İnsan olmağın gərəyidir Vətəni sevmək

ÇapE-poçt

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.

İnsanların  ailələri evi sayılırsa,  millətin, xalqın evi isə Vətəndir.  Vətən doğma kandardan başlanır. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik!  İnsan hələ kiçik yaşlardan Vətənin doğmalığını, onun təkrar olunmazlığını və ya sadəcə “Ana Vətən” kəliməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss edir.  Hüzur və rifah üçün evsiz, ailəsiz yaşamaq mümkün olmadığı kimi vətənsiz yaşamaq da mümkün deyildir. Vətən olmadan millətin ayaqda dayanmağı mümkün olmur. Bir millətin var olması, həyatına hüzurlu davam edə bilməsi, ancaq vətəninə sahib olmağıyla mümkündür. Şəfqət verən bu doğma torpaqları yağı düşmənə tapdalatmamaq, ay ulduzlu bayrağımızı şərəflə göylərdə dalğalandırmaq, birlik və bərabər olmaq hər bir Azərbaycanlının vəzifəsidir. “Öncə Vətən, ikinci xalq, sonra mən” kəlamı Azərbaycan vətəndaşının həyat amalıdır. Vətən sevgisi sevgilərin ən gözəli və ən müqəddəsidir, ancaq bu sevgi sözdə olmamalıdır. Vətənini sevən onun uğrunda ölməyə də  hazır olmalıdır. Şair nə gözəl ifadə etmişdir;

“Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq əgər uğrunda ölən varsa Vətəndir.”

Biz vətən uğrunda qanlarıyla dastanlar yazan, şəhidləri ilə, qəhrəmanlarıyla dolu bir millətin övladlarıyıq.  Vətən yalnız ona görə deyildir ki, onun qəhrəmanlıq keçmişi, sənət və mədəniyyətlə zəngin keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, bu torpaqlar üçün necə çətin mübarizələr aparılmış, nə qədər qanlar  tökülmüş əcdadlarımız, ulu babalarımızın  izi var. Bu izlər hər birimiz üçün ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Sözdə deyil, ürəkdə hiss edilməlidir Vətən sevgisi.  Və onlar bu sevgini hər zaman hiss etmişdilər. Bu çətin zamanda bizim hiss etdiyimiz kimi...

 

Vətən sevgisi, vətən həsrətiylə yaşayan həmvətənlərimiz...

30 ildir ki, Vətəndən ayrı, yurd-yuvalarından didərgin salınmış soydaşlarımız öz ellərinə, obalarına qayıtmağı səbrsizliklə gözləyirlər. Və həmin gün heç də uzaqda deyil!

Torpaqlarımızın işğal olunma faktı dünya birliyi tərəfindən tanınmaması, beynəlxalq hüquq normalarının bu məsələdə ikili mövqe tutması nəticə etibarilə bu məsələnin uzadılmasına gətirib çıxardıb.  2020-ci il 27 sentyabr tarixdə qəsbkar Ermənistan Azərbaycana qarşı yeni təxribata əl atdı. Sərhəd zonasında yerləşən rayonlar, kəndlər erməni vandallarının hücumuna məruz qaldı. Qüdrətli Azərbaycan Ordusu və ordunun əldə etdiyi uğurlar əsasını Ulu öndərin qoyduğu və bu gün də ölkə Prezidenti tərəfindən  davam etdirilən hərbi siyasət inkişaf etdirilmiş ordu quruculuğunun məntiqi nəticəsidir. İşğal altında olan doğma torpaqlar Azərbaycan ordusunun həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatları ilə düşməndən azad olunur. Bu yolda Azərbaycan xalqı, ordu ilə sıx birlik və həmrəylik nümayiş etdirməklə Azərbaycanın öz torpaqları üçün döyüşdüyünü və düşmənə bir qarış torpağımızı verməyəciyinin əyani sübutudur. Bu yolda öz dəstəyini Azərbaycandan  əsirgəməyən qardaş Türkiyə Cümhuriyyəti Azərbaycanın  Türkün qalası olduğunu və Türklüyün birliyini, iki millətin bir arada olmasını hər zaman diiqətə çatdırırlar. Digər tərəfdən Pakistan, İraq türkmənləri, Malaziya, Bosniya - Hersoqovina, Ukraina, İndoneziya da Azərbaycana bu yöndə dəstək olan dövlətlərdəndir.

Cəbhə xəttindən gələn uğurlar, ordumuzun bugünkü nailiyyətləri  Azərbaycan dövlətinin qüdrətinin və aparılan uğurlu diplomatiyanın təzahürüdür.  Azərbaycan Ordusunun düşmən tərəfin təxribatlarını əks-hücum əməliyyatalrı ilə alması Ermənistanın işğalçı dövlət olmasını bir daha sübut etdi. Son əks-hücum əməliyyatlar isə ordunun işğal altında olan torpaqlarımızı azad etməyə, düşməni məhv etməyə qadir olduğunu bir daha göstərdi. Azərbaycanın əzəli torpağı olan Qarabağın erməni işğalından azad olunması bu yolda aparılan mübarizədə qalib olmaq ədalət və haqqın öz yerini tapmasıdır. Bütün bu əldə olunan zəfərlər Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə olunmasına, eyni zamanda onlarda vətən sevgisinin, onun hər zaman  müdafiəsində dayanmağa təkan vermiş olur. Vətənpərvərlik hissi elə bir emosional hissdir ki,  bütün şəxsi maraqları vətən yolunda qurban verməyə, vətənin və xalqının marağını daha uca tutmalısan. Ailələrimizdə, təhsil ocaqlarımızda Vətənin niyə müqəddəs sayıldığı, şəhidlərin nə üçün öldüyü, vətənin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi gənclərə aşılamalı, onların vətənpərvər ruhda böyüməsinə dəstək olmalıyıq. Bu gün Azərbaycan gənci, eləcə də  yaşından asılı olmayaraq hər bir vətəndaşımız torpaqlarımızın azad olunması naminə orduyla sıx birləşərək işğal altında olan torpaqların azad olunmasında hər zaman döyüşə hazır olduqlarını göstərdilər. Hər bir Azərbaycan ailəsi var olsun ki, hərbi-vətənpərvər ruhda övladlar böyüdür və onlar öz qanları bahasına belə olsa el-obalarının müdafiəsində dayanıb, ata-babalarının ənənələrinə sədaqət ruhundan və bu yolda mübarizə aparmaqdan geri dönmürlər. Ulu Öndərin bir fikrini qeyd etmədən keçmək olmaz. “Gərək nəbzin Vətənin nəbzi ilə vursun”. Azərbaycan dövləti və o dövlətə sadiq vətəndaşları olduqca Azərbaycan hər zaman var olub və də olacaqdır.

Ali Baş Komandanın qeyd etdiyi kimi bizim Cocuq Mərcanlıya qayıdışımız iradəmizin rəmzidir. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq. Sözsüz ki, biz şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını qaytaracağıq. Onlar şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər. Bütün adlar qaytarılacaq. Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu bizim qanuni hüququmuzdur. Bu bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq!

Joomla 1.5