Şəhriyarda yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

ÇapE-poçt

Şərur rayonunun Şəhriyar kəndində kompleks quruculuq işləri görülüb

Bu gün Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsi və məntiqi davamıdır. Ötən 25 ildə əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız”.

Şərur rayonunun Şəhriyar kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Kənddə geniş quruculuq işlər aparılmış, yol yenidən qurulmuş, ümumtəhsil və uşaq-musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilmişdir.

2021-ci ildə ilk məktəb binası Şəhriyar kəndində

istifadəyə verilib

Yanvarın 14-də Şəhriyar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Məlumat verilmişdir ki, 224 şagird yerlik ikimərtəbəli məktəbdə 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı vardır. STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer olmaqla, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilmişdir.

2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 18 şagird qəbul olunmuşdur. Kitabxana fondunda 1315-i dərslik və 2213-ü bədii ədəbiyyat olmaqla, 3528 kitab vardır. Ölkə və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elektron kitab bazası və oxunması zəruri olan kitablardan ibarət guşə şagirdlər üçün geniş mütaliə imkanları açır. Şəhriyar kənd tam orta məktəbində şahmat sinfi də yaradılmış və lazımi avadanlıqlarla təmin olunmuşdur.
Məktəbdə quraşdırılan 4 müasir elektron lövhə və 22 kompüter tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə, distant təhsilin tətbiqinə, eləcə də muzeylərlə interaktiv əlaqələrin qurulmasına imkan verir. Baxış zamanı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə 200-dən çox təhsil müəssisəsi arasında keçirilən "Naxçıvan Muxtar Respublikası: inkişafın yeni mərhələsi" mövzusunda distant dərs izlənilmişdir.

Azərbaycan Respublikasının "Əməkdar müəllimi" Sevda Seyidova minnətdarlıq edərək demişdir ki, muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir ki, ölkəmizin gələcək inkişafına layiqli töhfə verəcək ixtisaslı kadrlar yetişir.
STEAM kabinəsində şagirdlərin hazırladığı əl işləri nümayiş etdirilmiş, hazırlanan layihələr haqqında məlumat verilmişdir.
Sonra Ali Məclisin Sədri müəllimlərlə ­görüşmüşdür.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində ümumtəhsil məktəblərinin maddi-tədris bazası möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı üçün əlverişli şərait yaradılır. Ötən il Şərur rayon Muğancıq-Mehrab, Qarabürc, Babək rayon Nəcəfəlidizə, Ordubad rayon Vənənd və Culfa rayon Camaldın kənd tam orta məktəbləri, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmamış, kitabxana fondları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla zənginləşdirilmişdir. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə quraşdırılmışdır. Ümumtəhsil məktəblərinin infrastrukturunun yeniləşdirilməsi nəticəsində 52 mindən çox şagirdin, 7 mindən çox müəllimin təhsil şəraiti yaxşılaşdırılmışdır. Televiziya və Radio Verilişləri Redaksiyasının Təhsil Nazirliyinin tabeliyinə verilməsi muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, yeni bir mərhələ təşkil edir. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Gənc müəllim Kənarə Məmmədrzayeva çıxış edərək demişdir: "Muxtar respublika müəllimləri ölkə Prezidenti və Ali Məclis Sədrinin qayğısını həmişə hiss edir. Əməkhaqları dəfələrlə artırılmış, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilmiş, fəxri adlara layiq görülmüş, onların fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Bu gün Şəhriyar kənd sakinləri, şagirdlər və müəllimlər üçün olduqca qürurverici gündür. Məktəbimizdə yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına, bilikli və vətənpərvər ruhda tərbiyə olunmalarına, müəllimlərə isə daha yaxşı tədris aparmağa geniş imkan açır". Kənarə Məmmədrzayeva Şəhriyar kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik etmiş, savadlı və vətənpərvər gənclər yetişdirəcəklərinə söz vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəhriyar kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün Şəhriyar kənd tam orta məktəbi müasir məktəblər sırasına daxil olur. Daha bir kənd məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulması həm kollektivin, həm də muxtar respublikanın həyatında əlamətdar hadisədir. Məktəbin son 5 ilinin göstəriciləri onu deməyə əsas verir ki, təhsil ocağı fəaliyyətini düzgün qurmuşdur. Yaradılmış şəraitdən sonra məktəbin nailiyyətləri daha da artacaqdır. Uğurlu fəaliyyətin nəticəsidir ki, məktəbin 2 müəllimi Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Bu böyük fəxr olmaqla yanaşı, həm də çəkilən zəhmətə, qazanılan nailiyyətlərə verilən qiymətdir.

Ali Məclisin Sədri bütün bunlara görə kollektivə təşəkkür edərək demişdir: Məktəbdə müasir tədrisin tələbləri nəzərə alınaraq, elektron lövhəli siniflər, kompüter otağı, STEAM kabinəsi, şahmat otağı, laboratoriyalar, zəngin kitabxana qurulmuş, internetə çıxış təmin olunmuşdur. Bu gün muxtar respublikanın ucqar kəndlərində qurulan məktəblərlə mərkəzdəki məktəblər arasında fərq yoxdur. Bütün bunlar dövlətimizin təhsilə göstərdiyi qayğıdır. Yaradılan şərait həm şagirdlər, həm də müəllimlər üçün geniş imkanlar açır. Müəllimlər dərsləri şagirdlərə qavrama üsulu ilə öyrətməli, şagirdlər də dərslərini bu yolla mənimsəyərək öz biliklərini daha da möhkəmləndirməlidirlər.
Ali Məclisin Sədri demişdir: Hər bir ölkə gələcəyini uğurlu görmək istəyir. Azərbaycan müstəqil dövlətdir, onun qurucusu ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün onun yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə təhsilə dövlət qayğısı göstərilir. Gənclərin vətənpərvər yetişdirilməsi Azərbaycanın müstəqilliyinin davamlı, gələcəyinin etibarlı olmasına xidmət edir. İnkişafa gedən yol təhsildən keçir. Bütün sahələr üçün yaxşı mütəxəssis, vətənpərvər gənclər məktəblərdə yetişdirilir. Yaradılan şərait imkan verəcəkdir ki, burada yetişdirilən təhsilli gənclər ölkəmizin gələcək inkişafında iştirak etsinlər. Bu da kollektivin ölkəmizin inkişafına, gələcəyinə verdiyi töhfədir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına, təhsil ocağının muxtar respublikanın nümunəvi məktəbləri sırasında öz yerini qoruyub saxlayacağına əminliyini bildirmişdir.
Binanın həyətində bufet və fərdi qazanxana tikilmiş, açıq idman qurğuları quraşdırılmış, abadlıq işləri aparılmış və yaşıllıq salınmışdır.

Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbi yeni binada fəaliyyət göstərəcək

Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Yanvarın 14-də Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində fortepiano, tar, kamança, nağara, qarmon ixtisasları üzrə 109 şagird təhsil alır ki, onlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Şagirdlərin təhsili ilə 29 müəllim məşğul olur. Məktəbdə Xor kollektivi, Xalq Çalğı Alətləri və Nağaraçalanlar ansamblları fəaliyyət göstərir.
İkimərtəbəli məktəb binasında direktor, müəllimlər otaqları, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, kamança, tar, fortepiano sinfləri olmaqla, ümumilikdə, 18 otaq, 40 yerlik konsert zalı, kitabxana, elektrik otağı və qarderob vardır.
Ali Məclisin Sədri musiqi məktəbinin kollektivi ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, bu gün qədim diyarımızda mədəniyyətimiz və onun bir qolu olan musiqi sənəti özünün inkişaf dövrünü yaşayır. Hər il Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində və kəndlərində yeni mədəniyyət müəssisələri, uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilir, gənc nəslə milli musiqi sənətinin aşılanması və musiqi təhsilinin nümunəvi təşkili üçün hər cür şərait yaradılır. Şərur rayonunun Şəhriyar kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Natəvan Qədimova göstərilən diqqət və qayğıya görə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbinin müəllimi Sədaqət Məmmədova minnətdarlıq edərək demişdir: "Məktəbimiz üçün müasir binanın inşa olunması kollektivin sevincinə səbəb olmuşdur. Müəllimlər göstərilən diqqət və qayğıdan ruhlanaraq gənc musiqiçi kadrların yetişdirilməsi üçün səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə etməklə üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklər". Sədaqət Məmmədova Ali Məclisin Sədrinə təbriklərini çatdırmış, Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində yaradılan şəraitin dərslərin yüksək səviyyədə tədrisinə imkan verəcəyini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbi yenidənqurmadan sonra kollektivin istifadəsinə verilir. Musiqi məktəbləri milli musiqimizin yaşadılmasında xüsusi əhəmiyyət daşıyır. Bu gün muxtar respublikamızda fəaliyyət göstərən 26 musiqi məktəbindən 24-ü müasir tələblər səviyyəsində qurularaq istifadəyə verilib. Muxtar respublikada həyata keçirilən tədbirlər sayəsində musiqinin ilk pilləsindən başlamış ali musiqi təhsilinədək tədris yüksək səviyyədə təşkil olunmuşdur. Musiqi məktəbləri, Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi muxtar respublikada ilk musiqi təhsilindən ali təhsilə qədər olan tədrisin əsasını təşkil edirlər. Bunun nəticəsidir ki, artıq musiqi məktəblərində ali təhsilli müəllimlər fəaliyyət göstərirlər.
"Təhsilli musiqiçilərin yetişməsi bir ölkənin milli musiqisinin yaşadılmasıdır",- deyən Ali Məclisin Sədri bildirmişdir ki, musiqi məktəblərinin yaradılması, müasir tədrisin tələbləri səviyyəsində qurulması, avadanlıqlarla təmin olunması ölkəmizdə musiqi mədəniyyətinə göstərilən dövlət qayğısıdır. 1989-cu ildən fəaliyyət göstərən Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbində bu gün 5 ixtisas üzrə tədris aparılır. Fortepiano istisna olmaqla, digər ixtisaslarda milli musiqi alətlərinin sirləri uşaqlara öyrədilir. Məktəbdə dünya xalqlarına məxsus musiqi alətlərinin öyrədilməsinə də yer verilməlidir. Yaradılan şərait imkan verəcək ki, gələcəkdə burada yeni ixtisaslar açılsın. Məktəbdə 109 şagirdin təhsil alması, bu tədris ilində 20-dək şagirdin qəbulu göstərir ki, musiqi məktəbinə maraq var. Məktəbdə yaxşı musiqiçilərdən ibarət kollektiv formalaşıb. Bu da imkan verəcək ki, məktəb nailiyyətlərini daha da artırsın, muxtar respublikanın musiqi məktəbləri içərisində özünə layiqli yer tutsun.
Ali Məclisin Sədri əldə etdikləri nailiyyətlər üçün kollektivə təşəkkür etmiş, yaradılan şəraitin onlara yeni imkanlar açacağına əminliyini bildirmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.
Bina fərdi istilik sistemi ilə təchiz edilmiş, ətraf abadlaşdırılmışdır.

