Bəhruz Kəngərli Muzeyi ziyarət olunub

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq  muxtar respublikada  bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişi təmin olunur. Noyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Bəhruz Kəngərli Muzeyində olublar.

Muzeyin bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki,  Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılmışdır.

Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də  muzeyin açılış mərasimində iştirak etmiş və Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək  demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.

Bəhruz Kəngərli Muzeyi tarixi binada yerləşir. Bina XIX əsrin sonlarında Qızlar Məktəbi, sonrakı dövrlərdə pedaqoji texnikum və tibb məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ulu öndərin xarirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır. Muzeydə 9 ekspozisiya zalı var. Hazırda muzeydə 1300-ə yaxın eksponat mühafizə olunur. Muzeydə nümayiş etdirilən eksponatlar sırasında həmçinin, Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri, görkəmli şəxslərin və sənətşünasların rəssam haqqında fikirlərini əks etdirən iqtibaslar da var.

Muzey ziyarəti zamanı kollektiv arasında sosial məsafənin qorunması təmin edilib.

Joomla 1.5