Uşaqlar "Yay məktəbi"ndən xoş təəssuratlarla ayrılıblar

ÇapE-poçt

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir.

Bu gün muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Hətta ən ucqar kəndlərdə də uşaqların təhsili, təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Bu bir həqiqətdir ki, Uşaqların təhsili və təlim tərbiyəsi ilə yanaşı onların asudə vaxtlarının səmərəli keçirilməsi də mühüm əhəmiyyətə malikdir. İstirahətin və asudə vaxtın təşkili uşaqların istər fiziki, istərsə də pisixi sağlamlığı nöqteyi - nəzərindən böyük məna kəsb edir. Çünki uşaqların əxlaqi və estetik tərbiyəsinin inkişafında istirahətin özünə məxsus yeri var. Bir uşağın kiçiklikdə aldığı ilk təəssurat ömrüncə davam edər deyiblər. Ona görə də tətilin müxtəlif yerlərdə keçirilməsi uşaqlarda xoş təəssürat, gözəl əhval - ruhiyyə yaradır. Uşaqlar bir - biri ilə fikir mübadiləsi edir, təəssüratlarını bölüşür, yeni məlumatlar əldə edirlər. Sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə qoyulur. Muxtar respublikada dövlət uşaq siyasətinin tərkib hissəsi olan uşaqların istirahət günləri və asudə vaxtlarının səmərəli təşkil olunması hər zaman diqqət mərkəzində saxlanılır. Bu sahəyə göstərilən diqqət və qayğının davamı olaraq xəbər verdiyimiz kimi uşaqların asudə vaxtlarının səmərəli təşkili, yay tətili günlərinin maraqlı keçirilməsi məqsədi ilə iyul ayının 21- də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılğı ilə 49 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq üçün “Yay məktəbi”təşkil edilmişdir. “Yay məktəbi” çərçivəsində idman yarışları,əyləncəli və intellektual oyunlar, marifləndirici seminarlar, “Oxunması zəruri olan kitablar”ın mütaliəsi və müzakirəsi, vətənpərvərlik ruhunda çəkilmiş filmlərin nümayişi, həmçinin konsert proqramları təşkil edilib. Uşaqlar Ağbulaq İstirahət Mərkəzində səhər, nahar və şam yeməklərində Naxçıvan mətbəxinin ən ləziz təamları ilə təmin olunmuşlar. Ağbulaq İstirahət Mərkəzində 3 gün davam edən “Yay məktəbi”ndən uşaqlar xoş təəssuratlarla ayrılmışlar. Aparılan söhbətlər zamanı uşaqlar “Yay məktəbi”ndə iştiraklarından məmnun olduqlarını, gələcəkdə yenidən iştirak etmək istədiklərini dilə gətirmişlər.

“Yay məktəbi” çərçivəsində keçirilən intellektual oyunlar, viktorinalar uşaqların dünyagörüşlərinin artırılmasında, biliklərinin zənginləşməsində çox mühüm əhəmiyyətə malikdir. Jozef Jubert “Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacları var” deyirdi. Doğurdan da belədir. Uşaqlarımızın yüksək intellektli insan kimi formalaşmaları, bilik sahibi olmaları üçün praktik addımlar atılmalıdır. Sosialyönlü tədbirlər hazırlanmalı və reallaşdırılmalıdır. Bu istiqamətdə uşaqlar arasında rəqabət mühiti yaradılmalıdır. “Yay məktəbi”ndə təşkil edilən intellektual oyunları və viktorinaları dediklərimizə misal kimi göstərmək olar. Keçirilən yarış və viktorinalarda fərqlənən valideyn himayəsindən məhrum Musayev Ayxan Vüsal oğlu təəssuratlarını bu cür ifadə edir “”Yay məktəbi”ndə iştirak etməkdən çox məmnunam. Burada gördüklərim mənim üçün bir ilk idi. Mənə verilən bu imkanı yaxşı dəyərləndirib, öz dünyagörüşümü artırmaq, bacarıq və istedadımı göstərmək üçün fəal iştirak etdiyimi düşünürəm. İntellektual oyunlar və viktorinalar mənim üçün yadda qalan oldu. Tədbirlərdə yaxşı iştirak edib diploma layiq görüldüm. Bizə göstərilən diqqət və qayğıya görə cənab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığımızı bildiririk.”