Şəhriyar Kənd Mərkəzində hərtərəfli şərait yaradılıb

Yanvarın 14-də Şəhriyar Kənd Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, 3 mərtəbəli binada dövlət qurumları əhaliyə səmərəli xidmət göstərəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 5027 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika və arxiv otaqları, 44 yerlik zal vardır.
Şəhriyar kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür. Kənddə maldarlıq və heyvandarlıqla yanaşı, əkinçilik, arıçılıq da inkişaf etdirilir.

Yeni Azərbaycan Partiyası Şəhriyar kənd ərazi ilk təşkilatının sədri Ələkbər Əliyev təşkilat üzvləri və kənd ictimaiyyəti adından minnətdarlıq edərək demişdir ki, bu gün Şəhriyar kənd yeni sosial obyektlər istifadəyə verilir. Bütün bunlar kənd əhalisinin rahatlığının təmin olunmasında mühüm rol oynayacaqdır. Quruculuq, inkişaf Yeni Azərbaycan Partiyasının fəaliyyətinin nəticəsidir. Şəhriyar kənd ərazi ilk partiya təşkilatının 102 üzvü vardır ki, onların da 31-i gənc, 36-sı qadın, 28-i ali təhsillidir. Təşkilatımızın üzvləri kəndin ictimai işlərində fəal iştirak edirlər.

Rabitə evində poçt bölməsi yaradılmış, bu sahə üzrə göstərilən xidmətlərin səviyyəsi yüksəldilmişdir. Burada yeni nəsil texnologiyalara əsaslanan 320 nömrə tutumlu ATS quraşdırılmış, genişzolaqlı internetə çıxış imkanı yaradılmışdır. Hazırda Şəhriyar kəndində 210 telefon və 96 internet istifadəçisi vardır.
Ali Məclisin Sədri akt zalında ailə təsərrüfatı sahiblərinin maarifləndirilməsi və digər tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.

İnsan sağlamlığı dövlət siyasətinin əsas prioritetidir

Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətini vətəndaşların sağlamlığı təşkil edir. Muxtar respublikada da müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.
Yanvarın 14-də Şəhriyar kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağının fəaliyyəti ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ambulatoriya 8 otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, doğuş, peyvənd, manipulyasiya, qeydiyyat otaqları və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulmuşdur. Ambulatoriyada elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksəktezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı, solyuks lampası vardır.

Ali Məclisin Sədri patronaj xidmətinin, yaş qruplarına uyğun işin təşkili, ambulatoriyada fəaliyyət göstərən aptekin tələbata uyğun dərman preparatları sifarişinin verilməsi və tibbi maarifləndirmə işinin aparılması barədə tapşırıqlar vermişdir.
Binada fərdi istilik sistemi quraşdırılmışdır.

