12.11.20 18:35
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1185-sosial-qayya-ehtiyac-olan-agirdlr-q-geyimlri-verilib.html#sigProIdfb3586f4ba
Təşkil olunan tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi sistemli xarakter almış, bu kateqoriyadan olan uşaqlar məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir.
Vurğulanıb ki, dövlətimizin gənclərə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün muxtar respublikamızda aydın görünür. Uşaqların yalnız tədris prosesindəki fəaliyyəti deyil, eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq mühitində böyüməsi, intellektli və sağlam yetişmələri diqqətdə saxlanılır, istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif metodlar və innovativ layihələr tətbiq olunur.
Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlillər üçün Xüsusi İbtidai Məktəb, Distant Tədris Mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir. Yaradılan şərait, onların vaxtaşırı zəruri ehtiyaclarının ödənilməsi sağlamlıq imkanları məhdud uşaqların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir. Yaradılan şəraitin nəticəsidir ki, fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq həmin kateqoriyadan olan uşaqların öz həmyaşıdları ilə bərabər təhsilə cəlbinin davamlılığı təmin edilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, bu gün muxtar respublikada bütün sahələrdə tərəqqi və inkişaf müşahidə olunur. Bu özünü sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında da aydın göstərir, bu istiqamətdə mütərəqqi üsullar və müasir tələblər səviyyəsində kompleks tədbirlər həyata keçirilir. Təbii ki, muxtar respublikada məktəblilərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan sağlamlıq imkanları məhdud uşaqlar da kənarda qalmır. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aidiyyatı dövlət qurumları tərəfindən bu kateqoriyadan olan uşaqlara tolerant təhsil mühitinin formalaşdırılması məqsədilə təhsil müəssisələrində monitorinqlər aparılır, bu istiqamətdə maarifləndirici görüşlər keçirilir. Onların istedadlarına uyğun ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında və defektoloji bölmələrdə, həmçinin məktəbdənkənar müəssisələrin dərnəklərinə, musiqi məktəblərinə, idmanın müxtəlif növləri üzrə qruplara və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müvafiq bölmələrinə cəlb edilməsi istiqamətində zəruri işlər görülür.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Naxçıvan muxtar respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun rəhbərliyi altında uşaqlar dövlət qayğısı ilə əhatələnərək onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, intellektual və mənəvi inkişafı təmin olunmaqdadır. Muxtar respublikada yaşayan bütün uşaqlar kimi valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqları da dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələnmişlər. Belə ki, onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirlməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur. Bu gün keçirilən tədbiri də uşaqlara göstərilən diqqət və qayğının daha bir təzahürü kimi ifadə etmək olar. 15 sentyabr Bilik Günü ilə əlaqədar keçirilən tədbirin davamı olaraq bu gün uşaqlara qış geyimlərinin verilməsi və bu tədbirlərin keçirilməsi dövlətimiz tərəfindən ailələrə bir tərəfdən maddi dəstəkdirsə, digər tərəfdən ailələrə, eləcə də uşaqlara göstərilən mənəvi dayaqdır. İnanırıq ki, valideynlər göstərilən qayğıdan səmərəli şəkildə yararlanaraq ölkəmizə vətənpərvər və bilikli vətandaşlar yetişdirəcək, uşaqlar isə bu yolda layiqli vətəndaş kimi böyüyəcəklər.
Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Tamara Zeynalova bu kateqoriyadan olan uşaqlara göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirdi.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri verilib.
Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 81, sağlamlıq imkanları məhdud 286, aztəminatlı ailələrin övladlarından isə 86 olmaqla, ümumilikdə 453 məktəbli təhsil sovqatı ilə sevindiriliblər.
Həmin gün muxtar respublikanın rayonlarında da aidiyyatı təşkilatların və rayon İcra Hakimiyyətlərinin nümayəndələri tərəfindən sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri verilib.