22.10.20 17:00
Bü gün muxtar respublikada ailələrin sosial müdafiəsi gücləndirilir, məşğulluqları təmin olunur, sosial yönümlü layihələrdə iştirakı həyata keçirilir. Bütün kateqoriyadan olan ailələr kimi aztəminatlı ailələr də daim dövlət qayğısı ilə əhatə olunurlar. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon və şəhər icra hakimiyyətlərinin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, onların problemləri öyrənilir, həlli ilə əlaqədar tədbirlər görülür. Sözügedən tədbirlərin davamı olaraq 2020-ci il 22 oktyabr tarixdə Şərur rayon Düdəngə kəndində və Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan aztəminatlı Qurbanovlar və Məmmədovlar ailəsinə baş çəkilibdir.
Tədbirdə iştirak edən təşkilatların əməkdaşları əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsini vurğulamışlar. Qeyd olunmuşdur ki, ailələrin həyat və məişət şəraitlərinin yüksəldilməsi, onlarla vaxtaşırı görüşlərin təşkil edilməsi, məişət və digər problemləri ilə maraqlanılması, mənəvi cəhətdən dəstək göstərilməsi dövlətin bu sahəyə olan qayğısının bariz nümunəsidir.
Sonda ailələrə ehtiyaclarına uyğun koməklik göstərilibdir.
Aztəminatlı ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirərək öz minnətdarlıqlarını bildiriblər.