Adı İftixar Mənbəyimizə Çevrilmiş Əmək Qəhrəmanı, El Ağbirçəyi, İctimai Xadim – Bahar Xanım Talıbova

ÇapE-poçt

Bahar - oyanışın, canlanmanın, qarlı, çovğunlu günlərdən aydın sabahlara çıxmaq ümidinin, gülün, çiçəyin, parlaq günəşin, açıq səmanın, xoşbəxt təbiətin, əkilən torpağın, cücərən toxumun, çağlayan çayın, bolluğun bərəkətin təcəssümüdür. Bəşər övladı yarandığı gündən təbiətin bu cür dövr etməsinin şahididir. Ancaq yazılanlar oxşar olsa da, tamamilə başqa bir mövzu ilə bağlıdır.

Bir qadın  düşünün, adı Bahar, özü bahar, omrü bahar. Həyatı, əməyi  digərlərinə Nümunə gücündə ola bilən qadın- Bahar Talıbova. Bu gün anadan olmasından  94 il keçır. Bu 94 il ərzində adlı-sanlı əmək qəhrəmanı, el ağbirçəyi kimi  tanınan Bahar xanım  Talıbova

1927-ci ilin baharında dünyaya gəldi, elə ömrünü də bahar kimi yaşadı.  Bahar xanım  Talıbovanı   tarix özü seçdi, zaman özü  yetişdirdi...

Əsrlər boyu milli-mənəvi dəyərlərimizi özündə cəmləşdirən qəhrəmanlıq nümunələri ilə dolu Azərbaycan qadınları bu gün də gənc nəslin yetişməsində, ölkəmizin inkşafında səy və bacarıqlarını göstərirlər. Belə ki, Azərbaycan qadını istər əmək sahəsində, istərsə də incəsənət, mədəniyyət və digər sahələrdə naliyyətlər qazanmış, böyük inkşaf yolu keçərək ölkəmizin hüdudlarını aşan şöhrətə, hörmətə ucalmışlar. Belə qadınlarımızdan biri də  Sosialist Əməyi Qəhrəmanı Bahar xanım Talıbovadır. Bahar xanım Talıbova bugünkü nəsil üçün örnək sayılmaqla yanaşı, görkəmli əmək qəhrəmanı, şöhrətli torpaq, zəhmət adamı kimi də keçmiş sovetlər birliyində ən uca tribunalarda adı cəkilən iftixar mənbəyimizə çevrilmiş Azərbaycan qadınıdır.

İkinci dünya müharibəsində həlak olan atasının yoxluğunda ailəsinə kömək üçün anası Xədicə xanımla kolxozda çalışan, orta məktəbi bitirdikdən sonra isə 1943-cü ildən “Zəhmət” kolxozunda əmək fəaliyyətinə başlayan Bahar Talıbovanın sonrakı taleyi də əməklə, zəhmətlə bağlı oldu. Qarxun kənd M.Hüseynzadə adına kolxozda manqa başçısı işləyən Bahar xanım fədakarlığı, gərgin əməyi ilə qısa müddətdə qabaqcıl bir təsərrüfatçı kimi tanınmağa başladı. 1941-1945-ci illərdə müharibənin qazanılmasında ön cəbhədə vuruşanlar qədər arxa cəbhədəkilərin yorulmaz fəaliyyəti də danılmaz idi. Elə ona görədir ki, həm müharibə dövründə, həm də müharibədən sonra arxa cəbhədə göstərdiyi xidmətlərə görə Bahar xanım Talıbova “Rəşadətli əməyə görə” medalı ilə təltif edilmişdir. Uşaq yaşlarında anasına kömək məqsədilə başlamış, gəncliyində vətəninin dar günündə işləmək, əkib becərmək inamı ilə çalışmış, fədəkar qadın, əsil vətənpərvər, peşəsinin ustası kimi şöhrət qazanan Bahar Talıbovaya 1959-cu ildə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in “Pambıq ustası“ fəxri adı verilmışdir. 1960-cı ildə yüksək iradəyə malik bu xanm 33 yaşında ikən SSRİ-də ən yüksək fəxri ad olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk Naxçıvanlı qadın olmuşdur. Həmçinin Lenin ordeni,” “Oraq və çəkiç” qızıl medalı və “Əməkdar pambıqçı”sı fəxri adı ilə mükafatlandırılmışdır. 1966-cı ildə isə Bahar xanım “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur. Nümunəvi fəaliyyətinə görə o, 1971-ci ildə Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayına nümayəndə seçilmiş, elə həmin il SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Oktyabr inqilabı” ordeni və “Əmək igidliyinə görə” medalı ilə təltif olunmuşdu. Bahar xanım Talıbova V, VI, VII, VIII, IX, X və XI çağırış Naxçıvan MSSR-in Ali Sovetinin, V, VI, VII, VIII çağırış SSRİ Ali Sovetinin deputatı seçilmiş və 1972-ci ildə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunmuşdur.

