24.12.20 14:22
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1260-2020-12-25-07-27-21.html#sigProId560aac272c
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbiri giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən ətraflı bəhs edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətin ailə siyasəti ölkəmizdə, eləcə də, Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Belə ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sağlam əsaslar üzərində qurulmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və gənclərin hərtərəfli inkişafına, ümumilikdə güclü nəsil kimi formalaşmasına xidmət edir. Həmçinin, muxtar respublikada yaşayan ailələrin daha da möhkəmləndirilməsi ilə bağlı sosialyönümlü layihələr həyata keçirilir ki, bu da əhalinin, xüsusən də ailələrin məşğulluqlarının təmin olunmasına, sağlamlıqlarının qorunmasına gətirib çıxarır.
Komitə sədri bildirmişdir ki, muxtar respublikada cəmiyyətin əsas atributu olan ailələrin, xüsusən də gənc ailələrin dayanıqlı olmasının əsasını təşkil edən Azərbaycan ailə dəyərlərinin ailələrdə yaşadılması istiqamətində tədbirlər görülür .
Belə ki, müntəzəm olaraq ailə dəyərlərinin təbliği istiqamətində müsabiqələr təşkil olunur, kütləvi informasiya vasitələrində çıxışlar edilir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi və “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinin keçirilməsi də görülən işlərin məntiqi davamıdır.
Ramilə Seyidova muxtar respublikada ailələrə göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Nuxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.
Həmçinin, Ramilə Seyidova müsabiqə qaliblərini təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşı Asəf Orucov keçirilən müsabiqənin gənclər üçün əhəmiyyətindən danışmışdır. Bildirmişdır ki, təşkil olunan müsabiqələr gənc nəsildə ailə dəyərlərinin, eləcə də ənənəvi dəyərlərin formalaşmasında və inkişafında mühüm rol oynayır. Ailənin mənəvi sağlamlığı bütövlükdə cəmiyyətin sağlamlığı deməkdir. Bu mənada ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə layiqincə aşılanması həm gələcək inkişafımıza birbaşa təsir edən amildir, həm də ali dəyərlərin düzgün şəkildə formalaşmasına zəmin yaradır. Ailə dəyərlərinin təbliğində bu səpkidə müsabiqələrin təşkil olunması milli-mədəni dəyərlərimizi gənc nəslə daha dolğun şəkildə mənimsətmək və Azərbaycan ailəsinin genofondunu qoruyub gələcək nəsillərə çatdırmaq kimi bir məsuliyyətli missiyanı yerinə yetirməkdir.
Tədbirdə bildirilmişdir ki, “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə 69 rəsm, 42 inşa və 10 dekorativ iş olmaqla ümumilikdə 121 iş təqdim olunub. Sayca yeddincisi təşkil olunan müsabiqədə 11 nəfər yaradıcı şəxs yer və həvəsləndirici yerlər tutaraq diplom və hədiyyələrlə təltif olunublar.
“Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinə isə 50 foto və 14 film olmaqla ümumilikdə 64 film və foto təqdim olunub. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müsabiqə qaliblərindən 2 nəfər I yer tutmaqla hər birinə 200 manat, 2 nəfər II yer tutmaqla hər birinə 150 manat, 2 nəfər III yer tutmaqla hər birinə 100 manat pul mükafatı, 4 nəfər isə həvəsləndirci yer tutmaqla hər birinə hədiyyə və diplomlar təqdim olunub. Gənclər və həvəskar yaradıcı insanlar arasında keçirilən bu müsabiqələrə təqdim edilən işlərin hər birində ailə dəyərlərimizin, adət-ənənələrimizin, ailə birliyinin qorunub saxlanılması, ailədə sülh və dözümlülük ənənəsinin təbliğ edilməsi və milli ruhda gənclərin yetişməsi təbliğ edilımişdir.
Sonda “Ailə dəyərlərimiz film və fotolarda” V muxtar respublika yaradıcılıq müsabiqəsində təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olmuş, həmin müsabiqədə “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film izlənilmiş və “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə təqdim edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.