Culfa rayonunda toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçrilib.

ÇapE-poçt

Muxtar respublikada əhalinin, xüsusən də əlil qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili diqqətdə saxlanılır, müvafiq sahə ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir.

Qədim toxuculuq sənətini inkişaf etdirmək, qadınların bu sahəyə marağını artırmaq, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2021-ci il 29 mart tarixdə müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib. Təlimdə 13-ü aztəminatlı ailənin üzvü, 9-u isə sağlamlıq imkanları məhdud qadın olmaqla 22 nəfər iştirak edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov bildirmişdir ki, muxtar respublikada qadınlara hərtərəfli diqqət və qayğı göstərilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş, icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər görülür. Həmçinin qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir.

Çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev tədbirin mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

İstedadlı toxucu qadın Gülsüm Kəngərli çıxış edərək milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimizin hər zaman qadınlara dəstək göstərdiyini bildirmişdir. Gülsüm Kəngərli toxuculuğun sirrini qadınların dərindən öyrənməsi yolunda əlindən gələni əsirgəməyəcəyini qeyd etmiş və əyani vəsaitlərdən istifadə etməklə təlimə başlamışdır.

Joomla 1.5