Əhalinin məşğulluğunun təmin olunması ilə bağlı qəbul olunmuş dövlət proqramında qarşıya qoyulmuş vəzifələr icra olunur

ÇapE-poçt

Bu gün muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, özünüməşğulluq imkanlarının təmin edilməsi, innovasiyalar tətbiq olunan yeni iş yerlərinin yaradılmasına yönəldilmiş layihələrin həyata keçirilməsi dövlətin ali məqsədlərindən biridir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuş və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısına bir sıra vəzifələr qoyulmuşdur.

Ötən 9 ay ərzində məşğulluq probleminin aradan qaldırılması ilə bağlı Komitəyə müraciət etmiş 51 əmək qabiliyyətli vətəndaş, o cümlədən 46 qadın işlə təmin olunması üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə göndərilmişdir.

Həmçinin qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar qadınların özünüməşğulluğunun təmin olunması üçün bir sıra tədbirlər həyata keçirilmişdir.  Xüsusən də aztəminatlı və sağlamlıq imkanları məhdud qadınların özünüməşğulluğunun təmin olunması və peşə kurslarına cəlb olunması ilə əlaqədar bir sıra işlər görülmüşdür. Belə ki, 9 ay ərzində aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan 949 nəfər qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmış, bu qadınlardan 1-i xalçaçı, 3-ü toxucu, 5-i dərzi, 6-sı aşbaz, 12-si bərbər-manikürçü, 16-sı kompüter peşə kurslarına cəlb olunması üçün ümumilikdə, 43 qadının müvafiq məlumatları Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil Nazirliklərinə göndərilmişdir.

Dövlət proqramına uyğun olaraq qadınların, o cümlədən işləməyən, müəyyən istedadı olan qadınların özünüməşğulluqlarının təmin edilməsi, onlara maddi dəstək göstərilməsi və milli dəyərlərimizin təbliğ olunması ilə əlaqədar əl işlərinin satışı təmin olunmuşdur. Belə ki, “Arıçılıq məhsulları-bal festivalı”nda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2019-cu il üçün İş Planının 17-ci bəndinə uyğun olaraq Heydər Əliyev Sarayında təşkil olunan məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışları keçirilmişdir. Həmçinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında qadınların əl işlərinin satışı təmin olunmuşdur.

Ümumilikdə ötən 9 ay ərzində 54 qadının 951 manat dəyərində 228 əl işi satılaraq məbləği qadınlara ödənilmişdir.

Həmçinin ötən dövr ərzində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə əlaqədar təlimlər keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, BMT-nin inkişaf proqramının qismən maliyyə dəstəyi daxil olmaqla Avropa İttifaqının maliyyələşdirdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyəti Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətlərinin Artırılması” layihəsinin ilkin mərhələsi olan “Gələcəyini Planlaşdır” adlı Maliyyə Savadlılığı üzrə təlimlər keçirilmişdir. Təlimlərdə muxtar respublikanın bütün rayonlarının qadınları, əsasən də fiziki imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınlar daxil olmaqla, 289 qadın iştirakı ilə 7 təlim keçirilmişdir. Hər təlim 2 gün davam etdirilmiş və sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Həmçinin “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətlərinin Artırılması” adlı layihə çərçivəsində “Öz biznesinə başla və onu inkişaf etdir” təlimləri keçirilmişdir. Təlimlər zamanı fiziki qüsurlu və aztəminatlı ailələrdən olan qadınlar daxil olmaqla 66 qadının iştirakı ilə 4 təlim keçirilmiş, hər təlim 3 gün davam etdirilmişdir. Təlimlərdə hər bir qadın sahibkarlıq fəaliyyətinə başlaması üçün biznes planı tərtib etmişdir. Təlimin sonunda iştirakçı qadınlara sertifikatlar təqdim olunmuşdur. “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətlərinin Artırılması” layihəsinin sonrakı mərhələsində “Öz biznesinə başla və onu inkişaf etdir” təlimində ən yaxşı biznes planı tərtib edən qadınlara sərmayə kapitalının verilməsi nəzərdə tutulmuşdur.

Komitə tərəfindən müvafiq kateqoriyadan olan qadınların peşə kurslarına cəlb olunması, həmçinin özünüməşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər daim diqqətdə saxlanılacaq, proqramın icrasını təmin etmək məqsədi ilə görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Joomla 1.5