Şərur rayonunda qadınlara toxuculuq təlimi keçirilib

ÇapE-poçt

Muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, diqqətdə saxlanılır, müvafiq sahə ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir. Qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Şərur Rayon İcra Hakimiyyəti tərəfindən  2021-ci il aprel ayının 26-da rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib.

Təlimdə 6 aztəminatlı ailənin üzvü, 12 sağlamlıq imkanları məhdud qadın və 3 Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri olmaqla cəmi 21 nəfər  iştirak edib.  Tədbiri  giriş sözü ilə  Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sürəyya Bəşirova  açaraq tədbirin mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

 

Tədbirdə   Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə  qadın problemləri  və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş, icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında  xüsusən də  evdar və  sosial qayğıya  ehtiyacı olan  qadınlar  arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir.  Bu ilin ötən dövrü ərzində  toxuculuq ilə bağlı Sədərək və Culfa rayonlarında  təlimlər keçirilmişdir. Bu günkü toxuculuq  təlimi də görülən işlərin davamıdır.

Sonda təlimi həyata keçirəcək olan istedadlı toxucu qadın Gülsüm Kəngərli milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimiz tərəfindən hər zaman dəstək göstərildiyini bildirmişdir. Gülsüm Kəngərli toxuculuğun sirrini qadınların dərindən öyrənməsi yolunda əlindən gələni əsirgəməyəcəyini qeyd etmiş və əyanı vəsaitlərdən istifadə etməklə təlimə başlamışdır. Təlim iştirakçıların   tərəfindən  maraqla  qarşılanmışdır.

Joomla 1.5