Muxtar respublikada informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası yaradılacaq

ÇapE-poçt

Uşaq ailənin, ailə isə cəmiyyətin güzgüsüdür. Yəni cəmiyyəti ailənin formalaşdırdığı qədər, uşaqları da ailənin yetişdirdiyi, cəmiyyətin formalaşdırdığı danılmaz bir həqiqətdir. Bu mənada Uşaqların yaşadığı mühit və ailə onların gələcək həyatındakı mənəvi-pisxoloji vəziyyətlərinə çox mühüm təsir göstərir.

Həmçinin qloballaşan dünyada cəmiyyətlərə təsir gücü getdikcə artan yeni bir mexanizmin də yarandığını, müsbət tərəflərinin olduğu qədər təhlükəli yönlərinin də olduğunu gözdən qaçırmamalıyıq. Odur ki, əsrin əvvəllərindən həyatımızın demək olar ki, böyük bir hissəsinə nüfuz edən internet texnologiyaları kontrol edilə biləcək əsaslar çəçivəsinə alınmalıdır. Yəni bu innovativ proses cəmiyyət və insan amilini təhdid etməməlidir. Xüsusilə də, uşaqların zərərli informasiyalardan qorunması anlamındakı həssaslıq nəzərə alınmalıdır. Elə isə “Zərərli informasiya” dedikdə nəyi nəzərdə tuturuq, əvvəl bunu izah etməyə çalışaq. Zorakılıq, qəddarlıq və bunları təbliğ edən bütün informasiyalar uşaqlar üçün zərərli sayılır. Cəmiyyət əleyhinə, hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiyalar, ailə institutunu gözdən salan, ailəyə zərbə vuran, əxlaqdan kənar informasiyalar, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən məlumatlar uşaqlar üçün zərərli informasiyalar sırasındadır. Eyni zamanda jarqon ifadələr, söyüş, pornoqrafik xarakterli, narkotiki, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axını da zərərli informasiya hesab edilir.

Məhz elə bu cür təhlükələrin qarşısının alınması məqsədi ilə ölkələr gələcəklərinin təminatçısı olan uşaqların təhsilini, təlim-tərbiyəsini, sağlamlığını, mənəvi-pisxoloji vəziyyətlərininin diqqətdə saxlanılmasını öz dövlət siyasətlərində prioritet istiqamət olaraq müəyyənləşdirmişlər. Şübhəsiz ki, bu sahədə neqativ halların qarşısının alınması, həmin istiqamətdə qabaqlayıcı tədbirlər görülməsi üçün möhkəm hüquqi bazaya ehtiyac var. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının yayımı zamanı uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin də tətbiq edilməsi vacibdir.

Ölkəmizdə, eləcə də muxtar respublikada bu istiqamətdə qabaqcıl təcrübələrə söykənən, təkminləşdirilmiş qanunvericilik bazası yaradılıb. Ölkə başçısı cənab İlham Əliyevin “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixində təsdiq etdiyi qanunda müvafiq sahə ilə bağlı konkret qanunvericiliklə müəyyən edilmiş tələblər öz əksini tapmışdır. Bununla yanaşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 269 nömrəli qərarı ilə İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi təsdiq edilməsi bu sahəyə göstərilən həssaslığın hüquqi ifadəsidir. Bu qanundan belə məlum olur ki, informasiya məhsulunun hazırlanması mərhələsindən başlayaraq müəyyən tələblər ödənməlidir. İnformasiya məhsulu hazırlanarkən, ya da yayımlanarkən müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmalı, informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı aparılmalıdır. İstənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmayan universal informasiya məhsulundan müəyyən yaşa uyğunluğuna görə fərqləndirilən informasiya barədə məlumat verilməlidir. İnformasiya məhsulunun yaş kateqoriyası dedikdə ilk növbədə informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı nəzərə alınmalıdır. İnformasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətlərinə diqqət yetirilməlidir. İnformasiya məhsulu uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurmamalıdır.

Beləliklə muxtar respublikada da bu nəzarət mexanizminin vahid iş prinsiplərini müəyyənləşdirmək məqsədilə 2020-ci il 28 avqust tarixində 148 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”nı təsdiq edib. Qərar muxtar respublikada informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydalarını müəyyən edir. Qanunvericiliyə uyğun olaraq informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Naxçıvan Muxtar Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya qanunvericiliyə uyğun olaraq ekspertin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur. Deməli informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən muxtar respublika ərazisində yaya bilməz.

“Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya məhsulunun mövzusu, janrı, məzmunu, bədii tərtibatı, eyni zamanda uşaqların sağlamlığının və fiziki, psixi, əxlaqi inkafına zərər vurma ehtimalını nəzərə almaqla informasiya məhsulunun işarələnmədiyi və yaxud qanunvericiliyin tələblərini pozmaqla işarələndiyi hallarda müstəqil şəkildə həmin informasiya məhsulunun ekspertizasını təşkil edə bilər. Qanunvericiliyə əsasən informasiya məhsulunun ekspertizasının sifarişi 30 gündən çox olmaması şərti ilə ekspert təşkilatı ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Ekspertizanın nəticələrini əks etdirən ekspert rəyi qanunvericilikdə göstərilən tələblərə uyğun olaraq ekspertizanı sifariş edən şəxsə təqdim edilməlidir. Bununla yanaşı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi” təsdiq edilib. Əsasnamə Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının fəaliyyətini tənzimləyir. Qanunvericiliyə əsasən Ekspert Şurası informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert rəyindən razı olmayan hüquqi və ya fiziki şəxslərin şikayətlərinə baxır və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün tədbirlər görür. “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi”nə uyğun olaraq ekspert şurası Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılır və tərkibinə 3 müstəqil ekspert, eləcə də Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri daxildir. Onuda qeyd edək ki, ekspert şurasının tərkibinə seçilmiş müstəqil ekspertlər qanunvericiliyə əsasən pedeqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olmalıdırlar. Bununla belə həyat və sağlamlıq əlehinə ağır və xüsusilə ağır cinayətlər, yaxud şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı, yetkinlik yaşına çatmayanlarla ailə münasibətləri həmçinin ictimai mənəviyyat əlehinə çinayətlər törətməyə görə məhkum edilmiş şəxslər ekspert şurasının tərkibinə ekspert qismində daxil edilə bilməzlər. Məlumat üçün bildirək ki, ekspert şurası öz işini qanunçuluq, kollegiyalıq və qərəzsiszlik prinsipləri əsasında qurur və ictimai əsaslarla fəaliyyət göstərir. Ekspert şurasının qəbul etdiyi qərar həmin andan qüvvəyə minmiş hesab edilir. Bu qərardan məhkəmə qaydasında şikayət edilməsi qanunvericiliklə mümkündür.

Ekspert şurasına seçilmiş ekspertlər müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslərdir. Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasını aparan şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs - yəni, ekspert təşkilatı bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcəkdir.

Bir məqamı da qeyd etmək lazımdır ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilməməlidir.

Əlbəttə ki, dövrüyəyə buraxılan informasiyanın mövzusuna uyğun olaraq vaxtı da müəyyənləşdirilməlidir. Teleradio yayımı vasitəsilə yayımlanan və “Universal”, “6-”, “6+” və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur. Ancaq “16+” yaş kateqoriyasına aid informasiya məhsulları yerli vaxtla saat 7-dən saat 21-dək, “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları yerli vaxtla saat 6-dan saat 23-dək yayımlanmalıdır. “18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

6 yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilən, 6, 12 və 16 yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilən, həmçinin uşaqlar arasında dövriyyəsinə yol verilməyən informasiya məhsulları mütləq fərqləndirilməlidir.

Ekspert şurasında təmsil olunmaq istəyən şəxslər Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi informasiya saytında (aqupdk.nakhchivan.az) və rəsmi sosial medya hesablarında yerləşdirilən elandan ətraflı məlumat əldə edə bilərlər.

İnsanın ən vacib ehtiyaclarından biri informasiya almaqdır. Qəbul edilən informasiyanın düzgün və səmərəli olması vacib şərtdir. Hələ ki, informasiya istehlakçıları arasında uşaqların və azyaşlıların olmasını nəzərə alsaq bu mövzunun daha da ciddi yanaşma tələb etdiyini hamılıqla qəbul edə bilərik. Ona görə də dövlətin yuxarıda qeyd olunan qərarlarının və hüquqi təminatlarının qəbul edilməsinin nə qədər həyati əhəmiyyət daşıdığını hər birimiz dərk etməli və bu məsələyə məsuliyyətlə yanaşmalıyıq.

Joomla 1.5