“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ziyarət olunub

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı  muxtar respublikada  bütün idarə, müəssisə və təşkilatlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun qədim keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb, Ali Məclis Sədrinin 2015-ci il 02 fevral tarixli Sərəncamına əsasən artıq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirir. Məhz bu Sərəncamdan sonra Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir.
Həmçinin bələdçi bildirmişdir ki, Muzeyin ekspozisiyası 9 zaldan ibarətdir. Yarandığı dövrdə 150 eksponatla fəaliyyətə başlasa da, hazırda eksponatların sayı 2 min 700-dən artıqdır. Həmin eksponatların 350-i ekspozisiya zallarında, 60-a yaxını Möminə Xatın və 240-dan çoxu Açıq Səma Altında Muzey Kompleksində  nümayiş və təbliğ edilir, digər hissəsi isə fond otaqlarında qorunub mühafizə olunur.

Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu məkanı yerli sakinlərlə yanaşı, Naxçıvana ölkəmizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici ölkələrdən gələn turistlər də memarlıq kompleksini  həvəslə ziyarət edirlər.

Joomla 1.5