Naxçıvan şəhərində yeni tələbə yataqxanası istifadəyə verilib

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında təhsilin xüsusi yeri vardır. Bütün təhsil pillələri üzrə müasir infrastrukturun yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi tədrisin səviyyəsini yüksəltmişdir. Eyni zamanda müasir universitet şəhərcikləri salınarkən tələbələrin təhsili ilə yanaşı, onların yaşayış şəraitinin yaxşılaşdırılması da zərurətə çevrilib, yeni yataqxanalar tikilib.

Fevralın 23-də Naxçıvan şəhərində yeni tələbə yataqxanası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub.

 

Məlumat verilib ki, tələbə yataqxanası zirzəmi ilə birlikdə 4 mərtəbə və 2 girişdən ibarətdir. Zirzəmidə qızlar və oğlanlar üçün ayrılıqda 2 hissədən ibarət xidmət sahəsi yaradılmışdır. Burada istirahət və məişət, camaşırxana, anbar və digər texniki otaqlar vardır.

Binanın qız tələbələri üçün nəzərdə tutulmuş hissəsində hər biri 2 yerlik  22 otaq, 3 mətbəx və növbətçi otağı, oğlan tələbələri üçün nəzərdə tutulmuş hissəsində isə hər biri 2 yerlik 19 otaq, 3 mətbəx və növbətçi otağı yerləşir. Ümumilikdə, 82 yerlik yataqxanada 41 otaq vardır. İstirahət otaqlarının hər birinə televizor, oxunması zəruri olan kitablar və şahmat qoyulub. Bina zəruri mebel avadanlıqları, istilik, elektrik və su sistemləri ilə təmin olunub, həyətdə abadlıq işləri aparılıb, işıqlandırma və suvarma sistemləri qurulub.

Ali Məclisin Sədri deyib ki, ölkəmizdə təhsilə göstərilən qayğının nəticəsidir ki, yeni universitetlər yaranır, tələbə sayı artır. Muxtar respublikada Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, Tibb Kolleci, Musiqi Kolleci, Dövlət Texniki Kollec və Orta İxtisas Polis Məktəbi olmaqla, 3 ali və 4 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Ali təhsil müəssisələrində bakalavr üzrə 8 min 213, magistratura üzrə 446, doktorantura üzrə 163, rezidentura üzrə isə 52 olmaqla, ümumilikdə, 8 min  874 tələbə, orta ixtisas təhsili müəssisələrində Orta İxtisas Polis Məktəbi istisna olmaqla, 1720 tələbə təhsil alır. Ümumilikdə, Naxçıvan şəhərində tələbə kontingenti 10 min 600-ə yaxındır ki, onlardan 1450-si ölkənin digər regionlarından gələn, 1050-yə yaxını isə xarici ölkə vətəndaşıdır. Ona görə də yataqxanaya böyük ehtiyac var.

Ali Məclisin Sədri deyib: Naxçıvan Dövlət Universitetinin yataqxanasının yer sayı 450, “Naxçıvan” Universitetinin isə 300-ə yaxındır. Bununla belə tələbatın 25-30 faizi ödənilmir. Müasir tələblər səviyyəsində qurulan yeni yataqxanada 80-dən artıq tələbənin yerləşməsinə şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi iş adamları ilə bu sahədə fəaliyyətin qurulmasını təmin etməlidir. Muxtar respublikada tələbə yataqxanalarının yaradılması artıq biznesin bir qoluna çevrilib. Bu, davam etdirilməlidir. Yataqxana Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Naxçıvan Şəhər Ticarət və Xidmət  Departamenti tərəfindən idarə olunmalı, yeni dərs ilini gözləmədən istifadəyə verilməlidir. Yararsız vəziyyətdə olan bina yenidən qurularaq şəhərin memarlıq arxitekturasına uyğun müasir və hərtərəfli şəraitlə təmin edilib. Yeni yataqxana həm də yeni iş yerlərinin yaradılmasına səbəb olub. Şəhər kənarında, insanların az məskunlaşdığı yerlərdə yataqxanaların tikilməsi davam etdirilməlidir. Bu iş davam etdirildikcə muxtar respublikaya xarici tələbə axını da artacaq. Çünki xaricdən gələn tələbələr, ilk növbədə, yataqxana ilə təmin olunmaları ilə maraqlanırlar.

Ali Məclisin Sədri yataqxananın qurulmasında əməyi olanlara təşəkkürünü bildirərək deyib ki, İqtisadiyyat Nazirliyi Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə yeni 300-500 yerlik yataqxanalar qurmalı, tələbat ödənməlidir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov şəhər ictimaiyyəti adından yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri həyətdə yaradılan istirahət guşəsinə baxıb, ərazidəki ictimai yaşayış binalarının vəziyyəti ilə maraqlanıb və mart ayından etibarən təmir işlərinin davam etdirilməsi barədə tapşırıq verib.

Joomla 1.5