27.11.20 15:45
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı (bundan sonra – Fəaliyyət Planı) “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamının 3.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır.
Fəaliyyət Planı yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapmışdır. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.
Fəaliyyət Planında erkən yaş dövründə uşaqların inkişafının təmin olunması ilə bağlı körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin təbliği, doğuşayardım tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikaların təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Uşaqlarda təhlükəsiz həyat fəaliyyəti, xüsusilə internet təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tədrisinin təkmilləşdirilməsi və bu sahədə biliklərin artırılması, yeniyetmələrin intellektual inkişafını stimullaşdıran layihələrin həyata keçirilməsi, sağlam həyat tərzinin və asudə vaxtın təşkili istiqamətində tədbirlər də Fəaliyyət Planında nəzərdə tutulan əsas məsələlərdəndir.
2. Fəaliyyət Planının məqsədi, istiqamətləri və əsas prinsipləri
2.1. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.
2.2. Fəaliyyət Planı aşağıdakı istiqamətlərdə həyata keçirilən tədbirlərin davamlılığını təmin edir:
2.2.1. uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə çevik institusional mexanizm formalaşdırılması;
2.2.2. erkən yaş dövründə uşaqların fiziki və əqli inkişafının təmin edilməsi, sağlam qidalanması istiqamətində tədbirlər görülməsi, eləcə də uşaqların sağlam böyüməsi üçün göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması;
2.2.3. valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi;
2.2.4. uşaqların milli-mənəvi ruhda tərbiyə olunması, istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər görülməsi;
2.2.5. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasına dair mütəmadi monitorinqlərin keçirilməsi və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi.
2.3. Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirlər aşağıdakı prinsiplər rəhbər tutulmaqla həyata keçirilir:
2.3.1. uşaqların maraqlarının qorunması;
2.3.2. təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman sahələrində bütün uşaqlar üçün bərabər imkanlar yaradılması;
2.3.3. dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını müdafiə etmək üçün müasir tələblərə uyğun dəstək xidmətlərinin təmin edilməsi;
2.3.4. uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi;
2.3.5. uşaq hüquqları ilə bağlı problemlərin həllində uşaqların söz azadlığının və iştirakçılığının təmin edilməsi.
3. Fəaliyyət Planının maliyyələşdirilməsi
3.1. Fəaliyyət Planında göstərilən tədbirlərin icrasına tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
4. Fəaliyyət Planının monitorinqi və qiymətləndirilməsi
4.1. Fəaliyyət Planının uğurla həyata keçirilməsi üçün əlaqələndirici dövlət orqanı işçi qruplar yaradacaqdır. İşçi qruplar prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaqlar.
4.2. Fəaliyyət Planının monitorinqini və müntəzəm olaraq qiymətləndirilməsini əlaqələndirici dövlət orqanı həyata keçirəcəkdir. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır.