2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının təmin edilməsi vəziyyəti ilə əlaqədar uğurlu nəticələr əldə olunmuşdur

ÇapE-poçt

Muxtar respublikada yaşayan uşaqlar hər il olduğu kimi 2020-ci ildə də dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların qanunla müəyyən olunmuş hüquq və mənafelərinin müdafiəsi il ərzində diqqət mərkəzində saxlanılmış və bir sıra tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılmış, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması məqsədilə işlər görülmüş, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir.

Belə ki, 2020-2021-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 58, distant tədrisin birinci sinfinə 12, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 3, məktəbdənkənar müəssisələrin dərnəklərinə 119, şahmat məktəblərinə 60, idman məktəblərinə 162, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 7 və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 102 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpə­lər Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü  məşğələlər aparılmış, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssislərinə  maarifləndirici təlimlər keçirilmişdir.

 

Hal-hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1063, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 9, Distant Tədris Mərkəzində 20, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 75, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında 21 uşaq təhsil, 6 uşaq isə Naxçıvan Şəhər Körpə­lər Evi və Ailələrə Dəstək Mərkəzində təlim-tərbiyə alır.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 38 uşağın təhsil aldığı art terapiya kursları təşkil edilmiş, müvafiq Mərkəzdə kinect oyun otağında təşkil edilmiş məşğələlərə 42, musiqi terapiyasına 39, psixoloji dəstək xidmətinə 43, təlim bərpa otağına isə 12 diqqət zəifliyi olan və hiperaktiv uşaqlar cəlb edilmiş, həmçinin Mərkəzdə audio kitabxana fondunun zənginləşdirilməsi məqsədilə il ərzində fonda 17 əsər verilmişdir. Hazırda audiokitabxana fondunda 1463, elektron kitabxana fondunda 873, brayl kitabxana fondunda isə 875 kitab mövcuddur. Həmçinin uşaq kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən 193 sağlamlıq imkan­­­ları məhdud uşağa evlərində səyyari kitabxana xidməti göstərilmişdir.

Sağlamlıq imkan­­­ları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınaraq 2 uşaq peşə məktəblərinə cəlb edilmiş, ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə əmək bazarının tələbinə uyğun fəaliyyət göstərən peşə ixtisas kursları haqqında məlumatlar verilmişdir. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 11 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 18 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur.

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi reabilitasiyası istiqamətində bir sıra tədbirlər görülmüşdür.  Belə ki, 2020-ci il ərzində sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə 4163 uşağa müavinətlər ödənilmiş, müvafiq kateqoriyadan olan uşaqlar texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, onlara protez–ortopedik xidmətlər göstərilmiş, 29 nəfərə velo-araba və köməkçi reabilitasiya vasitələri verilmişdir. Həmçinin Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 173 uşağın müalicəsinə köməklik göstərilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə onlar arasında intellektual oyunlar, idman yarışları, rəsm müsabiqələri keçirilmiş,  film və tamaşalar nümayiş olunmuş, müvafiq kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilmişdir. Keçirilən müsabiqə və tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqlara 70 hədiyyə, 51 diplom və 103 fəxri fərman verilmişdir.

Bundan əlavə, 15 sentyabr-Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 450-dən çox uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimləri ilə təmin olunmuşlar.

Hesabat dövrü ərzində 1 uşaq övladlığa, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 12 uşaq isə qəyyumluq və ya himayəyə verilmiş,valideyn himayəsindən  məhrum olmuş  uşaqların evlərində monitorinqlər təşkil olunmuş, yaşayış şəraitləri öyrənilmiş, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Bundan əlavə muxtar respublikada yaşayan hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşaq ali məktəbə qəbul olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 12 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Məqsəd həmin müəssisələrdə uşaqların qanun­veri­ciliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınmasıdır.

2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 8403 uşaq haqqında fərdi məlumatlar daxil edilmiş, bankdakı uşaqların sayı 32766 nəfərə çatmışdır.

