Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə müasir tədris şəraiti yaradılıb

ÇapE-poçt

Aprelin 9-da Ordubad şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 612 şagird yerlik məktəbdə 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter, 2 müəllimlər otağı, psixoloq otağı, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və digər texniki otaqlar vardır. Məktəbdə 43 kompüter və 5 elektron lövhə quraşdırılmış, internetə çıxış təmin olunmuşdur. Kitabxana fondunda 4208-i dərslik və 5575-i bədii ədəbiyyat olmaqla, 9783 kitab vardır.

STEAM kabinəsi 2 kompüter, 1 elektron lövhə, 3D printer, robotların hazırlanması üçün müxtəlif elektron hissə və alətlər, mikrobit, arduino setləri və digər qurğularla təchiz olunub. STEAM kabinəsində şagirdlər hazırladıqları layihələri Ali Məclisin Sədrinə təqdim ediblər.

Məktəbin müəllimi Natəvan Fərzəliyeva minnətdarlıq edərək deyib ki, məktəbimizdə STEAM təhsil metodunun tətbiqi üçün kabinə yaradılıb və müxtəlif avadanlıqlarla təchiz olunub. Şagirdlər bu avadanlıqlarla tanış olaraq 3D modelləşdirmə, mikrobit, arduino ilə işləmə biliklərinə yiyələnirlər.

2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 32 şagird qəbul olub. Ötən tədris ilində məktəbi bitirən 20 məzundan 18-i ali, doqquzillik bazadan 4 şagird orta ixtisas məktəblərinə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul olanların 2-si 500-700 intervalında bal toplayıb. Müəllimlərdən 2-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2-si isə “Tərəqqi” medalına layiq görülüb.

Ali Məclisin Sədri hərbi hazırlıq kabinəsinə baxış zamanı gənclərlə hərbi-vətənpərvərlik işinin düzgün təşkilinin əhəmiyyətini vurğulayıb, hərbi hazırlıq fənninin tədrisinin yüksək səviyyədə aparılması barədə tapşırıq verib.

Muxtar respublikanın ümumtəhsil məktəblərində dəqiq elmlərə marağın artırılmasında, ən əsası isə şagirdlərin əqli inkişafında şahmatın tədrisi mühüm vasitədir. Şahmat avadanlıqları və dərsliklərlə təmin olunmuş sinif otaqlarının istifadəyə verilməsi bu sahəyə marağı artırır.

Elektron lövhəli sinifdə "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi ilə 200-dən artıq ümumtəhsil məktəbi arasında keçirilən interaktiv dərs izlənilib.

Gənc müəllim Günay Məmmədova deyib: "Muxtar respublikada gənclərə yüksək diqqət və qayğı göstərilir. Yaradılan şəraitin nəticəsidir ki, Naxçıvan şəhərində yaşamağıma baxmayaraq, müəllimlərin işə qəbulu imtahanında iştirak edib və Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə riyaziyyat-informatika müəllimi kimi fəaliyyətə başlamışam. Şagirdlərə müasir tədrisin metodlarını öyrətməklə gənclərə göstərilən etimadı doğrultmağa çalışacağam".

Ali Məclis Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq məktəbdə Ağır Atletika İdman Klubu yaradılıb. Klubun fəaliyyəti üçün 1 velosiped, 1 xizək, 3 universal güc, 3 ağırlıqqaldırma trenajorları, 3 dəst 30 kiloqramlıq ağırlıqqaldırma aləti, 15 kiloqramlıq 8 rezin qantel alınıb.

Ali Məclisin Sədri digər məktəblərdə də idman klublarının yaradılması barədə tapşırıqlar verib, məktəbin pedaqoji kollektivi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib: Bu ilin ötən dövründə Şərur rayon Şəhriyar və Ordubad rayon Nüsnüs kənd tam orta məktəbləri yenidən qurularaq istifadəyə verilib. Hazırda Naxçıvan şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, Şərur rayon Çərçiboğan, Dərvişlər, Babək Rayon Sirab, Araz, Ordubad rayon Əndəmic, Vələver, Pəzməri və Dırnıs məktəblərində tikinti-quruculuq işləri aparılır. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılıb. Ötən dövrdə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi, 4 məktəbdənkənar təhsil müəssisəsində və 11 tam orta məktəbdə STEAM kabinələri yaradılıb. Hazırda 38 tam orta məktəbdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər aparılır. Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə yaradılan müasir tədris şəraiti tədrisin səviyyəsinin artmasına, daha yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açır. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Məktəbin müəllimi Turanə Səfərli deyib: "Tarixin heç bir dövründə Naxçıvan indiki qədər abad olmayıb və inkişaf etməyib. Muxtar respublikamızın bütün rayon və şəhərləri, o cümlədən Ordubad rayonu da simasını dəyişib və müasirləşib. Təhsil quruculuğuna xüsusi diqqət göstərilir. Bunun əyani ifadələrindən biri də Ordubad şəhər 1 nömrəli tam orta məktəbin müasir məktəblər sırasına qoşulmasıdır. Bu məktəb binası bütün müəllim, şagird və valideynlərə sevinc bəxş etdi. Yaradılan şərait şagirdlərin yüksək səviyyədə təhsil almalarına geniş imkan açmaqla yanaşı, biz müəllimləri də daha yaxşı işləməyə ruhlandırır".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kollektivi təbrik edərək deyib: Bu gün Ordubad şəhər 1 nömrəli tam orta məktəb müasir tələblər səviyyəsində qurularaq kollektivin istifadəsinə verilir. Əgər XX əsr texnika dövrü idisə, XXI əsr yeni texnologiya əsridir. O dövrdə məktəbdə əmək təlimi otağı yaradılırdısa, bu gün STEAM kabinəsi qurulur, laboratoriyalar istifadəyə verilir, məktəb və tədris dövrün tələbinə uyğunlaşdırılır. Elektron lövhələr, kompüter sinifləri, laboratoriyalar və kabinələrlə təmin olunmuş Ordubad şəhər 1 nömrəli tam orta məktəb də yeni texnologiyaların tədrisdə tətbiq edilməsinin göstəricisidir. Belə məktəblərin tikilməsi ölkənin vəsaiti hesabına həyata keçirilir. Məktəb kollektivi yeni texnologiyaları yaxşı mənimsəməlidir ki, uşaqlara da yaxşı öyrədə bilsinlər. Ona görə ki, gənclər ölkənin gələcəyi, qurucularıdır. Qəbul olunan dövlət proqramları, həyata keçirilən tədbirlər onların yaxşı təhsil almalarına hesablanıb.

"Məktəb əvvəllər şəraitsiz vəziyyətdə idi. Bu da tədrisin müasir tələblər səviyyəsində təşkilinə maneçilik yaradırdı. Lakin buna baxmayaraq, müəllimlərin tələbkarlığı, nizam-intizam və şagirdlərin çalışqanlığı son 5 ildə məktəbin qəbul göstəricilərində 81 faiz nailiyyətin əldə olunmasına imkan vermişdir",- deyən Ali Məclisin Sədri kollektivə fədakar əməyinə görə təşəkkür edib, gələcək tədrisdə uğurlar arzulayıb.

Ali Məclisin Sədri yeni texnologiyaların öyrənilməsi, gənc müəllimlərin işləməsi üçün şəraitin yaradılması, kitab müzakirələrinin keçirilməsi, yaradılanlardan səmərəli istifadə olunması, ərazidə yaşıllıqların və meyvə ağaclarının artırılması ilə bağlı tapşırıqlar verib.

Bina istilik sistemi ilə təchiz edilib, həyətdə açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb.

Joomla 1.5