Yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də xidmət göstərəcək

ÇapE-poçt

Səhiyyənin inkişafı ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindəndir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, ucqar dağ kəndlərini də əhatə edir. Turizm bölgəsi olan Ağbulaqda inşa olunan yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də müasir səhiyyə xidməti göstərəcək.

Fevralın 17-də Ağbulaq kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.

Ali Məclisin Sədri deyib ki, kənddə feldşer-mama məntəqəsinin həkim ambulatoriyasına çevrilməsi burada Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması ilə əlaqədardır. Çünki buraya hər gün yüzlərlə yerli və xarici turist gələcək. İlkin tibbi yardımın vaxtında göstərilməsi üçün bu ambulatoriya yaradıldı və təcili tibbi yardım avtomobili ilə təmin olundu. Bildirilmişdir ki, əhaliyə ilkin tibbi yardımla turistlərin aldığı travmaların müalicəsi fərqlidir. Ona görə də kollektiv bu sahədə biliklərini artırmalıdır ki, lazımi xidmət göstərə bilsin.

 

Ambulatoriyanın baş həkim əvəzi Afaq Ramazanova minnətdarlıq edərək deyib ki, kənddə kompleks quruculuq tədbirləri aparılanda kənd mərkəzində fəaliyyətimiz üçün yer ayrılıb. Lakin kəndimizin inkişafı və böyük turizm bölgəsinə çevrilməsi səhiyyə xidmətinin əhatə dairəsini genişləndirib. Bu gün istifadəyə verilən ambulatoriya müasir tibbi avadanlıqlarla təmin olunub, kollektiv üçün hərtərəfli iş şəraiti yaradılıb. Biz də çalışacağıq ki, bundan sonra da kənd sakinləri ilə yanaşı, turistlərin də sağlamlıqlarının keşiyində dayanaq.

Məlumat verilib ki, ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, mama, manipulyasiya, qeydiyyat, texniki işçi otaqları və aptek vardır. Səhiyyə ocağı stomatoloji qurğu, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa və digər tibbi avadanlıqlarla təchiz olunub.

Sonra Ali Məclisin Sədri “Fiat-Doblo” markalı təcili tibbi yardım avtomobilinin açarını təqdim edib.

Ali Məclisin Sədri həkim ambulatoriyasının icbari tibbi sığortaya daxil edilməsi, peyvənd və patronaj xidmətlərinin vaxtlı-vaxtında göstərilməsi, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə dağ-xizək travmalarının müalicəsi üçün təlimlərin keçirilməsi barədə tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılıb.

Joomla 1.5