29.12.20 19:26
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1267-2020-12-30-05-28-59.html#sigProId0b02bcdf06
Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında gənclərə qayğı dövlət siyasətinin əsas istiqamətidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gənclərlə ciddi məşğul olmaq - Azərbaycanın gələcəyi haqqında düşünmək, gələcəyi naminə çalışmaq deməkdir”, – fikirləri əsas götürülərək gənclərin hərtərəfli inkişafına və sosial təminatına xüsusi diqqət yetirilir. Həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır.
Dekabrın 29-da Naxçıvan şəhərində yeni "Gənclər şəhərciyi" yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov çıxış edərək deyib ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı bütün sahələrdə əhalinin rahatlığının təmin olunmasına şərait yaradıb. Həyata keçirilən tikinti-quruculuq işlərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Hər il yeni yaşayış binaları inşa olunur, mövcud binalar yenidən qurularaq istifadəyə verilir. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı da yaradılmış şəraitdən bəhrələnərək öz layihələri ilə muxtar respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Belə layihələrdən biri də bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksidir. Sahibkarlığa Kömək Fondundan layihənin icrasına 3 milyon manat kredit ayrılıbdır. Sahibkarlar üçün yaradılan şərait və göstərilən qayğı bu layihənin də uğurla icra olunmasına imkan verib. Vüqar Abbasov yaradılan şəraitə görə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının kollektivi adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Gənclər şəhərciyi" yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: 2019-cu ilin iyun ayında təməli qoyulan yaşayış kompleksi bu gün istifadəyə verilir. Muxtar respublikada 462 minə yaxın əhali yaşayır ki, onların 142 mindən çoxu, yəni 31 faizi gənclərdir. Ona görə də Naxçıvan Muxtar Respublikasında gənclərin təhsili və məşğulluğu sahəsində tədbirlər görülür, onların dövlət və özəl müəssisələrdə işləmələri üçün hərtərəfli şərait yaradılır, mənzillə təmin olunmaları üçün yaşayış kompleksləri tikilib istifadəyə verilir. Son illər Naxçıvan şəhərində ümumi mənzil sayı 900-ə yaxın olan 21 yaşayış binası tikilib istifadəyə verilib, gənclərin ipoteka kreditləri ilə mənzil sahibi olmalarına şərait yaradılıb. Bu işlər muxtar respublikanın bütün rayon mərkəzlərində də aparılır, yeni yaşayış binaları tikilir, gənclər ipoteka krediti ilə mənzil sahibi olurlar. İstifadəyə verilən "Gənclər şəhərciyi" yaşayış kompleksində 6 binada 132 mənzil vardır. Həmin mənzillərin 102-si ipoteka krediti ilə satılıb. Bu gün təməli qoyulacaq yeni şəhərcik də gələcəkdə gənclərin mənzil tələbatını ödəyəcəkdir. Bütün bunlar dövlətin vətəndaşına, gələcəyi olan gənclərə göstərdiyi qayğının, eyni zamanda dövlət-xalq birliyinin nümunəsidir.
Ali Məclisin Sədri deyib: İpoteka kreditləri o gənclərə verilir ki, onlar dövlət və özəl qurumlarda, eləcə də digər sahələrdə uğurla fəaliyyət göstərir, ölkənin inkişafına töhfə verirlər. Yaşayış kompleksində 10-a yaxın yeni iş yeri açılıbdır ki, burada da gənclər çalışacaqlar. Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi öz bəhrələrini verir. Bu gün istifadəyə verilən yaşayış kompleksi də ölkəmizdəki inkişaf, sabitlik və firavan həyat tərzinin göstəricisidir. Bunlar mühüm amillərdir. Çünki elə ölkələr vardır ki, orada gənclərin mənzil sahibi olması üçün heç bir tədbir görülmür. Buna görə də hər bir gənc göstərilən qayğıya cavab olaraq işlədiyi sahədə fəaliyyətini düzgün qurmalı, ölkəmizin davamlı inkişafına töhfə verməlidir.
Ali Məclisin Sədri kompleksin tikilməsində əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirib, yaşayış kompleksində “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kreditləri hesabına mənzil almış gənclərə orderləri təqdim edib, onlara rahat və firavan həyat arzulayıb.
Mənzillə təmin olunan Ülviyyə Taharova göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: "Muxtar respublikada gənclər hərtərəfli qayğı ilə əhatə olunur. Onların mənzillə təminatı da diqqət mərkəzindədir. Yeni yaşayış kompleksindəki mənzillər güzəştli ipoteka yolu ilə gənc ailələrə verilir. Artıq muxtar respublikada gənclər mənzil sahibinə çevrilirlər. Bu da insan amilinə verilən qiymətin daha bir ifadəsidir. "Gənclər şəhərciyi" yaşayış kompleksində mənzil sahibi olan bütün ailələr adından göstərilən qayğıya görə minnətdarlıq edirik".
Sonra kompleksin tikintisində əməyi olanlara hədiyyələr təqdim olub.
Baxış zamanı bildirilib ki, ümumi sahəsi 28 min 752 kvadratmetr olan şəhərcikdə 2 yeddimərtəbəli, 4 beşmərtəbəli olmaqla, 6 bina vardır. Binalarda sahəsi 69-84 kvadratmetr olan 80 ikiotaqlı, sahəsi 84-88 kvadratmetr olan 52 üçotaqlı mənzil olmaqla, ümumilikdə 132 mənzil yerləşir. Şəhərciyin ərazisində 40 yerlik avtomobil dayanacağı inşa olunub. Burada mağaza istifadəyə verilib, həmçinin binaların hər birində sərnişin və yük liftləri quraşdırılıb.
Kompleksə fiber-optik xətt çəkilib, yanğından mühafizə üçün su anbarı və 4 su nasosu, eləcə də video-nəzarət sistemi, 630 kilovoltamper gücündə transformator, 50 kilovoltamper gücündə generator quraşdırılıb. Ərazidə abadlıq işləri aparılaraq müasir işıqlandırma və suvarma sistemi çəkilib, uşaq əyləncə parkı yaradılıb.