Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

ÇapE-poçt

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm tarixi qərarlar qəbul olunub. Həmin gün üçrəngli dövlət bayrağımız Naxçıvanda qaldırılıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1990-1993-cü illərdə muxtar respublika işğaldan qorunmaqla yanaşı, həm də ordu quruculuğu sahəsində mühüm işlər görülüb, müzəffər Azərbaycan ordusunun əsası qoyulub. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də ulu öndərin yolunu davam etdirərək ordu quruculuğuna xüsusi diqqət yetirir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Elə bunun nəticəsidir ki, Vətən müharibəsində Naxçıvandan olan hərbi qulluqçular da böyük şücaət göstərib, şəhidlik zirvəsinə ucalıblar.

Noyabrın 17-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, şəhidlərin ailə üzvləri də tədbirdə iştirak ediblər.

Şəhid olan hərbi qulluqçularımız Vəliyev İsmayıl Mehman oğlunun, Novruzlu Pərviz Qorxmaz oğlunun, Əliyev Ramil Qurban oğlunun, Nəcəfov Yaqub Məhəmməd oğlunun və Alməmmədov İman Tarverdi oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ali Məclisin Sədri şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazələrinin önündən keçilib.

Şəhidlərin cənazələri doğulduqları şəhər və kəndlərə yola salınıb.

Ali Məclisin Sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

30 il əvvəl Naxçıvan Muxtar Respublikasında qaldırılan Azərbaycanın üçrəngli dövlət bayrağı bu gün vətənpərvər oğulların rəşadəti sayəsində işğaldan azad olunmuş torpaqlarda dalğalanır. Bayraq hər bir ölkənin varlığının göstəricisi, xalqın and yeridir. Vətən yolunda canlarını qurban verən şəhidlərin üzərinə bayrağın örtülməsi də onun müqəddəsliyinin təzahürüdür. Çünki şəhidlərimiz üçrəngli bayrağımızın daim dalğalanması üçün ölümün gözünə dik baxanlardır.

Joomla 1.5