05.02.21 20:08
Fevralın 5-də Yuxarı Əndəmicdə yeni kənd mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal vardır. Kitabxanada 5183 kitab toplanmış, onlardan 2083-ü latın, 3100-ü kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 210 üzvü vardır ki, onlardan 79-u gənc, 104-ü qadındır.
Ali Məclisin Sədri 2021-ci ilin "Nizami Gəncəvi ili" olduğunu vurğulayaraq dahi şairin əsərlərinin müzakirələrinin keçirilməsi ilə bağlı tapşırıq verib.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Gülüş Xəlilova minnətdarlıq edərək deyib ki, rayon və kəndlərimizdə quruculuq işləri geniş vüsət alıb. Muxtar respublikada bütün sahələrdə əldə olunan nailiyyətlər dinamik inkişafın göstəricisidir. Bu inkişafın təməlində ümummilli liderimiz Heydər Əliyevin quruculuq strategiyası durur. Göstərilən bu qayğıya qarşılıq olaraq çalışacağıq ki, fəaliyyətimizi günün tələbləri səviyyəsində quraq.
Rabitə evi Yuxarı Əndəmic və Aşağı Əndəmic kəndlərinə xidmət göstərir. 448 nömrə tutumlu yeni nəsil ATS, ümumilikdə, 336 abonentə xidmət edir. Hər iki kənddə 242 internet istifadəçisi vardır.