08.02.21 19:30
Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.
Ali Məclisin Sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Ali Məclisin Sədri çıxış edərək deyib: Dövlətin qüdrəti onun ordusunun qüdrəti ilə ölçülür. Güclü ordu müstəqil dövlətçilik, sabitlik və inkişaf deməkdir. “Azərbaycan təkcə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik olmalıdır”, - deyən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Dahi şəxsiyyət ötən əsrin 70-ci illərində ordu quruculuğuna ixtisaslı hərbçi kadrların hazırlanması ilə başlamış, 90-cı illərin əvvəllərində Naxçıvanda ilk milli ordu qurumu, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Silahlı Qüvvələrini yaratmışdır. Ümummilli liderimiz Heydər Əliyev ordunun vacibliyini həm də belə əsaslandırırdı: “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”. Ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu ikinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, böyük tarixi qələbə qazanılmışdır. Bu qələbənin qazanılmasında şəhidlərimiz və yaralananlar da olmuşdur.
Ali Məclisin Sədri yaralanan bütün hərbi qulluqçulara şəfa diləmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ali Məclisin Sədri demişdir: Vətən müharibəsində Naxçıvandan olan hərbçilər də iştirak edərək şücaət, peşəkarlıq və vətənpərvərlik göstəriblər. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. İkinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlar ölkəmizdə və muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir. Bu illər ərzində muxtar respublikada ordu quruculuğu əsas məsələlər sırasında saxlanılmış, 288 hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvanda motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçilmiş, yeni hərbi hissələr yaradılmış, ən müasir silah və texnika təminatı həyata keçirilmiş, müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Muxtar respublikada hərbi infrastrukturun möhkəmləndirilməsi ilə yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılmışdır. Naxçıvan şəhərində, rayon mərkəzlərində müasir yaşayış binaları, hərbi şəhərciklər tikilərək istifadəyə verilmiş, zabit-gizir ailələri mənzillərlə təmin olunmuşlar.
"Vətənpərvər və peşəkar şəxsi heyət olmadan nizami ordu yaratmaq mümkün deyil", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, ordu quruculuğu sahəsində qazanılan ən böyük uğurlardan biri də peşəkar və vətənpərvər şəxsi heyətin formalaşdırılmasıdır. Keçirilən birgə təlimlər, təşkil olunan kurslar, ideoloji işin düzgün qurulması, müasir təlim-tədris komplekslərinin istifadəyə verilməsi hərbi qulluqçuların peşəkarlığını xeyli artırmışdır. Ölkəmizdə dövlət-xalq-ordu birliyi vardır. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, inkişafa öz töhfələrini verirlər. İkinci Qarabağ müharibəsində muxtar respublika sakinlərinin səfərbərlik tədbirlərini böyük ruh yüksəkliyi ilə qarşılaması, təsərrüfatlarında yetişdirdikləri məhsullardan hərbi hissələrə aparması, ordumuzla həmrəylik nümayiş etdirməsi də xalq-ordu birliyinin nəticəsidir. Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və Vətənin müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə qayğı da həyata keçirilən sosial siyasətin əsas istiqamətidir.
Ali Məclisin Sədri demişdir: Hər bir hərbi qulluqçu unutmamalıdır ki, o həm ərazi bütövlüyümüzün, həm də ölkəmizin təhlükəsizliyinin təminatçısıdır. Ona görə də hərbi xidmət bundan sonra da nümunəvi təşkil olunmalı, nizam-intizama ciddi əməl edilməli, peşəkarlıq daha da artırılmalıdır. Müdrik fikirlərin birində deyilir ki, torpaq silahla deyil, milli ruhla qorunduğu zaman Vətən olur. Vətən müharibəsində Azərbaycanı qələbəyə aparan da milli ruh, milli iradə və vətənpərvərlik oldu. Bu səbəbdən də vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılmalı, şəhidlərimizin, Vətən müharibəsi iştirakçılarının döyüş yolu gənc hərbi qulluqçular üçün nümunə olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, ordunun qüdrəti təkcə silahda deyil, onun gücündə deyil. Ordunun əsas qüdrəti hər bir əsgərin, zabitin xalqına, torpağına, vətəninə sədaqətindədir. Vətənə sədaqət yolu isə ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi yoluna sədaqətdən keçir.
