01.02.21 17:32
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidməti tərəfindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata istinadən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərini işə götürməkdən imtina olunan hallara şamil olunmur.
Əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti təyin edilmir.
Yaş yarıma çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir – bu zaman onların orta əmək haqqı saxlanılır və onların əmək haqqının azaldılması qanunvericiliklə qadağan edilir.