Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir

ÇapE-poçt

Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizdə cəmiyyətin bütün təbəqələrinin üzvləri, o cümlədən məhdud fiziki imkanlı insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əsası qoyulan əlilliyi olan insanlarla bağlı dövlət siyasəti hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, müvafiq kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, problemlərin həllinə imkanlar yaradan qanunlar, qərarlar, dövlət proqramları qəbul edilmişdir. Həmçinin ölkəmiz müvafiq  sahədə beynəlxalq  konvensiyalara qoşulmuşdur.

 

13 dekabr 2006-cı il tarixdə Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası qəbul edilmişdir ki, bu da əlilliyi olan şəxslərlə bağlı ölkələrə minimum standartlar müəyyən etməklə əlillərin mülki, siyasi, iqtisadi və sosial həyatdan bəhrələnə bilməsi üçün dövlətlərə öhdəlik tətbiq edən Birləşmiş Millətlər Təşkilatının hüquqi cəhətdən məcburi olan ilk beynəlxalq sənədidir. Konvensiya əlilliyi aydın bir şəkildə insan hüquqları məsələsi kimi tanıyır.

 

Ölkəmizdə müvafiq sahədə yaradılmış möhkəm qanunvericilik bazası, sağlamlıq imkanlarından asılı olmayaraq ayrı-seçkiliyə yol verilməməsinə təminat verərək, vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmağa, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına, habelə onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına köməklik göstərilir. Həmçinin Ölkəmizdə ana və uşaqların sağlamlıqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş, “Uşaqların icbarı dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Bununla yanaşı nikahdan əvvəl tərəflərin məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik ailələrimizin eləcə də, gələcək nəslin sağlamlığına xidmət edir.

Əlilliyi olan insanların maddi təminatını gücləndirmək məqsədilə hər ay əlillik qruplarına uyğun olaraq verilən pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır, vaxtaşırı mənzil, maşın və sair kimi vasitələr hədiyyə edilir. Fiziki sağlamlığı məhdud şəxslərə pulsuz protezlər, əlil arabaları verilir. Bunlarla yanaşı, onlar üçün müəyyən imtiyazlar, güzəştlər tətbiq olunur.

Bu istiqamətdə reallaşdırılan dövlət proqramları əlillərin və aztəminatlı ailələrin sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına, həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə yönəldilmişdir.

Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində, eləcə də, Naxçıvan Muxtar Respublikasında öz əksini tapmışdır. Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması, onların müalicə-reabilitasiyası, minik avtomobilləri, texniki-bərpa vasitələri ilə təmin edilməsi, məşğulluq imkanlarının artırılması, təhsili, istedad və bacarıqlarının aşkarlanması, asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və region şöbələrində, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə  Dəstək Mərkəzi yaradılan yüksək səviyyəli şərait bu qəbildən olan vətəndaşların müalicəsinin və reabilitasiyasının təşkilində mühüm rola malikdir.

Əlillərin cəmiyyətə inteqrasiyası, onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi, əməklərinin qiymətləndirilməsi, sosial problemlərinin  həlli istiqamətində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra tədbirlər həyata keçirir. Əlil ailə üzvü  olan aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkilir, ehtiyaclarına uyğun yardım edilir, fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi satışlar təşkil olunur, onların məşğulluqlarının təmin olunması üçün sosialyönümlü layihələrə cəlb olunurlar. Əlliyi olan qadınlar təlimlərə cəlb olunur və onlara ailə təsərrüfatlarını qurmaları üçün sərmayə kapitalı verilir.

Belə ki, təkcə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramının qismən maliyyə dəstəyi daxil olmaqla Avropa İttifaqının maliyyələşdirdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyəti Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilən “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətlərinin Artırılması” layihəsində fiziki imkanları məhdud və  əlil ailə üzvü olan aztəminatlı ailələrdən olan qadınlara “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və İnkişaf etdir” adlı 12 təlim keçirilmişdir. Təlimlərdə iştirak edən və öz uğurlu biznes planları ilə seçilən, muxtar respublikanın şəhər və rayonlarından olan digər qadınlarla yanaşı 16 əlilliyi olan qadına və ailə üzvləri əlil olan 5 qadına 13900 manat dəyərində sərmayə kapitalı verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası diqqət mərkəzində saxlanılmışdır. Proqramın icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud insanlar, aztəminatlı ailənin üzvü olan qadınlar peşə kurslarına cəlb olunur. Cari ildə Komitə tərəfindən peşə kurslarına cəlb olunan qadınlardan 22 nəfəri əlliliyi olan qadınlardır.

Sağlamlıq imkanları məhdud insanların müvafiq peşə kurslarına cəlb edilməsi onların münasib işlə təmin olunmasına, onların məşğulluq problemlərinin həll olunmasına  imkan yaradır.

Milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə Komitənin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında istedadlı qadınların, o cümlədən əlilliyi olan istedadlı qadınların əl işlərinin satışı və il ərzində qadınların əl işlərinin  sərgi-satışı həyata keçirilir.

2020-ci il 01 iyul tarixə olan statistik məlumatlara əsasən muxtar respublikada 164 min 898 uşaq yaşayır ki, bunlardan da 1881 nəfəri sağlamlıq imkanları məhdud olanlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın qəbul olunması həmin kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili, müalicə-reabilitasiyası, asudə vaxtının səmərəli təşkilini təmin edir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq uşaqlarla bağlı məlumat bazası yaradılmışdır. Komitədə mütəmadi olaraq həmin uşaqların ailələri ilə əlaqə saxlanılaraq məlumatları müvafiq bazaya əlavə edilir. Həmçinin bu kateqoriyadan olan uşaqlar barədə aidiyyəti orqandan Komitəyə daxil olan məlumatlar əsasında təhlillər aparılır.

Belə ki, cari ilin ikinci yarısında aparılan təhlillər zamanı muxtar respublika üzrə 1881 nəfər sağlamlıq imkanları məhdud olan uşaqdan 719-nun qız, 1162-nin oğlan olduğu məlum olmuşdur. Bunlardan da, 1365 nəfəri anadangəlmə, 516 nəfəri isə sonradan qazanılma xəstəliklər nəticəsində sağlamlığını itirmiş uşaqlardır. Onlar arasında ən çox rast gəlinən xəstəliklər anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, sinir sistemi xəstəlikləri, psixi pozğunluqlar və davranış pozğunluqları, qan dövranı sistemi xəstəlikləri, qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləridir.

Aparılan təhlillər zamanı məlum olmuşdur ki, 1881 nəfər sağlamlıq imkanları məhdud uşaqdan 2002-ci il təvəllüdlü 76 uşaq olduğu halda, 2019-cu il təvəllüdlü uşaqlar arasında bu rəqəm 4-dür.  Buda muxtar  respublikada aparilan  müvafiq sahədə dövlət siyasətinin uğurlu  nəticəsidir.

Təkcə cari ilin ötən dövründə adıçəkilən proqramın icrası ilə bağlı Komitə tərəfindən 520 sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılmış və onlarla geniş maarifləndirici söhbət aparılmışdır. Potensiallarına uyğun olaraq 54 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə reabilitasiya müəssisələrinə cəlb olunmuşdur. Müvafiq proqramın icrası ilə uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına müsbət təsir etməklə yanaşı, onlar arasında bir-birinə qarşı anlaşma və hörmət hissinin inkişafına şərait yaradır.  Həmçinin  məktəblərdə uşaqlar  arasında  tolerant  mühitin  yaradilması  məqsədilə  mütyəmadi olaraq valideyn uşaq və  müəllimlər  üçün  tədbirlər keçirilir.

Bundan başqa Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması da uşaqların sağlamlıqlarının qorunması məqsədilə həyata keçirilən zəruri işlərdəndir.

Xüsusi kateqoriyadan olan uşaqlarla əlaqədar həyata keçirilən tədbirlərə sağlamlıq imkanları məhdud uşaqların cəlbi, asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır, memarlıq abidələrinə ekskursiyaya, teatr tamaşalarına dəvət olunurlar, bayram və əlamətdar günlərdə hədiyyələrlə sevindirilirlər, onlara bayram sovqatları verilir.

Hər il ənənəvi olaraq 1 iyun - “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilir. Cari ildə Komitə aidiyyəti təşkilatla birgə keçirdiyi aksiyada toplanmış 11 litr qan xəstəxananın Qan Bankına verilmişdir.

2020-ci il 15 sentyabr-Bilik Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan sağlamlıq imkanları məhdud 7 uşaq məktəbli paltarı və dərs ləvazimatları, 10 uşaq isə qış geyimi ilə təmin edilmişdir. Eyni zamanda  bu qəbildən olan uşaqların  asudə vaxtlarının  səmərəli  təşkili  məqsədilə  uşaqların teatr tamaşalarına, muzeylərə  ekskursiyaları  təşkil olunur.

Sağlamlıq imkanları məhdud insanlara dövlət qayğısı ilə yanaşı, hər bir sağlam vətəndaşın xüsusi diqqət, qayğı ilə yanaşması vacibdir. Bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə də, problemlərini həll etmək sağlam insanların qarşısında duran ən mühüm məsələlərdən olmalıdır. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabər hüquqlu yaşamaq haqqı var və bu onlar üçün çox önəmlidir.

Joomla 1.5