Azərbaycan milli teatr tarixində zəngin yaradıcılıq irsinə malik olan qadın!

Çap

Tarix boyu Azərbaycan qadını dünya mədəniyyət xəzinəsinə nadir incilər bəxş etmiş, xalqımızın milli dəyərlərinin formalaşmasında, inkişafında böyük rolu olmuş, öz bacarıq və əzmkarlıqları ilə mədəniyyət sahəsində qazandıqları nailiyyətləri ilə seçilmişlər. Mədəniyyət sahəsinin ən mütərəqqi sahəsi isə teatrdır. Məhz bu baxımdan teatrı bütün zamanlarda xalqın mədəni maarifinin aparıcı sahəsi hesab etmək olar.
Naxçıvan teatrının sənətkar qadınları da böyük bir sənət yolu keçməklə xalqımızın milli teatr sənətinin formalaşmasında müstəsna örnəkli, diqqətçəkən və yaddaqalan, şərəfli və mətanətli bir yol keçmişlər. Onlar böyük sənətin zirvələrinə məhz mətin və mübarizliyin sintezindən yaranan əzmkarlıqdan keçib gəliblər. Milli teatr sənətinin inkişafında xüsusi yeri ilə seçilən, zəngin yaradıcılıq irsinə malik olan Zəroş Həmzəyeva da belə sənətkarlardandır.
Azərbaycanın xalq artisti, Şöhrət ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Zəroş Həmzəyeva 1925-ci il martın 22-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. O, orta təhsilini Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyl göstərmişdir. Məktəbin dram dərnəyində çıxış edən sənətkar səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxmışdır. Hələ yeniyetmə olan Zəroş Həmzəyeva səhnəyə ilk çıxışında maraqlı rol ifa edərək xüsusi bacarığı ilə seçilib və yaddaşlarda dərin iz buraxmışdır. Aktrisa kimi səhnə fəaliyyətinə 1942-ci ildə “C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı”nda başlamışdır. İfa etdiyi ilk rollarda əldə etdiyi səhnə uğurlarına görə, böyük sənətkar 1944-cü ildə ona Naxçıvan Muxtar Respublikasının əməkdar artisti adını almışdır. Zəroş Həmzəyeva 1956-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Xalqımızın mədəni irsinə daim qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyev Zəroş Həmzəyeva yaradıcılığına yüksək qiymət verərək, sənətkarı 27 mart 2000-ci ildə “Şöhrət ordeni” ilə təltif etmişdir.
Zəroş Həmzəyeva yaradıcılığı Azərbaycan teatr mədəniyyəti tarixinin unudulmaz səhifələrini təşkil edir. Daim axtarışda olan sənətkar kimi o, doğma teatr səhnəsində Azərbaycan dramaturqlarının və dünya klassiklərinin əsərlərindən müxtəlif taleli obrazlara səhnə həyatı verərək, ömrünün yarım əsrdən artıq bir dövrünü milli teatr sənətinin inkişafına həsr etmiş, mənsub olduğu qədim diyarın mədəni həyatının canlanmasında müstəsna rol oynamışdır.
Milli teatr tarixinin böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə sadiq qalan görkəmli sənətkar səhnə fəaliyyəti boyunca yüksək peşəkarlıq, müasirlərin mənəvi aləminə dərindən nüfuz etmək, zamanın ruhunu xüsusi bacarıqla əks etdirərək özünəməxsus obrazlar nümayiş etdirmişdir. İfa etdiyi obrazların daxili aləmini incəliklərinə qədər açmaq məharətini özündə daim inkişaf etdirən aktrisa kimi Zəroş Həmzəyeva səhnədə xüsusi təsir gücünə malik bir sənətkar idi.
