Yeni innovativ dərnəklər yeni təfəkkürlü gənclər formalaşdırı

ÇapE-poçt

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır.

Aprelin 9-da Ordubad rayonunda yaradılmış innovativ dərnəklərin təqdimatı olub.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dərnəklərin fəaliyyəti ilə maraqlanmış, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb.

Məlumat verilib ki, Ordubad rayonunda Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri, Şahmat və Uşaq-Gənclər İdman məktəbləri olmaqla, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 1209 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.

Ordubad Texniki Peşə və Sürücülük məktəbinin 3-cü mərtəbəsində yerləşən Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərində, ümumilikdə, 37 dərnək fəaliyyət göstərir ki, onlardan 20-si yeni yaradılan innovativ dərnəkdir. Dərnəklərə 8-i sağlamlıq imkanları məhdud uşaq olmaqla, 614 şagird cəlb olunub ki, onların təlim-tərbiyəsi ilə 34 dərnək rəhbəri məşğul olur.

Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəqs, gimnastika, rəsm, xalçaçılıq, bujiteriya, ebru sənəti, ingilis dili, bədii tikmə, toxuculuq və bədii qiraət dərnəkləri fəaliyyət göstərir. Texniki Yaradıcılıq Mərkəzində  isə robotexnika, kompüter mühəndisliyi və STEAM, mental-aritmetik, memarlıq-dizayn, ağac üzərində oyma, ağac üzərində yandırma, metal üzərində bədii döymə, heykəltəraşlıq, dulusçuluq, qum sənəti dərnəkləri yaradılmışdır. İnnovativ dərnəklər üçün 213 yerlik 16 sinif otağı və 1 xidməti otaq ayrılıb, 6 elektron lövhə və 20 kompüter quraşdırılıb, 3D printer, STEAM qurğuları, 20 dəst geyim, idman alətləri, 15 molbert, 5 hana, çertyoj lövhəsi, elektrikli dəzgahlar, 10 elektrikli yandırma aləti, 12 heykəltəraşlıq və dulusçuluq dəzgahı, 5 elektrikli qum stolu, eləcə də lazım olan digər ləvazimatlar, xammal və mebellər alınıb.

Mental-aritmetik dərnəyində şagirdlər Azərbaycan və rus dillərində saymaqla və şeir qiraət etməklə hesablama aparıblar.Robotexnika, kompüter mühəndisliyi və STEAM dərnəklərində şagirdlər hazırladıqları yük daşıyan robot, ağıllı ev, rütubətölçən cihaz, külək elektrik stansiyasının modeli və digər layihələri təqdim etmiş və onlar haqqında məlumat veriblər.

Dərnək rəhbərlərindən Aliyə Haşimova və Pərvin Hacıyev kollektiv adından minnətdarlıq ediblər. Qeyd olunub ki, Ali Məclis Sədrinin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, onların asudə vaxtlarının səmərəli təşkili üçün mərkəzdə innovativ dərnəklər yaradılıb. Bu dərnəklər milli-mənəvi dəyərlərin qorunmasını, gələcək nəsillərə çatdırılmasını, uşaqların intellektual səviyyələrini inkişaf etdirmələrini təmin edir.

Ali Məclisin Sədri deyib: Məktəbdənkənar müəssisələr şagirdlərin asudə vaxtlarının təşkilində və peşə seçimlərində çox əhəmiyyətlidir. Muxtar respublikada məktəbdənkənar müəssisələrin formalaşmasına bir neçə il bundan əvvəl başlanılıb. Ordubad rayonunun məktəbdənkənar müəssisələrində də 37 dərnəkdən 20-si yeni qurulub ki, onlar da, əsasən, yeni texologiyaları və milli dəyərləri əhatə edir. Bu dərnəklərin fəaliyyəti üçün bundan sonra da lazımi köməklik göstərilməlidir. Əvvəllər muxtar respublikada keçirilən sərgilərə yalnız evlərdə olan bir neçə çeşiddə qədim əl işləri çıxarılırdısa, son zamanlar belə sərgilərdə hazırlanan əl işlərinin çeşidləri artmışdır. Xüsusilə də sərgilərdə sağlamlıq imkanları məhdud şəxslərin əl işlərinin üstünlük təşkil etməsi yaradılan şəraitin nəticəsidir.  Ona görə də milli dəyərləri əks etdirən dərnəklərin hər il muxtar respublikada sərgi-satışı, texniki dərnəklərin isə gələcəkdə təşkil olunacaq texnologiya festivalında iştirakı təmin edilməlidir. Uşaqlarda bu sahəyə böyük maraq var. Bu səbəbdən də onlar dərnəklərə daha çox cəlb edilməlidir.

Ali Məclisin Sədri muxtar respublikanın bütün məktəblərində STEAM kabinələrinin qurulub başa çatdırılması, müəllimlərin kurslara cəlb olunması, şagirdlərin asudə vaxtlarının təşkili üçün məktəb və məktəbdənkənar müəssisələrdə işlərin davam etdirilməsi barədə tapşırıqlar verib.

Joomla 1.5