Uşaq üçün hər bir oyun ciddi xarakter daşıyır, çünki o, oynayarkən yaşayır. O yalnız oynayarkən öyrənir, ruhən və cismən böyüyür. A.V. Lunaçarskinin bu fikrini uşaqların tərbiyə edilməsi ilə bağlı yanaşmada ciddi qəbul ediləcək istiqamətlərdən biri kimi hesab etmək olar. “Yay məktəbi”ndə təşkil edilən müxtəlif əyləncəli oyunlar uşaqlarda xoş əhval ruhiyyə yaratmaqla onların mənəvi psixoloji vəziyyətlərinə də əsaslı təsir göstərir. Culfa rayonunun Yaycı kəndindən olan Quliyeva Gülnar Əfqan qızı deyir ki, “Mən burada yaxşı dostlar, yoldaşlar qazandım. Buradakı vaxtımız doğurdan da çox maraqlı keçdi. Bilik və dünyagörüş baxımından əldə etdiklərimiz gələcəyimiz üçün çox əhəmiyyətlidir. Əyləncəli oyunlar maraqlı idi. Bura məndə çox gözəl xatirələr, yüksək təəssuratlar yaratdı. Bu imkanı bizə yaradan hər kəsə təşəkkür edirəm ”.

Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir. “Yay məktəbi”nin ən başlıca üstünlüklərindən biri də uşaqlar arasında ünsiyyət bacarığının təkminləşdirilməsi, yeni-yeni dostluqların, tanışlıqların, səmimiyyətin meydana çıxmasına zəmin yaratmaq oldu. “Yay məktəbi” hazırlanmış proqrama uyğun olaraq tədbirlərin keçirilməsi ilə yanaşı əlamətdar hadislərlə də yadda qaldı. Belə ki, iyul ayının 22-də Ağbulaq İstirahət Mərkəzində 17 yaşı tamam olan valideyn himayəsindən məhrum Səmrah Məmmədovun doğum günü qeyd edildi. Uşaqlarla yanaşı təşkilatçılarınn da iştirak etdiyi doğum günü tədbiri maraqlı və əyləncəli keçdi. Doğum günü tortu kəsildi, günün qəhrəmanına hədiyyələr təqdim olundu. Səmrah Məmmədov- heç gözləmirdim. Mənim üçün gözlənilməz oldu. Yoldaşlarımın ətrafında çox gözəl bir doğum günü qeyd etdim. Keçirdiyim doğum günlərimin arasında ən yadda qalanı oldu desəm səhv etmərəm. Təşkilatçılara təşəkkür edirəm- deyə təəssuratlarını bizimlə bölüşdü.

Bütün yaş dövrləri üçün uşaqların asudə vaxtlarının səmərəli dəyərləndirilməsinin ən ideal məşğuliyyəti mütaliə etməkdir. Belə ki, Yay məktəbi"ndə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin 2017 – ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Oxunması zəruri olan kitabların siyahısı" na daxil edilmiş kitabların mütaliəsi keçirilmişdir. Oxuduqları bu ədəbiyyatlar vasitəsilə uşaqlar fantaziyanı gerçəyə çevirərək təxəyyülünü inkişaf etdirir, müsbət xarakterli obrazlara rəğbət bəsləyərək onları özünə nümunə seçirlər. Həmçinin milli və əcnəbi yazarların əsərlərinin mütaliə edilməsi uşaqlarda bədii estetik düşüncə tərzinin formalaşmasına da xidmət edir. Tək valideyn himayəsində yaşayan İsmayılova Zeynəb Nizaməddin qızı bizimlə söhbətində bildirdi ki,”Mən bu kitabların bəzilərini oxumamışdım. Oxuduğum kitabların mövzusunun dərinliyini isə burada aparılan mütaliə və müzakirə zamanı tam təfarruatı ilə dərk etdim. Yaradılan şəraitə görə hər kəsə təşəkkür edirəm”

Asudə vaxtın səmərəli keçirilməsi vasitələrindən biri də idmanla məşğul olmaqdır. Boş vaxtlarında idmanla məşğul olan uşaqlarda aktiv həyat tərzi formalaşır, artıq çəki problemi olmur, sümüklər, bədənin hərəkət sinir sistemi inkişaf edir. Bununla yanaşı idman xəstəliklərlə mübarizədə orqanizmin immun sistemini gücləndirir, dayanıqlılığı artırır. “Yay məktəbi”nin proqramına uyğun olaraq səhər gimnastikası, voleybol, basketbol, futbol və digər idman oyunlarının keçirilməsində məqsəd uşaqlarda idmana marağın artırılmasına, idmanın insanın fiziki və mənəvi inkşafındakı əhəmiyyətinə diqqət çəkmək idi. İdman tədbirlərində yaxından və fəal iştirak edən şəhid Mehdi Zeynalovun oğlu Zeynal Zeynalov deyir ki, “Mən idmanı çox sevirəm. Əsasən də futbolu. Burada belə oyunların təşkil edilməsi lap mənim ürəyimcə oldu. İdman yarışlarında fəal iştirak etdim. Fərqləndiyimə görə də təşkilatçılar tərəfindən diploma layiq görüldüm. Mən “Yay məktəbi”ndə iştirak etdiyim üçün özümü xoşbəxt sayıram və gələcəkdə yenidən gəlməyi arzu edirəm. Yay tətilimizin, asudə vaxtlarımızın bu cür təşkil edilməsinə imkan yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbova minnətdarıq”.