Səmimilik, alicənablıq, əməksevərlik, əvvəl özünə sonra isə ətrafındakılara qarşı tələbkarlıq, vətəninə, torpağına, ailəsinə, peşəsinə bağlılıq, yüksək əxlaq Bahar xanıma xas cəhətlər idi. Ciddi nizam-intizam və məhsulliyyət duyğuları onu rahat buraxmırdı. Nəticədə isə qazandığı unvanlara, şöhrət dolu səhifələrə bir yenisi əlavə olunurdu.

1973-cü ildən sonra Bahar xanımın çalışdığı kolxoz pambıq əvəzinə tütün becərməyə başladı. Pambıqçılıqdakı yüksək göstəriciləri tütünçülükdə də davam etdirən Bahar Talıbova və başçılıq etdiyi manqa yüksək məsuldarlığa nail olaraq hər hektardan planda nəzərdə tutulan 14,5 sentner əvəzinə 25,5 sentner tütün əldə etmişdilər.Tütünçülükdə əldə olunan nailiyyətlərə görə dəfələrlə Bahar xanım Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görüldü. Bundan sonra o, ayrı-ayrı vaxtlarda Plenum, Büro üzvü seçildi, Şərur rayon Qadınlar Şurasının sədri oldu. Bahar Talıbovanın kolxozda, həmçinin rəhbərlik etdiyi manqada qadınların nümunəvi iş və mədəni-məişət şəraitinin yaradılmasında əhəmiyyətli rolu olmuşdur. Bu lətafətli xanım ömrünün mənasını insanlara qayğı göstərmək, çətin zamanlarında kömək əlini uzada bilməkdə görürdü.

40 ildən artıq bir dövrdə qızmar günəş altında pambıqçı və tütünçü ömrü keçirən, əməklə ucalıb şan-şöhrət qazanan, hünər və dillər əzbəri olan haqqında şeirlər, məqalələr yazılan, mahnılar bəstələnən Bahar xanım 1982-ci ildə İttifaq əhəmiyyətli fərdi təqaüdə layiq görülmüşdür. Bahar Talıbovanın zəhməti müstəqillik illərində də unudulmamış, ümummilli liderimiz Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilmiş, 2002-ci il 02 oktyabr tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Mənalı ömür yolu keçən Bahar Talıbova 27 il fasiləsiz olaraq Ali hakimiyyət orqanlarında deputat mandatı daşımaqla yanaşı, eyni zamanda yerli sovetlərdə də xalqın layiqli elçisinə çevrilmişdir. Həmçinin ictimai tədbirlərdə fəal iştirak etmiş, böyük təşkilatçılıq qabiliyyəti ilə Şərur rayonunun sosial-iqtisadi problemlərinin həllinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, quruculuq-abadlıq işlərinin həyata keçirilməsinə öz köməkliyini əsirgəməmişdir. Onun təşəbbüsü ilə rayon ərazisində neçə-neçə xidmət sahələri, xəstəxanalar, təhsil ocaqları, feldşel-mama məntəqələri tikilib istifadəyə verilmişdir. Bahar xanım gənc nəslin tərbiyə edilməsində, ailə dəyərlərinin qorunmasında, qadınlara nümunəvi iş şəraitinin yaradılmasında danılmaz xidmətlər göstərmişdir. Bunun əyani nümunəsi başçılıq etdiyi manqada tarla düşərgəsini yaratmasıdır. Belə ki, koxoz və sovxoz təsərrüfatlarında uşaq müəssisələrinin, xüsusilə mövsümi uşaq bağçalarının və körpələr evlərinin yaradılmasını əhəmiyyətli hesab etmiş və bu istiqamətdə səy göstərmişdir.

Bahar Talıbovanın omür yoluna nəzər salanda onun əməksevərliyi, zəhmətkeşliyi, əzmkarlığı, vətənə, torpağa bağlılığı hörmətlə, məhəbbətlə xatırlanır. Bahar xanımın gördüyü işlər özündən sonrakı nəsillərə və Azərbaycan qadınına nümunədir.

Bahar Talıbova 2003-cü il iyul ayının 20-də əbədiyyətə qovuşsa da qədirbilən xalqımız bu fədakar qadını hər zaman məhəbbətlə, həsrətlə xatırlayacaq.

Adlı-sanlı əmək qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı, 4 dəfə SSRİ Ali Sovetinin deputatı olmuş Bahar Məhərrəm qızı Talıbova zəhməti ilə özündən sonra gələnlərə şərəfli irs qoymuş, layiqli ömür yaşamışdır. Bütün yorulmaz fəaliyyəti, əməlləri ilə şöhrətli əmək qəhrəmanı, el ağbirçəyi xalqımızın qəlbində daima  yaşayacaq, əməlləri hər zaman hörmətlə xatırlanacaq.

Joomla 1.5