Şahmat müəllimlərinə sertifikatlar təqdim olunub

ÇapE-poçt

Sentyabrın 11-də Naxçıvan Şahmat Mərkəzində sertifikasiya imtahanlarında uğurlu nəticə əldə edən müəllimlərə sertifikatların təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, şahmatın inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanılır. Məhz bunun nəticəsidir ki, şəhər və rayonlarda şahmat məktəbləri tikilib istifadəyə verilib. Son illər Şahmat Federasiyasının Təhsil Nazirliyi ilə birgə fəaliyyəti nəticəsində orta məktəblərdə şahmatın yüksək səviyyədə tədris olunmasına, yeni istedadlı gənc şahmatçıların üzə çıxarılmasına nail olunub. Pandemiya dövründə federasiya nazirliklə birlikdə davamlı olaraq onlayn dərslər keçib, şahmatçıların bilik və bacarıqları artırılmışdır. Həmçinin elektron şəkildə keçirilən dərslər federasiyanın “Youtube” kanalına yüklənib, CD formasında şahmatçılara və müəllimlərə verilib.

Seymur Talıbov diqqətə çatdırıb ki, il ərzində Şahmat Federasiyası Təhsil Nazirliyi ilə birgə orta məktəblərdə şahmatın yüksək səviyyədə tədris olunması üçün sertifikasiya imtahanları keçirib. Ali Məclis Sədrinin tapşırığına əsasən, müəllimlərin imtahanı ödənişsiz aparılıb. Bu da muxtar respublika rəhbərinin şahmatın inkişafına böyük önəm verdiyinin bariz nümunəsidir. Ötən il 400-dən çox müəllimin ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsi üçün sertifikat verilib. Bu gün isə daha 18 müəllimə belə sertifikatlar təqdim olunur. Yeni sertifikat alan müəllimlər orta məktəblərdə uşaqlara şahmatın sirlərini daha dərindən öyrətməyə, yeni istedadlı uşaqların üzə çıxarılmasına çalışmalı, maarifləndirmə işləri aparmalı və idmanın bu növünü təbliğ etməlidirlər.

 

Federasiya sədri bu yolda şahmat müəllimlərinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, göstərilən qayğı sayəsində şahmat məktəblərinin maddi-tədris bazası möhkəmləndirilib. Muxtar respublikada şahmat mərkəzi və məktəbləri 67 ən yeni müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub. Eyni zamanda aparılan təhsil quruculuğu prosesi zamanı ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün siniflər ayrılıb, məktəblər şahmat dəstləri ilə təmin edilib. Rəhman Məmmədov təhsilin və şahmatın inkişafına göstərdiyi diqqət və qayğıya görə təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Nuray Abbasova şahmatın inkişafına göstərilən qayğıya görə müəllim və şagird kollektivi adından minnətdarlıq edərək deyib ki, bundan sonra da şahmat dərslərinin tədrisinə diqqət artırılacaq, dərəcəli şahmatçıların hazırlanmasına ciddi səy göstəriləcəkdir.

Sonra sertifikasiya imtahanlarında yüksək bal toplayan müəllimlərə sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Joomla 1.5