Bu gün anadan olmasından 95 il ötən Zəroş xanım Həmzəyeva seçdiyi peşədə öz ali amallarına yüksəldiyi kimi qadınlıq missiyasının peşəkar ifaçısı olaraq da ailədə vəfalı ömür-gün yoldaşı, fədakar və qayğıkeş ana, etibarlı dost kimi müsbət keyfiyyətlərə malik idi. Bütün həyatını sənəti ilə yanaşı ailəsinin möhkəmliyinə, övladlarının təlim-tərbiyəsinə həsr etmişdir. Zəroş Həmzəyeva ailəsinə bağlı, ailəsi və uşaqlarını sevən qayğıkeş analardan biri idi. Ananın xoşbəxtliyi cəmiyyət üçün layiqli, tərbiyəli övlad yetişdirməkdən ibarətdir. Məhz bu baxımdan Zəroş xanımı xoşbəxt analardan saymaq olar. Elə buna görədə o, xalqımızın qəlbində nəinki sənətkar kimi, həm də əsl Azərbaycan qadını kimi dərin iz buraxmışdır.
Həmçinin Zəroş Həmzəyeva muxtar respublikamızın ictimai-siyasi həyatında daim fəallıq nümayiş etdirmiş, ictimai-siyasi fəaliyyətlə məşğul olduğu bütün zamanlarda qadın hüquqlarının qorunması, onların cəmiyyətdəki mövqeyinin gücləndirilməsi və cəmiyyət həyatındakı iştiraklarını yaxından təmin etmək məqsədilə qadınlarla sıx əlaqədə olmuş, lazımi köməkliyini onlardan əsirgəməmişdir. Bütün bunları istər Vilayət Partiya Komitəsində, istər deputatlıq fəaliyyətində, istərsə də, Naxçıvan Qadınlar Şurasının sədri vəzifəsində çalışdığı vaxtlarda ona həvalə edilmiş işlərin öhdəsindən layiqincə gələrək, fəal iş apararaq, xalqı layiqincə necə təmsil etdiyindən görmək olar.
Bu gün əminliklə deyə bilərik ki, ömrünün yarıməsrlik bir dövrünü teatr sənətinə həsr etmiş Zəroş Həmzəyeva Azərbaycan aktyorluq məktəbinin təşəkkül taparaq inkişaf etməsində böyük xidmətləri olan sənətkarlardandır. Müxtəlif səpkili obrazlarla yadda qalan sənətkar H.Cavidin “Şeyx Sənan” əsərində Xumar, S.Rüstəmin “Qaçaq Nəbi” əsərində Həcər, U.Şekspirin “Otello” əsərində Dezdemona, A.Ostrovskinin “Günahsız müqəssirlər” əsərində Kruçinina, S.Vurğunun “Vaqif” əsərində Xuraman, K.Ağayevanın “Məhsəti” əsərində Məhsəti, Ş.Qurbanovun “Sənsiz” əsərində Sevinc və başqa rolları məharətlə ifa etmişdir. Xüsusi ilə qeyd etmək lazımdır ki, Zəroş Həmzəyeva yaradıcılığında C.Cabbarlı dramaturgiyası mühüm yer tutur. Dramaturqun əsərlərindəki qadın obrazlarına böyük məhəbbət və yüksək peşəkərlıq məharəti ilə səhnə həyatı verən Zəroş Həmzəyeva teatr tariximizdə özünəməxsus dəsti-xətt yaradaraq dərin iz buraxmışdır. Eyni zamanda zərif və ürəyəyatımlı səs tembrinə və incə ruha malik olan Zəroş xanım Həmzəyeva bir çox operettalarda əsas partiyaları ifa etmiş, şair kimi də özünü sınamışdır.
Azərbaycan teatr tarixində Zəroş Həmzəyevanın adı qızıl hərflərlə yazılaraq yüksək sənətkarlıq istedadı ilə yaratdığı obrazları xüsusi hörmətlə yad edilir. Bugünkü gənc nəsil bu sənət ənənələrini ləyaqətlə davam etdirir. Çünki xalq artisti Zəroş Həmzəyevanın yaradıcılığı gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Onun milli teatrın inkişafı yolunda göstərdiyi əsl fədakarlıq, keçdiyi səmərəli və şərəfli sənət yolu aktyorlar nəslinin neçə-neçə nümayəndəsi üçün bundan sonra da vətənə, xalqa və sənətə sevgi nümunəsi olacaq, o istedadlı aktrisa kimi sənətsevərlərin qəlbində daim yaşayacaqdır.