28.12.20 18:41
O ordu qalib və güclüdür ki, onun müzəffər Ali Baş Komandanı, vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Vətən müharibəsində qazandığımız tarixi qələbənin əsasında da məhz bu amillər dayanır. Ötən əsrin 70-ci illərindən ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli hərbi kadr hazırlığı və ordu quruculuğu strategiyası bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İqtisadi və siyasi qüdrətini günbəgün artıran Azərbaycanda dövlət-xalq-ordu birliyi, möhkəm həmrəylik və güclü iradə vardır. Vətən müharibəsində qazanılan tarixi qələbə həm də milli ruhun, xalq-lider birliyinin daha bir ifadəsi oldu. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan xalqı öz birliyini göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”.
Dekabrın 28-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhid olan hərbi qulluqçumuz Gülməmmədov Amin Mais oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Şəhidimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ali Məclisin Sədri şəhidimizin xatirəsinə ehtiramını bildirib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.
Şəhidin cənazəsi doğulduğu kəndə yola salınıb.
Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.