Ali Məclisin Sədri bu yolda şəxsi heyətə uğurlar arzulamışdır.
"Vətən Müharibəsi Qəhrəmanı" adı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunan mayor Elnur Şirinov demişdir: "Müstəqil, suveren Azərbaycan dövlətinin yaradıcısı ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş milli ordumuzun ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğal altında qalan torpaqlarımızı azad etməsi dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Ali Məclisin Sədri tərəfindən Naxçıvanda ordu quruculuğuna göstərilən diqqətin nəticəsidir ki, qədim diyarımızın müdafiəsi etibarlı şəkildə təmin edilmişdir. 2017-ci il oktyabrın 18-də ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad gücümüzü düşmən qarşısında bir daha nümayiş etdirdi. Xüsusi təyinatlı bölmələrin cəlb edildiyi "Kəşfiyyat", "Dağçılıq", "Snayper" hazırlığı, eləcə də zabit təkmilləşdirmə kursları, Naxçıvan Muxtar Respublikasında təşkil olunan Qarnizon Xüsusi Təyinatlı birləşmə və hərbi hissələrinin, eləcə də 2019-2020-ci illərdə Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə birgə keçirilmiş "Sarsılmaz Qardaşlıq" döyüş atışlı taktiki təlimlərə cəlb olunan xüsusi təyinatlılar yüksək vətənpərvərlik hissi ilə bilik və bacarıqlarını, əldə etdikləri praktik təcrübəni 44 günlük Vətən müharibəsində əməliyyata başladıqları ilk anda böyük ustalıqla tətbiq edərək düşmənin döyüş əzmini qırdılar. Bu gün xüsusi təyinatlı bölmələrin şəxsi heyəti Ali Məclis Sədrinin diqqət və qayğısını bir daha hiss edir. Hərbi hissəmizin müasir qərargah binasının, hərbi qulluqçuların döyüş hazırlığının inkişaf etdirilməsi üçün yaradılan idman şəhərciyinin və asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət parkının istifadəyə verilməsi bizi çox sevindirir". Elnur Şirinov göstərilən qayğıya görə xüsusi təyinatlılar adından minnətdarlıq etmişdir.
Vətən müharibəsi iştirakçısı, "Döyüşdə fərqlənməyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunan əsgər Fəxri Qazıbəyov demişdir: "Ölkəmizdə, eləcə də doğma Naxçıvanımızda ordu quruculuğu daim diqqət mərkəzində olmuşdur. Ali Baş Komandanın etimadını doğruldan Əlahiddə Ümumqoşun Ordunun mərd, cəsarətli əsgərləri Ali Məclis Sədrinin rəhbərliyi altında 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndini və muxtar respublikanın 11 min hektardan artıq ərazisini düşməndən azad etmişdir. Azərbaycan Milli Ordusunun ötən ilin sentyabr ayında düşmənə qarşı başladığı əks-hücum əməliyyatlarında Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş və qələbə sevincini yaşamışlar. Hərbi hissəmizin şəxsi heyəti öncə Qızılqayada qaldırdığı üçrəngli bayrağımızı Vətən müharibəsində əzəmətli Şuşa qalasında da qürurla dalğalandırdı. Qeyd etmək istəyirəm ki, Vətən müharibəsində iştirak etmək üçün Qarabağa yollanarkən bu barədə ailələrimizə heç bir məlumat vermədik. Çünki yaxşı dərk edirdik ki, biz getsək də, burada qalan ailə üzvlərimiz diqqət və qayğı ilə əhatə olunacaqdır. Buna görə də döyüş əməliyyatlarında ailələrimiz üçün heç bir narahatlıq keçirmədən tapşırıqları uğurla yerinə yetirib, qələbəyə doğru irəlilədik".
Ali Məclisin Sədri Vətən müharibəsi iştirakçılarını qiymətli hədiyyələrlə mükafatlandırmışdır.
Orkestrin müşayiəti ilə şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.
Sonra xatirə şəkli çəkdirilmişdir.
Ali Məclisin Sədri yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə şəxsi heyəti təbrik etmiş, xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.