Asudə vaxtın səmərəli təşkili baxımından şahmat oyununun faydalarını da xüsusi vurğulamaq lazımdır. Boş vaxtını şahmat oynayaraq keçirən uşağın tez qərar qəbul etmək qabiliyyəti inkişaf edir. Yaxşını pisdən, doğrunu yanlışdan ayırd etməyi uşaqlara didaktik formada öyrətməyə çalışırıq, lakin bəzən bu insana yorucu və bezdirici gəlir. Amma şahmat oyununda bir həmlənin oyunun gedişatına necə təsir edəcəyini, yeni vəziyyətin necə nəticələnəcəyini uşaq əyani olaraq anlayır və qavrayır. Şahmat oyununun zehni qabiliyyəti inkişaf etdirdiyini nəzərə alaraq “Yay məktəbi”ndə şahmat yarışları təşkil edilib, yarışlarda fərqlənən uşaqlar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Xalqımızın milli kino sənəti çox zəngindir. Uşaqların milli ruhda tərbiyə olunmaları, vətənə bağlılıq hisslərinin aşılanması məqsədilə “Yay məktəbi” çərçivəsində vətənpərvərlik mövzusunda film nümayişləri də təşkil edilmişdir. İzlədikləri filmlər uşaqlarda yüksək təəssuratlar yaratmışdır. Çoxuşaqlı ailənin övladı Orucov İslam İntiqam oğlu film izlədikdən sonra təəssuratlarını bizimlə bölüşüb.”Mən Azərbaycan filmlərini çox sevirəm. Bu gün izlədiyim ”Şərikli çörək” filmi də ürəyimcə oldu. Xalqımızın tarixindən, milli dəyərlərindən bəhs edən filmləri hər zaman sevə-sevə izləyirəm. Burada günlərimiz çox maraqlı keçir. Yenidən burada olmağı çox istərdim. Bizə göstərilən bu cür diqqətə və qayğıya görə cənab Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinə təşəkkür edirik”.

Ağbulaq kəndi muxtar respublikamızın ən dilbər güşələrindən biridir. Havası, təbiəti ilə gələn qonaqlarda heyranlıq yardan Ağbulaq son illərdə daha da inkşaf edib. Burada turizm əhəmiyyətli infrastrukturun qurulması muxtar respublikaya gələn qonaqların diqqətini özünə cəlb edir. “Yay məktəbi” çərçivəsində uşaqlar Ağbulaq kəndi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Kənddə gəzintiyə çıxan uşaqlar yüksək təəssuratlarla geri qayıdıblar. Ağbulaq kəndi ilə tanışlıqdan sonra şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimova təəssuratlarını bölüşüb: Ağbulaq ucqar kəndlərimizdən olsa da müasir görünüşə malikdir. İnsanların rahat yaşaması üçün hər cür şərait mövcutdur. Bizim üçün “Yay məktəbi”nin belə gözəl bir təbiəti olan yerdə təşkil edilməsi çox xoşdur.

Şəhid Elşən Orucovun qızı Aygün Orucova Ağbulaq kəndinin gözəl havasından, təbiətindən çox təsirləndiyini bildirir. “Yay məktəbi” çərçivəsində keçirilən tədbirlərin onlar üçün əhəmiyyətini yaxşı dərk etdiyini deyir. “Ağbulaq kəndinin tanışlıq zamanı kəndin təbiətini, havasını çox sevdim”. “Yay məktəbi”ndə keçirdiyim günlər,iştirak etdiyim tədbirlər mənim üçün çox xoş oldu. Mən burada keçirdiyim 3 günü heç vaxt unutmayacağam. Bizə bu imkanı yaradan dövlətimizə təşəkkür edirik.

Ümumiyyətlə uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası, sters və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunması baxımından tətil, istirahət böyük fürsət, yaxşı imkandır. Uşaqların hərtərəfli ahəngdar inkişafı onların daxili hisslərindən, əhval ruhiyyələrindən çox asılıdır. İnsan ruhən özünü xoşbəxt hiss edəndə onda həyat eşqi, yaşamaq həvəsi, nikbinlik daha da çoxalır. Elə 3 günlük “Yay məktəbi” də belə təəssuratlarla iyul ayının 23-də başa çatmışdır. Həmin günün ikinci yarısında uşaqlar Naxçıvan şəhərinə yola düşmüşlər

Joomla 1.5