Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir

ÇapE-poçt

Əlverişli təbii-coğrafi şəraitə və turizm potensialına malik olan Şahbuz rayonu böyük inkişaf yolu keçib. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan kompleks quruculuq işləri Şahbuz rayonunu da əhatə edib.

Bu gün istər Şahbuz şəhəri, istərsə də rayonun qəsəbə və kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, eləcə də turizm obyektlərinin, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Şahbuzda məskunlaşmanı daha da artırıb.

Şahbuz şəhərində yeni yaşayış binası

istifadəyə verilib, şəhid ailəsi mənzillə təmin olunub

Son illər muxtar respublikada istifadəyə verilən yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir. Muxtar respublikada şəhid ailələrinin mənzillə təmin olunması da daim diqqətdə saxlanılır.

Yanvarın 19-da Şahbuz şəhərində yeni yaşayış binası istifadəyə verilib, binada şəhid Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Şahbuz rayonunda istifadəyə verilən 40 mənzilli yaşayış binasında ilk mənzil şəhid ailəsinə verilir. 1992-ci ildə Sədərək rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunur. Ötən illər ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban verən 42 şəhid ailəsinə mənzil verilib, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Şəhidlər, qazilər olmadan Vətən torpağı qorunmaz, suverenlik, dövlət müstəqilliyi möhkəmləndirilə bilməz. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Azərbaycan əsgəri daim qəhrəmanlıq göstərmişdir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İstər Vətən müharibəsində, istərsə də Birinci Qarabağ müharibəsində şəhid və qazilərimiz olmuşdur. Sabah isə 20 Yanvar faciəsinin ildönümüdür. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizin tezliklə sağalmasını, şəhid ailələrinə isə səbr diləyirəm.

Ali Məclisin Sədri şəhid ailəsinə yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzilin orderini şəhidin anası Çəməngül Orucovaya təqdim edib.

Şəhid anası Çəməngül Orucova ailə üzvləri adından minnətdarlıq edərək deyib: "Mənim oğlum Mehman Orucov Birinci Qarabağ müharibəsində Sədərəyin nankor ermənilərin hücumlarından müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Bir ana kimi qürur duyuram ki, övladım Vətən uğrunda həlak olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı qələbə bütün şəhid anaları kimi, mənə də böyük təsəllidir. Çünki işğal altında olan torpaqlarımız azad edilməklə, həm də şəhid balalarımızın qisası alındı. Şəhid ailəsi kimi dövlətimizin qayğısını daim hiss etmişik. Bu gün bizə verilən mənzil isə həmin qayğının davamıdır. Dövlətimizin bu qayğısını bütün ailə üzvlərim böyük minnətdarlıqla qarşılayır".

Şəhid ailəsinə verilən mənzildə yaşayış üçün bütün şərait yaradılıb, təmir olunub, xalça hədiyyə edilib.

Sonra binaya baxış olub. Məlumat verilib ki, ümumi sahəsi 5 min 388 kvadratmetr olan binanın tikintisinə 2018-ci ilin avqust ayında başlanılıb. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan bina 40 mənzillidir. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. İkiotaqlı mənzillərin hər birinin ümumi sahəsi 63 və 64, üçotaqlı mənzillərin ümumi sahəsi isə 83 və 88 kvadratmetrdir. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. Həmçinin binada mərkəzləşdirilmiş antena sistemi quraşdırılıb.

Yaşayış binasının zirzəmisində yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, elektrik cihazlarının təmiri, ərzaq və təsərrüfat malları mağazaları vardır.

Binanın həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıq sahəsi salınıb.

Joomla 1.5