Hesabat dövrü ərzində muxtar respublikanın aid dövlət orqanları tərəfindən əlamətdar günlərdə uşaqlar üçün bayram tədbirləri, 39 sərgi təşkil edilmiş, 17 şeir, inşa yazı və rəsm müsabiqələri keçirilmişdir. Keçirilmiş müsabiqədə qaliblərə və iştirakçılara 168 diplom və 228 hədiyyə verilmişdir.

Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası ilə əlaqədar tədbirlər görülmüş, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 710 reyd yoxlaması keçirilmiş, müxtəlif mövzularda 222 dəfə görüşlər təşkil edilmişdir.

Uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanmışdır.

2020-ci il ərzində   4624 uşaq doğulmuş və muxtar respublikada uşaqların sayı 165228 olmuşdur. Bu da 2019-cu illə müqayisədə 682 uşaq çoxdur. Muxtar respublikanın tibb müəssisələrində doğulan 3560 uşağa 12 saat ərzində Hepatit B, 3547 uşağa 7 gün müddətində BSJ peyvəndləri vurulmuş, 17939 uşağa poliomielit peyvəndi damcı şəklində, 10886 uşağa  pentavaksin (Hib) peyvəndi verilmiş, 29681 uşağa digər peyvəndlər vurulmuşdur.

2020-ci ildə yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində səhiyyə xidməti və icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilmişdir. Uşaqların icbari dispanserizasiyasının təmini məqsədilə 45974 nəfər müayinə olunmuş, onlardan 9252 nəfəri dispanser nəzarətə götürülmüşdür. Dispanser nəzarətə alınmış 307 uşağın müvafiq ixtisaslı həkimlər tərəfindən xəstəliklərinə uyğun tibbi müayinəsi aparılmışdır.

Yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri arasında sanitariya-gigiyena biliklərinin yayılmasının, habelə sağlam həyat tərzinin təbliğinin təşkili məqsədilə müvafiq işlər görülmüşdür. Belə ki, uşaqlar və valideynlər arasında sağlam həyat tərzi, xəstəliklərin risk amilləri və xəstəliklərin erkən simptomları, şəxsi gigiyena qaydalarının təlimata uyğun aparılması üzrə maarifləndirmə materialları hazırlanmış, bütün tibb müəssisələrinə, uşaqlara və valideynlərə paylanılmış,  maarifləndirmə işinin məktəblərdə təbliğ olunması təşkil edilmişdir.

Həmçinin elektron sağlamlıq kartlarının verilməsi işi davam etdirilmiş, ötən dövr ərzində 617 elektron kart alınıb valideynlərə paylanmışdır.

Tibbi fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar tərəfindən uşaqlara göstərdiyi tibbi xidmətin keyfiyyətinə, həmin sahədə tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti həyata keçirilmiş və tibb müəssisələrində fəaliyyət göstərən səhiyyə işçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün 109 tibb işçisi təcrübə kurslarına göndərilmişdir.

Muxtar respublikada şagird və tələbələrin bilik və bacarıqlarının artırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, təhsil alaraq layiqli vətəndaş kimi formalaşmasına çalışılmışdır.

2020-2021-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52286 şagird təhsil alır ki, bunlardan da 25489-u qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində 2657 qız olmaqla 5243 şagird təhsil alır. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1698-i ali təhsil müəssisələrinə, 683-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş və ali məktəblərə qəbul olunan 275 nəfəri 500-700 arası bal toplamışdır ki, bunlardan da 165 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 182 nəfəri isə ali hərbi məktəbə daxil olmuşdur.

Həmçinin 2019-2020-ci tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” medala, 34 nəfər isə fərqlənmə attestatına layiq görülmüşdür. Medallara və fərqlənmə attestatına layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğrultmuş, qəbul imtahanlarında 22 nəfər 500-600,  39 nəfər isə 600-700 arası bal toplamış, 4 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.

İstedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin keyfiyyətinin yüksəldilməsi məqsədilə sınaq-test imtahanlarının, müxtəlif bilik yarışlarının və fənn olimpiadalarının keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən il ərzində keçirilən Azərbaycan Respublika Fənn Olimpiadalarında 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc medal olmaqla 24 şagird, keçirilən muxtar respublika fənn olimpiadalarında isə 11-i I yer, 11-i II yer, 20-si isə III yer olmaqla 42 şagird qalib olmuşdur. Bundan əlavə muxtar respublikada ilk dəfə olaraq Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilmiş, ölkə üzrə ən yüksək nəticə göstərmiş 3 şagird xüsusi sertifikata layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə 2020-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı  Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq elmi dərəcəli müəllimlər tərəfindən 2020-ci il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 1156 saat nümunəvi dərs tədris olunmuşdur.

Bundan əlavə il ərzində ümümtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə 55 açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq uşaqların yüksək təhsilə və informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 31 interaktiv dərs keçirilmiş, 650-dən çox elektron lövhədən istifadə etməklə şagirdlərə müxtəlif fənnlər tədris edilmiş, 90 faizdən yuxarı internetə qoşulmaqla 9 şagird 1 kompüter dəstindən yararlanmışdır. Bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaradır.

Həmçinin uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təkşili məqsədilə Şərur və Culfa rayon məktəbdənkənar müəssisələrində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər fəaliyyətə başlamışdır.

Muxtar respublikada uşaq-gənclər idmanının təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmış, uşaqlar arasında 5 birincilik, 2 beynəlxalq turnir, 2 turnir, 2 yoldaşlıq görüşü, 2 çempionat, 12 intellektual oyun keçirilmişdir. Keçirilən yarışlarda 977, intellektual oyunlarda isə 500 uşaq iştirak etmişdir.

Bu gün muxtar respublikada 25497 uşaq idmanla məşğul olur ki, bunlardan da 7980 nəfəri qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmiş, Azərbaycan birinciliyində, Azərbaycan çempionatlarında, beynəlxalq və açıq turnirlərdə 12-si I yer, 6-sı II yer, 18-i III yer olmaqla 36 yer qazanmışlar.

Ötən tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 676 nəfər bitirmişdir ki, bunlardan da  52-si fərqlənmə şəhadətnaməsi almış, 2020-2021-ci tədris ilində isə müvafiq məktəblərə müxtəlif ixtisaslar üzrə 935 şagird qəbul olmuşdur. Muxtar respublikanın ixtisaslı müəllimləri tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim və şagirdlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə 10 metodiki kurs, 17 ustad dərs, onlayn qaydada isə 3 metodiki kurs və 4 ustad dərs, eləcə də rayon, şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 13940 dərs keçirilmişdir.

Mərkəzləşdirilmiş kitabxana sistemləri və uşaq kitabxanası tərəfindən oxuculara sifarişlər əsasında evlərinə kitabların çatdırılması xidməti aparılmış, 232 uşağa səyyar kitabxana xidməti göstərilmiş, 651 kitab verilişi olmuşdur.

Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda və tam orta məktəblərin ibtidai siniflərində kitaba marağın artırılması məqsədilə 102 “Nağıl günü” keçirilmiş, 438 audio nağıl hazırlanmışdır. Bundan əlavə uşaqlara 12 bədii film göstərilmiş, həmçinin uşaqların tətil günlərində müseylərə 41 ekskursiyası təşkil edilmişdir ki, bunlardan da 7-si onlayn qaydada olmuşdur.

Uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə və təbliğat işinin aparılması ilə əlaqədar tədbirlər görülmüş və uşaqların hüquqi biliklərə yiyələnməsi məqsədilə televiziya, radio verilişi efirə verilmiş, qəzetdə məqalələr dərc edilmiş, keçirilən tədbirlər muxtar respublika­nın mətbuat orqanlarında işıqlandırılmışdır.

2021-ci ildə də muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması istiqamətində öz profilaktiki fəaliyyətini gücləndirəcəkdir.

Joomla 1.5