Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

ÇapE-poçt

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanın dünəni, bugünü və gələcəyidir. 1969-cu il iyulun 14-də ulu öndərimizin ölkəmizə rəhbər seçilməsi Azərbaycanın müstəqillik tarixinin və uğurlu inkişafının əsasını qoydu. 1969-1982-ci illərdə ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda böyük iqtisadi tədbirlər reallaşdırılmış, istehsal müəssisələri, zavodlar, fabriklər tikilmiş, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başlamış, xalqımızın tarixi yaddaşı bərpa edilmişdir. İkinci dəfə qazandığımız dövlət müstəqilliyinin əsasında da ulu öndərin ötən əsrin 70-80-ci illərində yaratdığı möhkəm təməl, güclü intellektual və iqtisadi potensial, milli ruh dayanırdı.

 

Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilib. Bu missiyanın öz başlanğıcını götürdüyü məkan isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Ulu öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışmış, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atmışdır. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunmuşdur. Dahi rəhbərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoymuşdur. Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması da bu yolda qəbul edilən ən mühüm qərarlardandı.

Xalqın ulu öndər Heydər Əliyevə olan böyük inamı və təkidli tələbi ilə 1993-cü il iyunun 15-də dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ölkəmizdəki böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətçilik yoluna qədəm qoyan Azərbaycanın qarşısında duran problemlər həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ulu öndər Heydər Əliyevin ömür yoluna nəzər salsaq aydın olar ki, bu ömür yalnız bir məqsədə xidmət etmişdir: O da müstəqil və qüdrətli Azərbaycandır. Ona görə də ümummilli liderimizin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə milli intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur.

Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, 30 ilədək işğal altında olan torpaqlarımız 44 gün ərzində müzəffər ordumuz tərəfindən düşmən tapdağından azad edildi. Bununla həm ərazi bütövlüyümüz təmin edildi, həm də “Hər bir azərbaycanlı bilməlidir və  hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”,- deyən ümummilli liderimizin arzuları reallaşdı.

Şuşanın azad edilməsi xəbərini Bakıdakı Şəhidlər Xiyabanından xalqa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”

Bu gün Naxçıvan Muxtar Respublikası da əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Bu tərəqqiyə ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi və Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunmuşdur. Son illər muxtar respublikada quruculuq işləri geniş vüsət almış, dinamik iqtisadi inkişaf əldə olunmuş, infrastruktur yenilənmiş, sosial proqramlar qəbul edilərək icra olunmuş, enerji və ərzaq təhlükəsizliyi təmin olunmuş, etibarlı müdafiə sistemi yaradılmışdır.

İnkişaf, milli birlik və həmrəylik, güclü dövlət və müstəqillik ümummilli liderimizin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Zaman keçdikcə, illər ötdükcə, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha dərindən dərk edirik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir”.

Müdriklər deyir ki, Vətənə və xalqa həsr olunmuş ömür bitmir. Ümummilli liderimiz də deyirdi ki: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Joomla 1.5