Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası  keçirilib. Əvvəlcə Komissiyanın  Sədri  Ramilə Seyidova gündəlikdə duran məsələlərlə bağlı məlumat vermişdir.

Bildirmişdir ki, hesabat dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, asudə vaxtlarının təşkili, sağlamlıqlarının qorunması ilə əlaqədar tədbirlər görülmüş, monitorinqlər təşkil edilmiş, müvafiq uşaqlar haqqında məlumat bazası yaradılmışdır. Belə ki, 1 uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 12 uşaq isə qəyyumluq və ya himayəyə verilmişdir. Bundan əlavə muxtar respublikada yaşayan hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşaq ali məktəbə qəbul olmuşdur.

Sonra Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılmış, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması məqsədilə işlər görülmüş, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir.

 

Komitə sədri qeyd etmişdir ki, 2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 58, distant tədrisin birinci sinfinə 12, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 3, məktəbdənkənar müəssisələrin dərnəklərinə 119, şahmat məktəblərinə 60, idman məktəblərinə 162, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 7 və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 102 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü  məşğələlər aparılmış, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssislərinə maarifləndirici təlimlər keçirilmişdir.

Hal-hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1063, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 9, Distant Tədris Mərkəzində 20, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 75, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında 21 uşaq təhsil, 6 uşaq isə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində təlim-tərbiyə alır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 12 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Monitorinqlərin nəticələri aktlaşdırılmış, nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülmüşdür.

2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 8403 uşaq haqqında  fərdi məlumatlar daxil edilmiş, bankdakı uşaqların sayı 32766 nəfərə çatmışdır.

Komitə sədri bildirmişdir ki, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə reyd yoxlaması və müxtəlif mövzularda görüşlər təşkil edilmişdir.

Ötən il ərzində 4624 uşaq doğulmuş və muxtar respublikada uşaqların sayı 165228 olmuşdur. Muxtar respublikanın tibb müəssisələrində doğulan 3560 uşağa 12 saat ərzində Hepatit B, 3547 uşağa 7 gün müddətində BSJ peyvəndləri vurulmuş, 17939 uşağa poliomielit peyvəndi damcı şəklində, 10886 uşağa pentavaksin (Hib) peyvəndi verilmiş, 29681 uşağa digər peyvəndlər vurulmuşdur. Həmçinin elektron sağlamlıq kartlarının verilməsi işi davam etdirilmiş, ötən dövr ərzində 617 elektron kart alınıb valideynlərə paylanmışdır.

2020-ci ildə yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində səhiyyə xidməti və icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilmişdir.

2020-2021-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52286 şagird təhsil alır ki, bunlardan da 25489-u qızlardır. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1698-i ali təhsil müəssisələrinə, 683-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş və ali məktəblərə qəbul olunan 275 nəfəri 500-700 arası bal toplamışdır ki, bunlardan da 165 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 182 nəfəri isə ali hərbi məktəbə daxil olmuşdur.

2019-2020-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” medala, 34 nəfər isə fərqlənmə attestatına layiq görülmüşdür. Medallara və fərqlənmə attestatına layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğrultmuş, qəbul imtahanlarında 22 nəfər 500-600,  39 nəfər isə 600-700 arası bal toplamış, 4 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.

Ötən il ərzində keçirilən Azərbaycan Respublika Fənn Olimpiadalarında 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc medal olmaqla, 24 şagird, keçirilən muxtar respublika fənn olimpiadalarında  isə 42 şagird qalib olmuşdur. Bundan əlavə muxtar respublikada ilk dəfə olaraq Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilmiş, ölkə üzrə ən yüksək nəticə göstərmiş 3 şagird xüsusi sertifikata layiq görülmüşdür.

Komitə sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə 2020-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq elmi dərəcəli müəllimlər tərəfindən 2020-ci il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində nümunəvi dərslər tədris olunmuşdur. Bundan əlavə il ərzində ümümtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslər keçirilmişdir.

Bundan əlavə Şərur və Culfa rayon məktəbdənkənar müəssisələrində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər fəaliyyətə başlamışdır.

Bu gün muxtar respublikada 25497 uşaq idmanla məşğul olur bunlardan da 7980 nəfəri qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmiş, Azərbaycan birinciliyində, Azərbaycan çempionatlarında, beynəlxalq və açıq turnirlərdə 36 yer qazanmışlar.

Ötən tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 676 nəfər bitirmişdir ki, bunlardan da 52-si fərqlənmə şəhadətnaməsi almış, 2020-2021-ci tədris ilində isə müvafiq məktəblərə müxtəlif ixtisaslar üzrə 935 şagird qəbul olmuşdur. Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim və şagirdlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə əyani və onlayn qaydada metodiki kurs, ustad dərs keçirilmişdir.

Sonda məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü Səid Babayev, Sədərək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Mahirə Adnayeva, Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyanın sədri Təhminə Mustafayeva, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxışlar etmişlər.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün “İş Planı” müzakirə olunmuşdur. Komissiyanın sədri tərəfindən monitorinqlər keçiriləcək uşaq müəssisələri və monitorinqin keçirilməsi üzrə yaradılan ekspert qrupunun tərkibi ilə bağlı iclas iştirakçılarına məlumat verilmiş və iclasın qərarı təsdiq olunmuşdur.

İclasa Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova yekun vuraraq bildirmişdir ki, 2021-ci ildə muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanları uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması istiqamətində öz fəaliyyətlərini gücləndirəcəkdir.

Joomla 1.5