Abad diyar yolundan bəllidir

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Şəhriyar kəndinin avtomobil yolu da yenidən qurulmuşdur.
Yanvarın 14-də avtomobil yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 3580 metrlik kənd avtomobil yolu yenidən qurulmuş, asfalt örtük salınmışdır. Yolun üzərində yol hərəkət nişanları qoyulmuş, 17 su keçidi və 256 metrlik beton kanal çəkilmiş, 9100 metr uzunluğunda olan kənddaxili yol hamarlanaraq qum-çınqıl qatı verilmişdir.

Şəhriyarda yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Şəhriyar kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilmişdir.
Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmişdir.
Bildirilmişdir ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar vardır. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, xüsusilə ailə təsərrüfatı məhsullarının satışı təşkil olunmuşdur. Mərkəzdə 6 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olmuşdur.

Ali Məclisin Sədri Şəhriyar kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün Şəhriyar kəndi Azərbaycanın müasir kəndləri sırasına daxil olub. Kənddə yeni məktəb binasının, uşaq-musiqi məktəbinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun və digər sosial obyektlərin istifadəyə verilməsi sakinlərin rahat yaşayışına hesablanıb. Harada rahatlıq var, orada inkişaf olacaq, məskunlaşma artacaqdır. Şəhriyarda da yaradılan şərait əhalinin rahatlığını təmin edəcək, məskunlaşma daha da artacaqdır. Bütün bunlar kəndin gələcək uğurlarına təminatdır. Kəndin məhsuldar torpaqları vardır. Heyvandarlıq, maldarlıq, quşçuluq inkişaf edib, torpaqlar əkilir, yaxşı məhsul götürülür, ailə təsərrüfatları formalaşıb. Bunların davamlı olması üçün dövlət tərəfindən bundan sonra da sakinlərə dəstək göstəriləcəkdir. Torpaqların əkilməsi dövlətin inkişafına töhfədir. Ona görə də kənd sakinləri ərzaq təhlükəsizliyinin təmin olunmasına və ölkənin inkişafına öz töhfələrini verməlidirlər.

Kənd ağsaqqalı Rəhim Rəhimov sakinlər adından minnətdarlıq edərək demişdir: "Ölkəmizin ərazi bütövlüyünün bərpası üçün aparılan 44 günlük Vətən müharibəsində naxçıvanlı igid oğullar da şücaət göstərmişdir. Bu yolda şəhid olanlara rəhmət, qazilərimizə şəfa diləyirəm. Bütün bunlar muxtar respublikada hər bir sahə kimi, ordu quruculuğuna da göstərilən qayğı sayəsində mümkün olmuşdur. Muxtar respublikanın hərtərəfli tərəqqisini özündə əks etdirən inkişaf və quruculuğun ünvanına çevrilmiş Şərur da bu gün yüksəlişin yeni mərhələsindədir. Son 25 ildə rayonun siması tamamilə dəyişmiş, çox sayda sosial obyektlər, istehsal və emal müəssisələri yaradılmış, yollar, körpülər salınmış, meliorasiya qurğuları istismara verilmişdir. Görülən bu işlər rayon sakinlərinin daim sevincinə səbəb olur. Bu gün bizim kəndin sakinləri də sevinc içindədirlər. Çünki kəndimiz şəhər görkəmi almışdır. Şəhriyar kəndinin insanları çox zəhmətkeş, torpağa bağlı insanlardırlar. Biz də çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, yaxşı məhsul əldə edərək, ailə təsərrüfatı festivallarında, keçirilən yarmarkalarda rayonumuzu layiqincə təmsil edək. Bugünkü tədbir əlamətdar bir günə təsadüf edir. Belə bir əlamətdar gündə kəndimizə gəlməyinizə, yaratdığınız bu şəraitə və gözəlliyə görə Sizə kənd ağsaqqalları adından dərin minnətdarlığımızı bildiririk. Ad gününüz münasibətilə bütün rayon sakinləri adından Sizi təbrik edir, uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq. Söz veririk ki, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyub-saxlayacaq, gələcək nəsillərə ötürəcəyik".
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıq vermişdir.

Şəhriyar kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 700 metr içməli su və 150 metr suvarma xəttində təmir-bərpa, 900 metr arxda və 800 metr kollektorda lildən təmizləmə işləri aparılmışdır. Kəndin rabitə, elektrik və qaz xətləri də yenilənmiş, 1484 metr fiber-optik, 1801 metr yeraltı, 1905 metr hava rabitə, 3000 metr izolyasiyasız, 1500 metr izolyasiyalı hava elektrik xətti çəkilmiş, 1 transformator yarımstansiyası yenidən qurulmuş, 1-i isə yenisi ilə əvəz olunmuşdur. Kəndin təbii qaz təchizatı da yaxşılaşdırılmış, yeni tikililərə 650 metr yeni qaz xətti çəkilmiş, 2987 metrlik qaz xəttində təmir-bərpa işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Joomla 1.5