18.03.21 18:57
Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini və Gömrük İdarəsinin sədri Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin Sədri qonaqları salamlayıb, səfərin Çanaqqala zəfərinin və Çanaqqala şəhidlərinin anım gününə təsadüf etdiyini diqqətə çatdırıb, Çanaqqala və Qarabağ şəhidlərinin xatirəsinə ehtiramını bildirib. Hər iki ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının ilbəil möhkəmləndiyini qeyd edən Ali Məclisin Sədri deyib ki, Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün müasir kompleksin qurulması ikitərəfli əlaqələrə verilən önəmin ifadəsidir. Ali Məclisin Sədri regionda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib, muxtar respublika ilə Türkiyə arasında ikitərəfli ticarət əlaqələrinin perspektivlərini dəyərləndirib.Türkiyə Respublikasının Ticarət nazirinin müavini və Gömrük İdarəsinin sədri Rza Tuna Turaqay səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlıq edib. Qonaq Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbənin və əldə olunan razılaşmanın region üçün əhəmiyyətini vurğulayıb. Gələcək əməkdaşlıq barədə danışan Rza Tuna Turaqay Naxçıvan Muxtar Respublikasının inkişafının ikitərəfli münasibətlərə töhfə verdiyini bildirib.
Türkiyə Respublikasının İqdır vilayətinin valisi Hüseyin Engin Sarıibrahim və Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak ediblər.