26.01.21 19:14
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr/1290-2021-01-26-15-16-32.html#sigProIdbc8d8b74d0
Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasətinin ugurla həyata keçirilməsinin nəticəsidir ki, qadınların cəmiyyətdə rolu daha da yüksəlir, fəaliyyətləri genişləndirilir. Muxtar respublikada da qadın sahibkarlara güclü dövlət dəstəyi göstərilir, onların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Hazırda muxtar respublika qadınları sahibkarlıq fəaliyyəti ilə yanaşı ailə təsərrüfatındakı fəaliyyətlərini də genişləndirirlər. Göstərilən qayğının nəticəsidir ki, ildən-ilə ailə təsərrüfatlarının sayı artır. Xüsusi qeyd etmək lazımdır ki, muxtar respublikada fəaliyyət göstərən bütün ailə təsərrüfatlarında qadınların əməyi danılmazdır. Həmçinin ailə təsərrüfatlarının yaradılması qadınların məşğulluğunun təmin olunması ilə yanaşı, onların mikro və makro sahibkarlara çevrilməsində əsas faktordur.
Görülən işlərin davamı olaraq 2019-cu il ərzində Naxçıvan Muxtar Respublikası hökümətinin razılığı əsasında BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən muxtar respublikada icra olunması nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında və İsmayıllı rayonunda yaşayan 300 qadının (o cümlədən əlilliyi olan qadınlar) ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik, bacarıqları və davranışlarını təkmilləşdirməkdən, 300 qadının (o cümlədən əlilliyi olan qadınlar) ailə büdcəsi və ya biznes fəaliyyətlərini maliyyə idarəetməsində bir dəyişiklik-yenilik etməsi, qadınlardan 64 nəfərinin (o cümlədən əlilliyi olan qadınlar) “Öz biznesinə başla və onu təkmilləşdir” təlim kursunda iştirak etməsi, 50 nəfərin (o cümlədən əlilliyi olan qadınlar) uğurlu biznes planı hazırlaması, onlara ilkin sərmayə kapitalı verilməsi, layihə qalibləri olan 10 sahibkar (o cümlədən əlilliyi olan qadınlar) üçün bazara çıxışın təmin edilməsi, layihənin iştirakçı qadınlarının uğurları haqqında 10 uğur hekayəsinin yazılması və layihənin açılış və yekun konfransının keçirilməsi nəzərdə tutulmuşdur.
Layihənin hədəf qrupu bizneslərini başlamaq istəyən regionda yaşayan fiziki imkanları məhdud və aztəminatlı ailədən olan 40 yaşa qədər qadınlar, mikro və kiçik qadın sahibkarlar, əlilliyi olan startap qadınlar olmuşdur.
Həmçinin layihə çərçivəsində muxtar respublikada maliyyə savadlılığı sahəsində təlimçilər üçün təlim keçirilməsi də nəzərdə tutulmuşdur.
2019-cu il ərzində layihə ilə əlaqədar bir çox işlər həyata keçirilmiş və layihə uğurla yekunlaşdırılmışdır. Belə ki, ilk olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyası, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Bank Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyası, Aqrar Kredit SKT Naxçıvan Filalı “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin icrasının həyata keçirilməsi üçün adıçəkilən təşkilatlardan ibarət işçi qrupu yaradılmış və aidiyyəti təşkilatların nümayəndələri həmin işçi qrupa daxil edilmişdir. İşçi qrup il ərzində layihənin icrasını həyata keçirmişdir.
2019-cu il 1-2 may tarixlərində layihə çərçivəsində “Maliyyə Savadlılığı” üzrə “Gələcəyini planlaşdır” təlimləri keçirilmişdir. Təlimlərdə əsasən muxtar respublikanın bütün rayonlarından olan fiziki imkanları məhdud və aztəminatlı ailələrdən olan 319 qadının iştirakı ilə Naxçıvan şəhərində 3, Şərur rayonunda 2, Ordubad rayonunda 1, Culfa rayonunda 1, Şahbuz rayonunda 1 təlim olmaqla, ümumilikdə 8 təlim keçirilmişdir. Hər təlim 2 gün davam etdirilmiş və sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Həmçinin layihə çərçivəsində 2019-cu il 10-20 iyun tarixlərində “Öz biznesinə başla və onu inkişaf etdir” təlimləri keçirilmişdir. Təlimlər zamanı fiziki qüsurlu və aztəminatlı ailələrdən olan qadınlar daxil olmaqla, muxtar respublikanın Babək, Culfa, Sədərək, Kəngərli, Şərur, Ordubad, Şahbuz rayonlarından və Naxçıvan şəhərindən olan 66 qadının iştirakı ilə 4 təlim keçirilmişdir. Hər təlim 3 gün davam etdirilmiş və təlimin sonunda iştirak edən 66 qadına sertifikatlar təqdim olunmuşdur. Təlimdə iştirak edən hər bir qadın biznes planı işləmiş, gələcək planlarını qurmuş, öz fikir və ideyalarını bildirmişdir. Öz uğurlu biznes planı ilə seçilən qadınlardan Naxçıvan şəhəri üzrə 9, Şərur rayonu üzrə 8, Babək rayonu üzrə 14, Culfa rayonu üzrə 9, Ordubad rayonu üzrə 3, Şahbuz rayonu üzrə 8, Kəngərli rayonu üzrə 6, Sədərək rayonu üzrə 6 qadın olmaqla, ümumilikdə isə 63 qadınla Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə müqavilələr bağlanmış və müqavilələr Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir.
