Kollegiya iclası keçirilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2021-ci ilin 6 ayı ərzində görülən işlər barədə kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Ramilə Seyidova bildirmişdir ki, muxtar respublikada ailə, qadın və uşaq sahəsinə göstərilən xüsusi diqqət və qayğı nəticəsində əhalinin, həmçinin ailələrin maddi rifah halı yaxşılaşdırılır və onların sosial müdafiəsi gündən-günə gücləndirilir.

Məlumat verilmişdir ki, Naxçıvan Muxtar Respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması istiqamətində qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılmış, görüş, iclas, tədbir, seminar, təlim, monitorinqlər keçirilmiş, “Muzey günləri” çərçivəsində muzeyə gediş təmin edilmişdir. Əlavə olaraq aidiyyəti orqanlardan muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar alınaraq Komitədə yaradılmış bazaya əlavə edilmiş və müqayisəli təhlili aparılmışdır. 2021-ci il 01 yanvar tarixə olan məlumata əsasən muxtar respublikada 98198 ailə vardır. Həmçinin muxtar respublikada yaşayan uzunömürlü 287 ailə haqqında məlumatlar toplanılaraq Komitədə yaradılan məlumat bazasına əlavə edilmişdir. Bununla yanaşı muxtar respublikada 231021 qadın yaşayır ki, bu qadınlardan 7390-ı sahibkar, 8402-si əlil, 279-u sosial xidmətdə olan ahıl (3-ü Ahıllar Evində yaşayan), 221-i bələdiyyə üzvü, bunlardan 9-u bələdiyyə sədri, 9153-ü idmanla məşğul olan qadınlardır.

Qey edilmişdir ki, cari ilin ötən dövrü ərzində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” adlı layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində keçirilən maliyyə savadlılığı üzrə “Gələcəyini Planlaşdır” və “Sahibkar Ol” təlimi keçirilmiş, təlimlər zamanı sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan 28 qadının iştirakı təmin olunmuşdur. Hal-hazırda layihənin icrası davam etdirilir. 2021-ci ilin 6 ayı ərzində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində sərmayə kapitalı alan 23 qadının iş yeri və təsərüfat sahəsində monitorinqlər keçirilmişdir. Monitorinq zamanı heç bir neqativ hal və nöqsan aşkarlanmamışdır. Hesabat dövrü ərzində Sədərək, Şərur, Culfa, Şahbuz və Babək rayonu uzrə aztəminatlı ailənin üzvü, əlil qadınlar və müvafiq rayonların Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin aid dərnək rəhbərləri üçün toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı 116 qadın təlimlərə cəlb edilmişdir. Məlumat verilmişdir ki, hesabat dövrü ərzində Komitə tərəfindən təşkil edilən rəsm və əl işlərindən ibarət sərgi - satışlarda 389 şəxsin 28273 manat dəyərində 2904 rəsm və əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.

Qeyd edilmişdir ki, muxtar respublika əhalisinin 165288 nəfərini, yəni 35.80 %-ni uşaqlardır. Naxçıvan Muxtar Respublikası üzrə 1854 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılmışdır. Təhlil zamanı 1352-nin anadangəlmə, 492-nin qazanılmış xəstəliklər nəticəsində sağlamlığını itirmiş uşaqlar olduğu məlum olmuşdur. Həmçinin təhlillər zamanı məlum olmuşdur ki, son 10 ildə sağlamlıq imkanları məhdud uşaqların sayı gündən günə azalmışdır. Belə ki, 2010-cu il təvəllüdlü 142 sağlamlıq imkanları məhdud uşaq olduğu halda 2020-ci ildə bu rəqəm 0 olmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 3 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmişdir.

Muxtar respublikada uşaqlara, onların hüquqlarının müdafiəsinə daim diqqət və qayğı göstərilir. Bildirilmişdir ki, cari ilin 6 ayı ərzində elektron məlumat bankına 2898 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir ki, hazırda bankın bazasında 35500-dən artıq uşaq haqqında məlumat mövcuddur.

Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədər 19 uşaq müəssisəsində və uçota alınmış valideyn himayəsindən məhrum olmuş 14 uşağın, sağlamlıq imkanları məhdud 1 uşağın evində monitorinqlər aparılmışdır. Monitorinqlər zamanı heç bir hüquq pozuntusu halı aşkar olunmamışdır. Əlavə olaraq bildirilir ki, cari ilin 6 ayı ərzində valideyn himayəsindən məhrum olmuş 6 uşağın qeydiyyatı aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hesabat dövrü ərzində tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı 53 uşaq müəssisəsində manitorinq keçirilmişdir. Monitorinqlər zamanı müəssisələrdə 383 sağlamlıq imkanları məhdud uşaq aşkarlanmışdır.

Bildirilib ki, sanitar-gigiyenik vəziyyətlə bağlı Kəngərli, Babək, Ordubad, Sədərək və Şərur rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin, eləcə də uşaq musiqi məktəblərinin müvafiq sahəyə məsul əməkdaşlarına və rəhbər işçilərinə maarifləndirici seminar keçirilmişdir. Müvafiq sahə ilə əlaqədar hazırlanmış 250 ədəd broşür seminar iştirakçılarına paylanılmışdır.

Qeyd olunmuşdur ki, “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar Komitə tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Belə ki, 2021-ci il 31 may tarixdə muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirilmiş, toplanmış 16 litr qan xəstəxananın Qan Bankına verilmişdir.

2021-ci il 01 iyun tarixdə aid təşkilatlarla birlikdə M.Fizuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə 41 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşağa hədiyyələr təqdim olunmuşdur.

Həmçinin 01 iyun tarixdə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində də “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilmiş, tədbirdə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respubliası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinin uşaqları iştirak etmişdir. Tədbirdə 15 sağlamlıq imkanları məhdud uşağa Komitə tərəfindən hədiyyələr verilmişdir.

Məlumat verilmişdir ki, 2021-ci il 24 iyun tarixində “26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” münasibəti ilə aid təşkilatlarla birgə şəhid və qazi övladları ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Komitə tərəfindən 69 şəhid və qazi övladına hədiyyələr təqdim olunmuşdur.

Hesabat dövrü ərzində Komitə tərəfindən kütləvi informasiya vasitələrində ailə, qadın və uşaqlarla bağlı təbliğat işi aparılmışdır. Belə ki, Naxçıvan Dövlət Televiziyasında 44 televiziya, Naxçıvan Dövlət Radiosunda və “Naxçıvanın səsi” radiosunda 7 radio verilişində maarifləndirici çıxışlar olmuş, Komitənin 38 tədbiri “Xəbərlər” proqramında işıqlandırılmışdır. “Şərq qapısı” qəzetində 34, rayon qəzetlərində isə 11 materialı dərc edilmişdir. Komitənin rəsmi saytında, youtube, facebook və instagram səhifələrində və müxtəlif internet saytlarında 980 material yerləşdirilmişdir.

Kollegiya iştirakçılarına məlumat verilmişdir ki, cari ilin 6 ayı ərzində ailə, qadın və uşaqların hüquqlarının qorunması ilə bağlı 128 şifahi, 6 yazılı, Komitənin elektron ünvanına 6 müraciət daxil olmuş, müraciətlərə qanunamüvafiq qaydada baxılmış və lazımi köməklik göstərilmişdir.

Məruzə ətrafında çıxışlar olub.

Joomla 1.5