13.01.21 17:00
Bu gün muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, özünüməşğulluq imkanlarının təmin edilməsi, innovasiyalar tətbiq olunan yeni iş yerlərinin yaradılmasına yönəldilmiş layihələrin həyata keçirilməsi dövlətin ali məqsədlərindən biridir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də tapşırıqlar verilmişdir.
Belə ki, əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə peşə kurslarının təşkili istiqamətində 109-u bərbər-manikürçü, 86-sı kompüter, 42-si aşbaz, 27-si dərzi, 15-i dayə, 12-si toxucu və 5-i xalçaçı olmaqla, ümumilikdə 296 nəfər aztəminatlı və sağlamlıq imkanları məhdud ailənin üzvü olan qadınların peşə kurslarına cəlb olunması üçün məlumatları aid dövlət orqanlarına göndərilmişdir.
Həmçinin hesabat dövrü ərzində sağlamlıq imkanları məhdud və evdar qadınların məşğulluqlarını təmin etmək üçün sosialyönümlü layihələr həyata keçirilmişdir. Belə ki, müvafiq dövrdə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində 2019 və 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi icra olunmuşdur. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və onu inkişaf etdir” adı altında 12 təlim keçirilmiş, təlimlərin sonunda uğurlu biznes planı ilə seçilən 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilmişdir. Verilən sərmayə kapitallarının 53 min 600 manat məbləği, yəni 77.4 faizi ailə təsərrüfatlarının genişləndirilməsi və ya qurulması üçün (heyvandarlıq, arıçılıq, quşçuluq, konservləşdirmə, əkinçilik), 15 min 650 manat məbləği, yəni 22.6 faizi isə digər sahələr üçün (sağlamlıq imkanları məhdud olan uşaqlara psixoloji xidmət, zərgərlik, rəssamlıq, dərzilik, bərbərlik, xalçaçılıq, toxuculuq) nəzərdə tutulmuşdur.
Əlavə olaraq bildirilir ki, “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı keçirilmişdir. Konfransda layihə iştirakçısı olan qadınların hazırladığı əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi-satış təşkil olunmuşdur. Sərgidə 17 ailə təsərrüfatçısı qadının 513 adda müxtəlif növdə ailə təsərrüfatı məhsulları və 19 istedadlı qadının 1119 adda əl işi və ailə təsərrüfatı məhsulları sərgilənmişdir. Sərgi-satışda 15 ailə təsərrüfatçısı qadının 671 manat dəyərində 265 adda müxtəlif növdə ailə təsərrüfatı məhsulları və 9 istedadlı qadının 346 manat dəyərində 62 əl işi satılmışdır. Ümumilikdə, isə sərgidə 24 qadının 1017 manat dəyərində 327 əl işi və istehsal etdiyi məhsulları satılaraq məbləği qadınlara ödənilmişdir. Həmçinin layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşlarına maliyyə savadlılığı üzrə 2 gün təlim keçirilmiş və sonda 10 nəfərə təlimçi sertifikatları verilmişdir ki, onlardanda 2-si qadın olmuşdur.
Sosialyönümlü layihələrin davamı olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyası və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində Virtual Sahibkarlar Yarmarkası həyata keçirilmişdir. Muxtar respublikadan olan 32 istedadlı və ailə təsərrüfatçısı qadının 842 əl işi və ailə təsərrüfatı məhsulu yarmarkaya çıxarılmış və Virtual Yarmarkada 9 qadının 132 manat dəyərində 37 ailə təsərrüfatı məhsulu satılmışdır. Hal-hazırda www.e-sergi.az internet səhifəsi üzərindən onlayn satış davam etdirilir.
Həmçinin qeyd etmək lazımdır ki, evdar qadınların özünüməşğulluğunu təmin etmək məqsədilə, qadınların maliyyə savadlılığının artırılması itsiqamətində də tədbirlər görülür. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təlimçiləri tərəfindən maliyyə savadlılığı üzrə 2 günlük “Gələcəyini planlaşdır” təlimi keçirilmiş, 30 nəfər qadın iştirak etmiş və təlimin sonunda sertifikatlar təqdim olunmuşdur.
Ümumilikdə Proqramın icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və evdar qadınların məşğulluqlarını təmin etmək məqsədilə məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət 23 sərgi-satış, 5 festival, 1 virtual yarmarka və 1 təlim keçirilmişdir.
Proqramın icra müddətində özünüməşğulluğun təmin edilməsi məqsədilə sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin əl işlərinin satışına köməklik göstərilməsi üçün ümumilikdə 1269 şəxsin 56086 manat dəyərində 6235 adda əl işi və ailə təsərrüfatı məhsulları satılaraq vəsaiti iş sahiblərinə ödənilmişdir. Bu bir tərəfdən qadınların özünə məşğulluğun təmin edilməsidirsə, digər tərəfdən qadınlara göstərilən maddi dəstəkdir. Özünəməşğulluqla bağlı təşkil olunan tədbirlər qadınlarda özlərinə güvən hissini artırır, istedad və bacarıqlarını üzə çıxarır. Bunun nəticəsində də əldə olunan məvacib ailə büdcəsinin idarə olunmasında mühüm rol oynayır.
Bu gün muxtar respublikada həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrin davamlı şəkildə həyat keçirilməsi həm region kimi modernləşməyə, həm də Naxçıvan qadınları üçün ictimai fəallığın artırılmasına mühüm təkan vermiş olur.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bundan sonra da qadınların özünüməşğulluğunun təmin olunmasını diqqət mərkəzində saxlayacaq, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəkdir.