Toxuculuq təlimləri davam edir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il iyun ayının 21-də qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı növbəti təlim keçirilmişdir.

Təlimdə 15 aztəminatlı ailənin üzvü, 10 sağlamlıq imkanları məhdud qadın və 4 Babək Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri olmaqla cəmi 29 nəfər iştirak edib.

Babək Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Babayeva Şəfa tədbiri giriş sözü ilə açaraq mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının şöbə müdiri Tarverdi Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu ilin ötən dövrü ərzində toxuculuq ilə bağlı Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında təlimlər keçirilmişdir. Bu gün həyata keçirilən toxuculuq təliminin də görülən işlərin davamı olduğunu qeyd etmişdir.

Sonda təlimçi istedadlı toxucu qadın Gülsüm Kəngərli milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimiz tərəfindən hər zaman dəstək göstərildiyini bildirmişdir. Gülsüm Kəngərli toxuculuğun sirrini qadınların dərindən öyrənməsi yolunda əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdir. Təlimə əyani vəsaitlərdən istifadə etməklə başlanılmış və təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Joomla 1.5