Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmişdir

ÇapE-poçt

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Culfa, Babək, Ordubad rayonlarında yaşayan, ümumilikdə 11 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilmişdir.

Ailələrlə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildirmişlər ki, dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı  istiqamətlərindən biridir. Eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində  ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həmçinin onların həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.

Bildirilir ki, 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar ailələrlə keçirilən görüşlərdə onlara ərzaq payı, geyim dəsti və tibbi ləvazimat verilmişdir.

Ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Bildirilir ki, belə tədbirlər önümüzdəki günlərdə də davam etdiriləcəkdir.

Qeyd edək ki, ailələrlə keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

Joomla 1.5