Kollegiya iclası keçirilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2020-ci ilin yanvar və dekabr ayları ərzində görülən işlər və qarşıya qoyulan vəzifələrlə baglı kollegiya iclası keçirilmişdir.

İclasda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada ailə, qadın və uşaq sahəsinə göstərdiyi diqqət və qayğısı nəticəsində əhalinin, o cümlədən ailələrin sosial müdafiəsi güclənir, maddi rifah halı gündən-günə yaxşılaşır. Hesabat dövrü ərzində muxtar respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmış, görüş, iclas, tədbir, seminar, konfrans, monitorinqlər keçirilmiş, beynəlxalq günlər qeyd edilmiş və “Muzey günləri” çərçivəsində muzeyə gediş təmin edilmişdir. Aidiyyəti orqanlardan muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar alınaraq toplanmış, Komitədə yaradılmış bazaya əlavə edilmiş və müqayisəli təhlili aparılmışdir. Qeyd olunmuşdur ki, 2020-ci il 01 iyul tarixə olan məlumata əsasən muxtar respublikada 98002 ailə vardır ki, bu da ötən illə müqayisədə 644 və ya 0.66% ailə çoxdur. Bunlardan 1373-ü qaçqın və məcburi köçkün, 220-si şəhid ailəsi, 412-si aztəminatlı ailədir ki, bu da ötən illə müqayisədə 18 və ya 4.18% aztəminatlı ailə azdır. Muxtar respublika əhalisinin 230 min 449 nəfərini, yəni 50.03%-ni  qadınlar təşkil edir ki, bu da keçən illə müqayisədə 1325 və ya 0.58% qadın çoxdur. Bu qadınlardan 6979-u sahibkar, 2498-i qaçqın və məcburi köçkün, 8319-u əlil, 269-u sosial xidmətdə olan ahıl, 3-ü Ahıllar Evində yaşayan, 161-i şəhid ailəsi sayılan, 211-i bələdiyyə üzvü, 9 nəfəri bələdiyyə sədri olan qadınlardır.

Muxtar respublikada yaşayan uzunömürlü 583 ailə haqqında məlumatlar toplanılaraq Komitədə yaradılan məlumat bazasına  əlavə edilmişdir.

Ramilə Seyidova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 69 qadının müvafiq məlumatları Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinə göndərilmişdir.

Ümumilikdə, hesabat dövrü ərzində 53 istedadlı və ailə təsərrüfatçısı olan qadının 1590 manat dəyərində 840 əl işi və ailə təsərrüfatı məhsulları satılmışdır.

Ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, qadınların hüquqi biliklərinin artırılması, sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi məqsədilə 106 qadının iştirakı ilə Şərur rayonunun Siyaqut kəndində və Ordubad rayonunun Vənənd kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş və 410 ədəd maarifləndirici broşür paylanılmışdır.

Hesabat dövrü ərzində əlamətdar günlərdən olan, 8 Mart - Beynəlxalq Qadınlar Günü  münasibətilə Komitə tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir. Həmçinin “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda bayram tədbiri keçirilmiş, Komitə tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 50 qadına diplom, eləcə də tədbirdə iştirak edən qadınlara hədiyyələr verilmişdir. Həmçinin tədbirdə 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 adda ailə təsərrüfatı məhsulundan ibarət sərgi-satışı təşkil olunmuşdur. Eyni zamanda 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar aztəminatlı ailələrin sosial vəziyyətlərinin araşdırılaraq həll edilməsi məqdədilə 30 sağlamlıq imkanları məhdud olan, çoxuşaqlı, aztəminatlı ailələrə baş çəkilmişdir. Ümumilikdə, hesabat dövrü ərzində 36 aztəminatlı ailəyə baş çəkilmişdir.

Hesabat dövrü ərzində ailə dəyərlərinin təbliği məqsədilə “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinin və “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsi keçirilmişdir. Qaliblərə Komitə tərəfindən hədiyyə və diplomlar təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikasında qadın sahibkarlığının inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində “Duzdağ” oteldə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf proqramının icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender həssaslı icrasında vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində həyata keçirilən  “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı keçirilmişdir. Konfransda layihə iştirakçısı olan qadınların 1600-dən çox hazırladıqları əl işlərindən və istehsal məhsullarından ibarət sahibkarlıq  sərgisi nümayiş olunmuş və satışı həyata  keçirilmişdir.

Həmçinin, müvafiq layihənin davamı olaraq Naxçıvan Biznes Mərkəzində “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinin icrası ilə əlaqədar “Koronavirusdan qorunma tədbirləri” mövzusunda  3 seminar  keçirilmişdir. Seminarların sonunda 39 qadına (25550 manat dəyərində) Azərbaycan Mikromaliyyə Assosiasiyası və layihə təşkilatçıları tərəfindən sərmayə kapitalının verilməsi ilə əlaqədar bağlanılan müqavilələr təqdim olunmuşdur.

Komitə sədri bildirmişdir ki, verilən sərmayə kapitalının 14-ü iribuynuzlu heyvandarlıq, 3-ü xırdabuynuzlu heyvandarlıq, 5-i qənnadı və un məmulatları, 2-si konservləşdirmə, 1-i əkinçilik, 1-i quşçuluq, 5-i dərzilik,  3-ü bərbərlik, 2-si xalçaçılıq, 1-i zərgərlik, 1-i rəssamlıq, 1-i isə psixoloji xidmət sahəsi üzrə fəaliyyət göstərəcəkdir. Sərmayə kapitalının 72 faizi ailə təsərrüfatının, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik və psixoloji xidmət sahələrinin genişləndirilməsinə və ya qurulmasına yönləndirilmişdir. Sərmayə kapitalı alan 21 qadının iş yeri və təsərüfat sahəsində sərmayə kapitalından düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar monitorinqlər keçirilmiş, ayrılmış sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmış, heç bir neqativ hal və nöqsan aşkarlanmamışdır.

