Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı 2020-ci ilin 9 ayı ərzində görülən işlər

ÇapE-poçt

Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaqların maddi və mənəvi tələbatlarının ödənilməsi dövlətin sosial siyasətinin əsas tərkib hissələrindən biridir. Əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət uşaq siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublikada da yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicə xidməti, müxtəlif reabilitasiya vasitələri ilə təminatı problemsiz yerinə yetirilir. Onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, hüquqlarının müdafiə olunması daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı”nın təsdiq olunması sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, təhsilə cəlbinin davamlılığının təmin olunmasına xidmət edir.

Proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ilin 9 ayı ərzində bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, Komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılmış, onların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə getmələri tövsiyə olunmuşdur.

Cari ilin 9 ayı ərzində Komitə tərəfindən 470 sağlamlıq imkanları məhdud uşağın ailələri ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəriciləri və səbəbləri araşdırılmış, potensiallarına uyğun olaraq təlim-tərbiyə və müalicə reabilitasiya müəssisələrinə cəlb edilmişdir.

 

Belə ki, 18 yaşadək sağlamlıq imkanları məhdud olan 1882 nəfər uşaqdan 251 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyənləşdirilmiş və onlar haqqında məlumat yaradılmış bazaya əlavə olunmuşdur.

Proqramın icrası ilə əlaqədar Komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqların uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə cəlb olunması daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, əlaqə saxlanılan sağlamlıq imkanları məhdud uşaqların 44 nəfərindən 8-i müalicə reabilitasiya müəssisələrinə, 31-i ümumtəhsil məktəblərinə, 1-i distant təhsilə, 3-ü musiqi məktəbləri və məktəbdənkənar müəssisələrin dərnəklərinə, 1-i isə məktəbəqədər müəssisələrə yönləndirilmişdir.

Tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Komitə tərəfindən aidiyyəti orqanlarla birgə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 2 dəfə teatr tamaşası, Naxçıvan Dövlət Film Fondunda isə 1 dəfə film nümayiş olunmuşdur. Təşkil olunmuş teatr tamaşasına və filmə 198 sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları cəlb edilmişdir.

Bundan əlavə “1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlara dəstək məqsədilə qanvermə aksiyası keçirilmiş, aksiyada 11 lt qan toplanmış, müvafiq uşaqlara köçürülməsi məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına təhvil verilmişdir. Həmçinin 7 sağlamlıq imkanları məhdud uşağın evində bayram tədbiri keçirilmiş, uşaqlara ərzaq payı, ehtiyaclarına uyğun geyim dəstləri və tibbi ləvazimatlar təqdim edilmişdir.

Həmçinin proqramın müvafiq bəndinin icrası ilə əlaqədar 15 sentyabr – Bilik Günü ərəfəsində 41 aztəminatlı, 17 çoxuşaqlı, 20 təkvalideynli, 9 şəhid və 7 sağlamlıq imkanları məhdud olmaqla, ümumilikdə 94 uşağa məktəbli fornası və dərs ləvazimatı verilmişdir.

Muxtar respublikanın kütləvi informasiya vasitələrində sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiya tədbirləri ilə bağlı maarifləndirici məlumatların verilməsi məqsədilə Komitə əməkdaşlarının Naxçıvan Dövlət teleradiosunda 9 televiziya, 3 radio çıxışları olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Proqramın icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcəkdir.

Joomla 1.5