Layihənin sonunda Komitənin akt zalında keçirilən tədbirdə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonundan 31, Şərur Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Şərur, Kəngərli və Sədərək rayonundan 20, YAP Culfa Rayon İnzibati binasında keçirilən tədbirdə Culfa və Ordubad rayonundan 12 qadın olmaqla, ümumilikdə 63 qadına, o cümlədən 42 nəfəri məşğul olduğu fəaliyyət növü üzrə iribuynuzlu və xırdabuynuzlu olmaqla, kənd təsərrüfatı sahəsi üzrə, 21 nəfər isə qeyri-aqrar sahə üzrə məşğul olduğu fəaliyyət növünə görə 43 min 700 manat məbləğində sərmayə kapitalı verilmişdir. Sərmayə kapitallarının 80 faizi ailə təsərrüfatlarının genişləndirilməsi və ya qurulması üçün (heyvandarlıq, arıçılıq, quşçuluq, konservləşdirmə, əkinçilik və sairə), 20 faizi isə digər sahələr (dərzilik, bərbərlik, xalçaçılıq, toxuculuq və sairə) üçün nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşlarının maliyyə savadlılığı sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimçilər üçün 2 günlük təlim keçirilmişdir. Təlimdə 17 nəfər iştirak etmiş və onlardan 10 nəfər seçilmişdir.
Həmçinin təlimlərdə iştirakçılar üçün iaşə xidməti təşkil olunmuşdur.
2020-ci il 23 yanvar tarixdə “Duzdağ” oteldə “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin yekun konfransı keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru, layihə meneceri, layihə iştirakçısı və digər şəxslər layihə ilə bağlı ətraflı çıxış etmişlər. Konfransda iştirakçılar start up, gənc sahibkar, uğurlu mikro-biznes nominasiyaları üzrə mükafatlandırılmış, təlimçi sertifikatılarının təqdimatı olmuş, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Dünənimizdən bu günə: iqtisadiyyatımız və qadınlar” mövzusunda hazırlanmış video-çarxa baxış olmuşdur. Həmçinin konfransda layihənin icrasında gəstərdiyi böyük dəstəyə görə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Eləcə də konfransda layihə iştirakçısı olan qadınların hazırladıqları 1600-dən çox əl işlərindən və istehsal məhsullarından ibarət sahibkarlıq sərgisi nümayiş olunmuş və satışı həyata keçirilmişdir. Sərgidə 24 qadının 1017 manat dəyərində 327 əl işi və istehsal etdiyi məhsulları satılaraq məbləği qadınlara ödənilmişdir.
2020-ci il 1 may-15 iyun tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı tərəfindən qismən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin əsas məqsədi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində keçirilən “Gələcəyini planlaşdır” təlimlərində iştirak edən, lakin sərmayə kapitalı almayan qadınlara karantin dövründə göstərilmiş maliyyə dəstəyi onların sahibkarlıq fəaliyyətinə təkan verməkdir.
Layihə çərçivəsində 2020-ci ilin 11-12 iyun tarixlərində Naxçıvan Biznes Mərkəzində layihə iştirakçıları üçün “COVİD-19-dan qorunma tədbirləri” mövzusunda maarifləndirici seminarlar keçirilmişdir. Seminarların sonunda hər bir iştirakçıya əlcək qutusu, nano-maska və koronavirusla mübarizədə təhlükəsizlik tədbirlərinə dair layihə broşürası olan çanta təqdim edilmişdir. Seminarlar layihə təşkilatçıları tərəfindən internet bağlantısı vasitəsi ilə canlı izlənilmişdir. Layihənin sonunda Naxçıvanda fəaliyyət göstərən 39 qadınla Azərbaycan Mikromaliyyə Assosiasiyası arasında müqavilələr bağlanmış və müqavilələr Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir. Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 6, Babək rayonu üzrə 4, Ordubad rayonu üzrə 8, Culfa rayonu üzrə 3, Şahbuz rayonu üzrə 5, Kəngərli rayonu üzrə 4, Sədərək rayonu üzrə 4 qadın olmaqla, muxtar respublikanın şəhər və rayonlarından olan 39 qadına (o cümlədən, 3 sağlamlıq imkanları məhdud olan qadına) 25 min 550 manat dəyərində sərmayə kapitalı verilmişdir. Sərmayə kapitallarının 72 faizi ailə təsərrüfatlarının genişləndirilməsi və ya qurulması üçün (heyvandarlıq – iribuynuzlu və xırdabuynuzlu, quşçuluq, konservləşdirmə, əkinçilik və sairə), 28 faizi isə digər sahələr (dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik, psixoloji xidmət sahəsi və sairə) üçün nəzərdə tutulmuşdur.
“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi və bu layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsində sağlamlıq imkanları məhdud və aztəminatlı ailədən olan ümumilikdə 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilmişdir. Sərmayə kapitallarının 53 min 600 manat məbləği, yəni 77.4 faizi ailə təsərrüfatlarının genişləndirilməsi və ya qurulması üçün, 15 min 650 manat məbləği, yəni 22.6 faizi isə digər sahələr üçün nəzərdə tutulmuşdur. Həmçinin il ərzində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı layihə iştirakçılarının evlərində monitorinqlər keçirilir. Monitorinqlər zamanı heç bir nöqsan aşkarlanmamışdır. Belə ki, qadınlarımız onlara verilən sərmayə kapitalından səmərəli istifadə edərək məşğul olduqları sahəni inkişaf etdirərək onu daha da artırmışlar.
Bundan əlavə layihənin qiymətləndirilməsi üçün cari ilin iyul ayında Avropa İttifaqının milli monitorinq üzrə eksperti ilə onlayn görüş keçirilmişdir. Görüşdə layihənin icrası ilə bağlı Komitə tərəfindən görülmüş işlər haqqında ətraflı məlumat verilmişdir.