Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib

ÇapE-poçt

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: "Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq".

Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması aqrar sahənin inkişafına mühüm töhfə verir. Hər il bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları tikilir, uzun illər əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır. Həyata keçirilən bu tədbirlər bol məhsul istehsalı ilə yanaşı, həm də əhalinin məşğulluğunun təmin olunmasına hesablanıb.

Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası tikilib, Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemləri yenilənib.

Şahbuzkənd, Külüs və Keçili kəndlərinin

elektrik təsərrüfatı yenidən qurulub

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemlərində görülən işlərlə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, Külüs, Keçili, Şahbuzkənd kəndlərini və yeni tikilən nasos stansiyasını dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə 12,2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik verilişi xətti çəkilib. Bu məqsədlə 35/10 kilovatlıq “Şahbuz” yarımstansiyasında lazımi genişləndirmə işləri aparılıb, Külüs kəndi ərazisində 2500 KVA gücündə 35/10 kilovoltluq və nasos stansiyasının yaxınlığında 1600 KVA gücündə 10/6 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb.

Bildirilib ki, elektrik xəttinin çəkilişi üçün 84 ədəd 35 kilovoltluq qalvanik metal dayaq, 36,6 kilometr uzunluğunda, 43,5 ton Piogen markalı polad-alüminium məftil, 1700 metr mühafizə trosu çəkilmişdir. Həmçinin 1 ədəd 63 KVA gücündə 10/0,4 kilovoltluq xüsusi sərfiyyat transformatoru, 35, 10 və 6 kilovoltluq komutasiya açarları quraşdırılıb.

Şahbuzkənd, Külüs və Keçili kəndlərində elektrik təsərrüfatlarının yenidən qurulması yaşayış məntəqələrində elektrik enerjisinin daha keyfiyyətlə ötürülməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək deyib: Bu ərazilərin elektrik enerjisi ilə təminatında həmişə problemlər olub. Ona görə də kəndlərin elektrik sistemlərinin yenidən qurulması və yeni xəttin çəkilməsinə qərar verildi. Yeni elektrik xətti həm 3 kəndin elektrik enerjisi ilə təminatını yaxşılaşdırdı, həm də uzun illər bu ərazidə əkilməyən 340 hektar torpağın su təminatını həyata keçirməyə imkan verdi.

"Vaxtilə torpaq sürüşməsi zamanı Keçili kəndindən köçənlər üçün evlər tikiləndə qaynaq aparatını işlətmək üçün elektrik enerjisinin gücü çatmırdı", - deyən Ali Məclisin Sədri artıq bu gün həmin problemlərin aradan qaldırıldığını, müasir xətlərin qurulub istifadəyə verildiyini, elektrik təminatının yaxşılaşdırılmasının isə burada insanların rahat yaşayışına xidmət etdiyini bildirib.

Joomla 1.5