07.10.20 11:55
Muxtar respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması sentyabr ayında da diqqətdə saxlanılmışdır.
“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq “Naxçıvan Muxtar Respublikasında “COVİD-19”un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində sərmayə kapitalı verilmiş 39 qadından 14-nün yaşadığı ünvanlarda monitorinq keçirilmişdir. Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan şəhərində yaşayan aztəminatlı, çoxuşaqlı İsmayılovlar, Şərur rayon Dərvişlər kəndində yaşayan aztəminatlı Abdullayevlər, Culfa rayon Kırna kəndində yaşayan aztəminatlı Musayevlər ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış, ailələrə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.
Həmçinin müvafiq Dövlət proqramının icrası ilə bağlı 77 nəfər sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılaraq onlarla geniş maarifləndirici söhbət aparılmış və uşaqlar haqqında məlumatlar bazaya əlavə edilmişdir. Həmin uşaqlardan 24-ü ümumtəhsil məktəblərinin 1-ci, 4-ü isə hazırlıq sinfinə, hərəkət qabiliyyəti məhdud 1 uşaq distant təhsilə, 1uşaq Uşaq Bərpa Mərkəzinə, 1 uşaq Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinə olmaqla, ümumilikdə, 31 sağlamlıq imkanları məhdud uşaq məktəb, məktəbəqədər və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunmuşdur.
15-sentyabr Bilik Günü ilə əlaqədar aztəminatlı çoxuşaqlı, tək valideynli və şəhid ailələrdən olan 94 uşağa məktəbli paltarı və dərs ləvazimatları verilmişdir.
Hesabat dövrü ərzində 4-ü Naxçıvan şəhəri, 6-sı Şərur rayonu üzrə olmaqla, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 10 uşağın yaşadığı evlərdə monitorinq keçirilmişdir. Monitorinq zamanı uşaq hüquqlarının pozulması hallarına rast gəlinməmiş, lakin 1 uşağın təhsildən yayındığı, 2 uşağın şəxsiyyət vəsiqəsinin olmadığı aşkarlanmışdır. Qeyd olunan məsələlərlə bağlı tədbir görülmüş və aid məsələlər həll olunmuşdur.
Komitəyə vətəndaşlar tərəfindən ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı 38 şifahi, 1 yazılı, komitənin elektron ünvanına 1 müraciət daxil olmuş, müraciətlərə qanunamüvafiq qaydada baxılmışdır.