05.02.21 19:55
Fevralın 5-də Nüsnüs kənd həkim ambulatoriyasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.
Məlumat verilib ki, ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptek otaqları vardır. Səhiyyə ocağı stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa və digər tibbi avadanlıqlarla təchiz olunub.
Gənc stomotoloq Yasər Hüseynzadə minnətdarlıq edərək deyib ki, həkim ambulatoriyaları əhalinin sağlamlığının keşiyində dayanan müasir səhiyyə ocaqlarıdır. Gənc kadrların tibb müəssisələrinə cəlb edilməsi onların təcrübələrini daha da təkmilləşdirir.
Ali Məclisin Sədri sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.