Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satış təşkil olunub

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun tədbirlər planına uyğun olaraq Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, bu gün muxtar respublikada ulu öndər Heydər Əliyevin miras qoyduğu ənənələrin davam etdirilməsi nəticəsində milli dəyərlər sistemi yeni dövrün tələblərinə uyğun beynəlxalq mədəni irs siyahısında yeni səhifələr açır. Muxtar respublikada ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr, beynəlxalq rəsm festivalları və milli dəyərlərin əsas daşıyıcısı olan xalq yaradıcılığının müxtəlif sahələri üzrə festivalların təşkil edilməsi ənənə halını alıb. Qeyd olunub ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikamızda qadınların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün xalçaçı, dərzi, toxucu, bərbər, dayə kimi peşə kursları təşkil olunur və bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb olunurlar.

Həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində diyarımız misligörünməmiş uğurlara imza atır, inkişaf edir, müasirləşir. Bütün sahələrdə olduğu kimi, qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Vurğulanıb ki, yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Sevindirici haldır ki, muxtar respublika qadınları yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, peşə biliklərini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, dövlət və özəl sektorun bütün qurumlarında fəaliyyət göstərirlər. Naxçıvanda xüsusi istedadları ilə fərqlənən, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara da xüsusi diqqət göstərilir. Bütün qadınlar cəmiyyətin bərabərhüquqlu üzvü kimi məşğulluq proqramlarına cəlb edilir, onların rifah hallarının yüksəldilməsi üçün əl işlərinin sərgi-satışı təşkil olunur. Surə Seyid məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satışın təşkil olunmasını bu kateqoriyadan olan şəxslərə dövlət qayğısının daha bir ifadəsi olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar komitə tərəfindən aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan qadınların peşə kurslarına cəlb olunması üçün müvafiq tədbirlər görülür. Qadınların dərzi, toxucu, kompüter, aşpaz və sair peşə kurslarına cəlb olunması və istedadlı qadınların əl işlərinin sərgi-satışlarının təşkil edilməsi onların özünüməşğulluğunun inkişafına və sosial vəziyyətlərinin yaxşılaşmasına dəstək xarakteri daşıyır. Dövlət qayğısı sayəsində qadınlarımızın məşğulluğu, onların sahibkarlıq fəaliyyətləri təmin olunur ki, bu da həmin ailələrə böyük dəstəkdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada müxtəlif peşə kurslarına sağlamlıq imkanları məhdud qadınların da cəlb olunması, onların əl işlərinin sərgi və satışının təşkili həmin qadınlarımız üçün böyük maddi-mənəvi dəstəkdir. İstedadlı və yaradıcı qadınlar adından Xanım Xudadanova yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıq edib. Qeyd edək ki, sərgi-satışda istedadlı qadınlarımızın, o cümlədən kəndlərimizdə yaşayan evdar xanımlarımızın, həmçinin Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsi tələbələrinin Texnologiya Mərkəzinin üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən qadınların da əl işləri sərgilənəcək. Qeyd edək ki, sərgi-satış 10 gün davam edəcək.

Joomla 1.5