13.11.20 17:57
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1200-2020-11-13-14-00-14.html#sigProId541a3034aa
Noyabrın 13-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, şəhidlərin ailə üzvləri də tədbirdə iştirak ediblər.
Şəhid olan hərbi qulluqçularımız Qurbanov Xansu Elsevər oğlunun, İsmayılov Əmrah Xudaverdi oğlunun, İbrahimov Ruzi Əliağa oğlunun, İbrahimov Ayaz Sultan oğlunun, Novruzlu Ümid Bahadur oğlunun, Məmmədəliyev Saday Rza oğlunun, Babayev Şamil Baloğlan oğlunun, Dünyamalıyev Ceyhun Zeynal oğlunun, Tağıyev Azər Kamil oğlunun, Məmmədov Kəmaləddin İsrail oğlunun, Əsgərov Təbriz Çapay oğlunun, Mirzəyev Aslan Məqsud oğlunun, İbrahimov Qurban Namiq oğlunun və Yüzbaşyev İsmayıl Fəzayıl oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.
Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salınıb.
Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.
Vətənpərvərlik hər bir insanın daxilindəki ali hissdir. Vətənə xidmətdə isə bu hissdən böyük heç nə yoxdur. Buna görədir ki, oğullarımız torpaq uğrunda mübarizəyə ölümün gözünə dik baxaraq yollandılar. Böyük qəhrəmanlıq və şücaət göstərməklə şəhidlik zirvəsinə yüksələrək azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırdılar. Vətən uğrunda canlarından keçənlər isə əbədi yaşayacaqlar.