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində Virtual Sahibkarlar Yarmarkası həyata keçirilmişdir. Layihə çərçivəsındə keçirilən Virtual Sahibkarlar Yarmarkasında muxtar respublikadan olan 32 istedadlı və ailə təsərrüfatçısı qadının 842 əl işi və ailə təsərrüfatı məhsulu çıxarılmışdır. Yarmarkada 9 qadının 132 manat dəyərində 37 ailə təsərrüfatı məhsulu satılmışdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə maliyyə savadlılığı üzrə 2 günlük “Gələcəyini planlaşdır” təlimi keçirilmişdir. Təlimdə 30 nəfər qadın iştirak etmiş, təlimin sonunda sertifikatlar təqdim olunmuşdur.

Bildirilmişdir ki, muxtar respublikada 164 min 898 nəfər uşaq yaşayır ki, bu da əhalinin 35.80%-ni təşkil edir. Bu da ötən illə müqayisədə 1083 və ya 0.66% uşaq çoxdur. Bu uşaqlardan 82-si valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 120-si övladlığa götürülmüş, 26-sı xüsusi istedada malik, 28-i ölkədaxili və ölkədənkənar idman yarışların qalib və mükafatçısı olan, 1881-i sağlamlıq imkanları məhdud olan uşaqlardır. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası üzrə 1881 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılmış, məlum olmuşdur ki, uşaqlar arasında ən çox uşaq serebral iflicinin qalığı, bud-çanaq oynağının çıxığı, əqli zəiflik, ürək qüsuru və doğuş travmasının qalığı xəstəlikləridir.

Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 12 uşaq müəssisəsində və uçota alınmış valideyn himayəsindən məhrum olmuş 22 uşağın evində monitorinqlər aparılmışdır. Monitorinq zamanı aşkarlanan nöqsanlar aktlaşdırılmış, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilmişdir. Əlavə olaraq bildirilir ki, cari il ərzində valideyn himayəsindən məhrum olmuş 10 uşağın qeydiyyatı aparılmışdır.

Komitə sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçrilməsinə dair yaradılmış elektron məlumat bankına il ərzində 8403 uşaq haqqında fərdi məlumatlar daxil edilmiş və uşaqların sayı 30007-yə çatmışdır.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-ci il 11 yanvar tarixli 13-05/S nömrəli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı 2020-ci il ərzində 88 nəfəri məktəbəqədər yaşlı olmaqla 570 nəfər sağlamlıq imkanları məhdud olan uşaqlardan potensiallarına uyğun olaraq 60 uşaq məktəbəqədər, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunmuşdur.

Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə sağlamlıq imkanları məhdud, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan 128 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 2 tamaşa, 70 uşağa Naxçıvan Dövlət Film Fondu tərəfindən 1 film nümayiş olunmuşdur.

Şahbuz rayonunda fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilmişdir. Müvafiq sahə ilə əlaqədar hazırlanmış 250 ədəd broşür seminar iştirakçılarına paylanılmışdır.

“1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar Komitə tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Belə ki, aztəminatlı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, tək valideynli və sağlamlıq imkanları məhdud 37 uşağın yaşadığı evlərdə və uşaq müəssisəsində görüşlər keçirilmiş, ailələrə ərzaq payı, uşaqlara geyim dəstləri və bayram hədiyyəsi verilmişdir.

Muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilmiş, toplanmış 11 litr qan xəstəxananın Qan Bankına verilmişdir.

Həmçinin, hesabat dövrü ərzində aztəminatlı, çoxuşaqlı ailələrdən olan, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqlar, şəhid uşaqları, tək valideynli uşaqlar olmaqla ümumilikdə 95 uşağa məktəbli forması və dərs ləvazimatları, müvafiq kateqoriyadan olan 86 uşağa isə qış geyimi verilmişdir.

Hesabat dövrü ərzində Ordubad şəhər M.Füzuli adına tam orta İnternat Məktəbində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, tək valideynli və aztəminatlı ailələrdən olan 42 nəfər uşağa hədiyyə və şirniyyat bağlaması təqdim olunmuşdur. Cari il ərzində keçirilən tədbir və digər əlamətdar günlərdə, ümumilikdə 5 uşağa diplom, 266 uşağa isə bayram sovqatı və hədiyyələr təqdim olunmuşdur.

Ramilə Seyidova bildirmişdir ki, hesabat dövrü ərzində Komitə tərəfindən kütləvi informasiya vasitələrində ailə, qadın və uşaqlarla bağlı təbliğat işi aparılmışdır. Belə ki, Naxçıvan Dövlət Televiziyasında 66 televiziya, Naxçıvan Dövlət Radiosunda 10 radio və “Naxçıvanın səsi” radiosunda 4 material işıqlandırılmış, “Şərq qapısı” qəzetində 22, rayon qəzetlərində isə 8 materialı dərc edilmişdir. Komitənin rəsmi saytında, youtube, facebook və instagram səhifələrində və müxtəlif internet saytlarında 1450 material yerləşdirilmişdir.

Həmçinin hesabat dövrü ərzində Komitə əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif  edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Komitə əməkdaşlarının muzeylərə kollektiv gedişi təmin olunmuşdur.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üçün iş planı və  Qərarı təsdiq olunmuşdur.

Kollegiyaya Komitə sədri yekun vuraraq bildirmişdir ki, Komitə tərəfindən bundan sonra da muxtar respublikanın davamlı inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcək, səlahiyyətləri daxilində səmərəli, məzmunca faydalı işləməyə çalışılacaqdır.

Joomla 1.5