyindən daha səmərəli istifadə etmək üçün onun uşağına yüksək qayğı göstərmək ən mühüm məsələdir. Uşaqların nümunəvi istirahətinin, tərbiyəsinin, vaxtında yeyib-içməsinin qeydinə qalmaq, uşaqlı qadınların istehsalatda daha fədakar çalışa bilməsinə geniş imkan və şərait yaratmaq deməkdir. Bu nöqteyi nəzərdən kolxoz və sovxoz təsərrüfatlarında uşaq müəssisələrinin, xüsusilə mövsümi uşaq bağçaları və körpə evlərinin yaradılması mühüm əhəmiyyətə malikdir. Şərur rayonundakı M.Hüseynzadə adına kolxozda Sosialist Əməyi Qəhrəmanı SSRİ Ali Sovetinin deputatı Bahar xanım Talıbovanın başçılıq etdiyi manqanın üzvlərinin hər il yüksək pambıq məhsulu yetişdirmələrinin əsas səbəblərindən biri də manqada nümunəvi tarla düşərgəsinin olmasıdır. Düşərgədə manqa üzvlərinin istirahəti, onların uşaqlarının yüksək qayğı ilə saxlanılması üçün hər cür şərait yaradılmışdır.”
Bu qeyd olunanlar onu göstərir ki, Bahar xanım Talıbova digər sahələrlə yanaşı anaların, qadınların sağlamlığının qorunması, uşaqlarımızın təhsil səviyyəsinin yüksəlməsi məsələsinə də ciddi fikir vermişdir. Bundan əlavə, Bahar xanım uzun illər Şərur rayon Qadınlar Şurasının sədri olmuş, el ağbirçəyi kimi şöhrət qazanmış, neçə-neçə ailələrə xeyirxah məsləhətlər vermişdir. Qeyd olunanlardan görsənir ki, bu görkəmli insan, əmək qəhrəmanının xidmətləri təkcə pambıq yaxud digər kənd təsərrüfatı məsulları yetişdirməkdən, yüksək məhsuldarlığa nail olmaqdan ibarət olmayıb, Bahar xanım eyni zamanda gənc nəslin tərbiyəsində, milli və ailə dəyərlərinin qorunmasında, qadınlara nümunəvi iş şəraitinin yaradılmasında müstəsna xidmətlər göstərmişdir. Onun zəfərlərlə dolu əmək fəaliyyəti, ləyaqətli ömür yolu hər zaman Azərbaycan qadını üçün böyük tərbiyəvi gücə malikdir.
Bahar xanım Talıbova eyni zamanda yerli sovetlərdə də xalqın layiqli elçisi olmuş, dəfələrlə kolxozçuların Ümumittifaq Qurultayının nümayəndəsi seçilmişdir. Bahar xanım əldə etdiyi yüksək göstəricilərə görə dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüşdür.
Bahar xanım Talıbova Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Naxçıvan Vilayət Partiya Komitəsinin Plenum üzvü, Şərur rayon Partiya Komitəsinin büro üzvü, iki çağırış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının üzvü, SSRİ Veteranlar Şurası Plenumunun üzvü seçilmişdir. Bahar xanımı başqalarından fərqləndirən ən böyük xüsusiyyət özünəməxsus təşkilatçılıq qabiliyyəti və bacarığının olmasıdır. İşlədiyi dövrdə ona verilən tapşırıqları ikiqat artıqlaması ilə yerinə yetirdiyindən dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində iştirak etmiş, sərginin gümüş medalına layiq görülmüşdür.
Bahar xanım Talıbovanın həyat yolunu göz önünə gətirdikdə onun nəcib, xeyirxah insan olduğunu, xalqını, Vətənini dərin məhəbbətlə sevdiyini görürük. Onun sözü ilə işi həmişə bir olmuşdur, həmişə fəaliyyətində ölkəmizin tərəqqisini, respublikamızın iqtisadi qüdrətinin dahada artmasını üstün tutmuşdur .
40 ildən artıq dövrdə pambıqçı və tütünçü ömrü keçirən, öz əlinin zəhməti ilə şöhrət qazanan, hünər və zəfəri dillər əzbəri olan zəhmətsevər Azərbaycan qadınına Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1982-ci il 19 avqust tarixli qərarı ilə İttifaq əhəmiyyətli fərdi təqaüd verilmişdir. Həmçinin insan zəhmətini uca tutan, ona daim yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə cəmiyyətdəki fəal mövqeyi ilə yeni nəsillərə örnək olan Bahar xanım Talıbova Prezident təqaüdünə layiq görülmüşdür.
Bahar Talıbovanın gördüyü işləri xarakterizə edərkən bir şeyə diqqət yetirmək lazımdır: o, öz əzmkarlığı, əməksevərliyi ilə özündən sonrakı nəsillərə, Azərbaycan qadınlarına örnək oldu.
Hər birimizə məlumdur ki, Azərbaycan ailəsi dünya ailələri içərisindən həmişə milli-mənəvi dəyərləri, Azərbaycan xalqına xas olan milli xüsusiyyətləri ilə seçilmişdir. Bu xüsusiyyətləri özündə cəmləşdirən ailələrdə vətəninə bağlı, tərbiyəli cəmiyyət üçün layiqli şəxsiyyətlər yetişir. Məhz Bahar xanım Talıbovanın da böyüdüyü ailə belə ailələrdən hesab olunur. Bunu deməyə əsas verən səbəb Bahar xanım böyüdüyü ailəyə xas olan xüsusiyyətləri özündə cəmləşdirməsidir ki, bu ailənin üzvləri ziyalı, elmli, işgüzar, xalqını, millətini, torpağını sevən insanlardır.
Bahar xanım Talıbovanın qazandığı yüksək göstəricilər televiziya publisistikasının da mövzusuna çevrilmiş, “Bizim qadınlar” və “Qayğı dolu ömür yolu” sənədli filmi çəkilmişdır. 27 il fasiləsiz olaraq ali hakimiyyət orqanlarında deputat mandatını daşımaqla yanaşı, eyni zamanda yerli sovetlərdə də xalqın layiqli elçisi olmuşdur. 40 ildən artıq bir dövrdə əməklə ucalıb şan-şöhrət qazanan, hünər və zəfəri dillər əzbəri olan, nəğmələrə çevrilən Bahar Talıbovanın həyatına şairlər söz qoşdular, bəstəkarlar mahnı bəstələdilər. Həmçinin mübariz, yorulmaz ömür yolu keçən Bahar Talıbovanın xatirəsinə kinofilm çəkildi,əmək fəaliyyətini əks etdirən nəfis üslubda “Qayğı dolu ömür yolu” kitabı çap olundu.
Bahar Talıbova 2003-cü il iyul ayının 20-də əbədiyyətə qovuşsa da onun işi, ömür yolu bu günkü və gələcək nəsillərə tərbiyə və təsir gücünə malik olan nümunəyə çevrilmiş, adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyinin özündən sonra bu gün də el-oba içində xoş xatirəsi qalmışdır. Bahar Talıbova xalqına, millətinə xidməti həyat amalı seçən əmək qəhrəmanı kimi bu gün hər birimizin qəlbində yaşayır. Fədəkar əməyi ilə ad-san qazanan Bahar xanımın keçdiyi ömür yolu sıravi əməkçidən Əmək Qəhrəmanına, adi zəhmət adamından o dövrün yüksək mükafatına layiq görülmüş vətəndaşına çevilmişdir, ən başlıcası isə el-obanın sevimlisi olmağın bariz nümunəsidir. Adlı-sanlı əmək qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı, 4 dəfə SSRİ Ali Sovetinin, 3 dəfə Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuş Bahar Məhərrəm qızı Talıbova zəhməti ilə xarüqələr yaratmış, nəsillərə layiq ömür yaşamışdır. Fədakar və zəhmətkeş Azərbaycan qadınlarının mücəssəməsi olan Bahar xanımın sağlam vətəndaş mövqeyi, keçdiyi həyat yolu və ictimai fəaliyyəti gənc nəslə örnəkdir. Buna görə də adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyi el-oba içərisində yaşayacaq, müstəqil ölkəmizdə onun işi və əməlləri həmişə xatırlanacaqdır.