Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilmişdir

ÇapE-poçt

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, müvafiq şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Culfa rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud 13 uşağın ailəsində görüş keçirilmişdir. Bu uşaqlardan 4-ü valideyn himayəsindən məhrum, 5-i tək valideynli, 4-ü sağlamlıq imkanı məhduddur.

Uşaqlarla görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildirmişlər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etmiş, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar.

Bildirilir ki, “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar keçirilən görüşlərdə onlara ərzaq payı, ehtiyaclarına uyğun geyim dəsti və tibbi ləvazimat verilmişdir.

Uşaqlar, onların ailə üzvləri, himayədarları və qəyyumları dövlətimiz tərəfindən onlara göstərilən qayğını yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Həmçinin bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “1iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə M.Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində də tədbir keçirilmiş, tədbirdə valideyn himayəsindən məhrum 5 uşağa bayram hədiyyələri verilmişdir.

Qeyd edək ki, keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

Joomla 1.5