03.09.20 19:30
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1134-2020-09-04-05-04-45.html#sigProIdb6561aa575
Sentyabrın 3-də - ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün Naxçıvan Muxtar Respublıkası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni texnika və avadanlıqların muxtar respublikaya gətirilməsində əməyi olanlara, o cümlədən Çin Xalq Respublikası Hökumətinə və Çinin ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirərək deyib: Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən muxtar respublikaya gətirilən texnika və avadanlıqların artıq üçüncü dəfədir ki, təqdimatı keçirilir. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən sonra bu gün Dövlət Energetika Xidmətinə də yeni texnika və avadanlıqlar təqdim olunur. Yeni texnika və avadanlıqlar elektroenergetika sahəsində, eləcə də muxtar respublikanın səfərbərlik ehtiyatlarında və şəxsi evlərdə istifadə olunacaqdır. Ona görə də bu avadanlıqlardan səmərəli istifadə olunmalı, təyinatlar düzgün seçilməli, istifadə qaydalarına əməl olunmalıdır.
Ali Məclisin Sədri deyib: Yeni texnikalar muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dəstək verəcəkdir. Suqızdırıcılar hər bir evə lazımdır. Günəş panelləri ilə elektrik enerjisi istehsalına isə bütün sahələrdə ehtiyac vardır. Eyni zamanda yeni avadanlıqlardan Naxçıvan Dövlət Universitetinin ərazisində də qurulub. Bu da Memarlıq və mühəndislik fakültəsində təhsil alan energetiklərin ixtisaslarına uyğun yeni texnologiyaları öyrənmələrində mühüm əhəmiyyət daşıyır.
Sonra Ali Məclisin Sədri yeni texnika və avadanlıqlara baxıb.
Naxçıvan Muxtar Respublıkası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək deyib ki, yeni texnika və avadanlıqlar 4 adda 828 dəstdən ibarətdir. 410 dəst 2 kilovat günəş enerji istehsal qurğusu, 410 dəst günəş suqızdırıcısı, 6 dəst 10 kilovat avtomatik külək-günəş hibrid enerji istehsal qurğusu, 2 dəst 200 kilovat “ISUZU” markalı enerji mənbəli qəza avtomobili yüksək texniki göstəricilərə malikdir. Günəş enerji istehsal qurğusunun hər dəsti 8 günəş paneli, 8 akkumulyator, invertor, günəş panellərinin quraşdırılması üçün dəmir strukturlar, eləcə də paylama qutusu və köməkçi hissələrdən ibarətdir.
Günəş suqızdırıcısının 60 dəsti maili, 350 dəsti isə düz sahələr üçün nəzərdə tutulub. Avtomatik külək-günəş hibrid enerji istehsal qurğusu 12 günəş paneli, 10 kilovat gücündə külək turbini, 20 akkumulyator, külək-günəş akkumulyator doldurma idarəedici qurğusu, invertor, günəş panellərinin və külək turbinlərinin quraşdırılması üçün dəmir strukturlar, eləcə də paylama qutusu və köməkçi hissələrdən ibarətdir. “ISUZU” markalı avtomobilin üzərində qurulmuş qəza elektrik mənbəyi elektrik enerjisi kəsintisi olan ərazini qısa zamanda elektrik enerjisi ilə təmin edir. Avtomobillərdə 200 kilovat gücündə maşın-generator bloku, 30 kilovat-amper gücündə ehtiyat qida mənbəyi, idarəetmə sistemi, qoşulma kabelləri və köməkçi hissələr, həmçinin ehtiyat hissələri və təmir dəstləri vardır.
Ali Məclisin Sədri “ISUZU” markalı enerji mənbəli qəza avtomobillərinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik Ehtiyatı Anbarına verilməsi, eləcə də digər texnika və avadanlıqların istismarı ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb