“Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi uğurla icra olunub

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri” proqramı çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin icrası təmin olumuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki,  muxtar respublikada qadınların dayanaqlı inkişaf  etdirilməsi,  məşğulluqlarının təmin olunması, sahibkkarlıq fəaliyyətlərinin inkişaf   etdirilməsi  üçün   ardıcıl və məqsədyönlü tədbirlər   həyata  keçirilir. Belə ki, müvafiq sahənin inkişafı ilə  əlaqədar dövlət proqramları  qəbul  edilir, həmçinin qadinlarla, xüsusən də sosial qayğiya ehtuiyacı olan qadınlarla bağlı sosialyönümlü layihələr uğurla icra edilir. Artıq ötən illər olduğu kimi Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi ilə  bağlı cari ildə də muxtar respublikada yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə növbəti layihənin icrası təmin olunmuşdur. Komitə sədri qeyd etmişdir ki, layihənin icrası muxtar respublikada qadınların məşğulluqlarının artırılmasına xidmət etməklə yanaşı, ailə təsərrüfatlarının, həmçinin gələcəkdə muxtar respublikada mikro və makro biznes sahələrinin inkşafına kömək etmək məqsədi daşıyır. Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır”, biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlər keçirilmişdir. Təlimlərdə Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli rayonlarının hər birindən 2, Culfa, Sədərək rayonlarından 3, Naxçıvan şəhərindən isə 12 nəfər olmaqla, ümumilikdə 28 sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadının iştirakı təmin olunmuşdur.

Təlimlərdə qadınlara öz bizneslərini qurmaq, idarə etmək və inkşaf etdirmək, eyni zamanda gələcəkdə qadınlara öz maliyyə vəsaitlərindən düzgün, səmərəli istifadə etmək bacarıqlarının formalaşdırılması məqsədi ilə zəruri biliklər çatdırılmışdır. Keçirilən bu təlimlərin sonunda iştirakçılar tərəfindən biznes planlar hazırlanmış, ən uğurlu biznes planı hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilmişdir. Müvafiq layihə 2021-ci ilin aprel-avqust ayları ərzində həyata keçirilmişdir. Layihə çərçivəsində 20 nəfərə maksimum 500 ABŞ dolları sərmayə kapitalı verilməsi nəzərdə tutulmuşdur. Lakin qadınların maraqları, müraciətləri və ehtiyacları nəzərə alınaraq 26 qadına sərmayə kapitalı verilmişdir

Komitə  sədri  vurğulamışdır ki,  ümumilikdə layihə çərçivəsində verilən sərmayə kapitallarının dəyəri 17 min manat təşkil etmişdir. Sərmayə kapitalı almış qadınlar üçün ilk öncə VÖEN-lər açılmış və alacaqları vəsaitlər bank hesablarına köçürülmüşdür.

Layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən müqavilələr bağlanmış, müqavilələr Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilmişdir. Ramilə  Seyidova  məlumat vermişdir ki, Şərur rayonundan 2, Sədərək rayonundan 3, Şahbuz rayonundan 1, Kəngərli rayonundan 1, Culfa rayonundan 2, Ordubad rayonundan 2, Babək rayonundan 2, Naxçıvan şəhərindən 13 qadın olmaqla, maldarlıq, arıçılıq, üzümçülük, silahsazlıq, quşçuluq, dərzilik, xalçaçılıq, toxuculuq, dekorativ tətbiqi sənət, konservləşdirmə sahəsi olmaqla, ümumilikdə 26 qadına sərmayə kapitalı verilmişdir. Verilən sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ tətbiqi sənət, silahsazlıq, toxuculuq sahəsi ilə məşğul olmaları üçün verilmişdir

Belə ki, verilən sərmayə kapitalının dəyərində qadınlar tərəfindən heyvandarlıq sahəsi üçün 4  baş xırdabuynuzlu, 8 baş iribuynuzlu, arıçılıq üçün 8 yeşik arı ailəsi, üzümçülük üçün 35 kq dərman, tinglər (payızda alınacaq), əkinçilik üçün  260 kq arpa, 260 kq buğda toxumu, quşçuluq üçün 100 ədəd cücə, konservləşdirmə üçün şüşə tara, qapaq, ərzaq məhsulları, xalçaçılıq üçün 12 kq ip, 5 ədəd xalça çeşnisi, 5 kq əriş, 4 kq arğac, 2 dəzgah, 2 bıçaq, 2 qayçı, 2 hirgid, 1 hana, dərzilik sahəsinin inkişafı üçün 2 tikiş,                   1 overlok maşını, toxuculuq üçün müxtəlif rənglərdə və ölçülərdə ip, sap, dekorativ tətbiqi sənət sahəsi üçün müxtəlif rəngdə və ölçülərdə həsir parça, muncuq, qaş, lent, silahsazlıq üçün elektrik tənzimləyicisi, taxta və dəmir kəsən,  qaynaq, elekrtikli mişar aparatları, qrinder aparatı (metal parıldadan),  elekrtikli döymə maşını, mis üzərində döymə və oyma alətləri, müxtəlif olçüdə və uzunluqda məftillər və s. alınmış, emalatxana təmir  edilmişdir.

Komitə sədri çıxışının yekununda qadınların sahibkar kimi formalaşmasına və onların   məşğulluqlarının təmin olunmasına,   həmçinin bu layihənin yüksək səviyyədə, uğurla həyata keçirilməsinə  göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.

Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə haqqında ətraflı məlumat vermiş, muxtar respublikada qadınlara göstərilən yüksək diqqət və qayğıdan ətraflı bəhs etmiş, bu cür layihələrin muxtar respublikada nəzərdə tutulan vaxtda  və uğurla icra olunduğunu diqqətə çatdırmışdır. Sevinc Rüstəmova qadınlara sahibkarlıq fəaliyyətlərində uğurlar arzulamışdır.

Layihə iştirakçıları Tovuz Məhərrəmova, Səkinə Qarayeva və Reyhan Salmanova çıxış edərək onlara və ailələrinə göstərilən qayğıya görə dövlətimizə və təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.

Sonra tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə qadınlar arasında  bağlanmış müqavilələrin təqdim olunma mərasimi keçirilmişdir.

Həmçinin Komitənin foyesində qadınlara verilmiş sərmayə kapitalının dəyərində alınmış aktivlərin bəzilərın  nümayişi  təmin edilmişdir.

Joomla 1.5